“Milli Məclis bu məsələyə etirazını bildirməlidir” - Açıqlama

milli-meclis-bu-meseleye-etirazini-bildirmelidir-aciqlama
Oxunma sayı: 662

Bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, Fransa 20 ildən artıq bir müddətdə işğal altında olan Qarabağ torpaqlarımızın qaytarılması, münaqişənin nizama salınması və həlli məsələsində ATƏT-in Minsk qrupunun həmsədri olmaqla səlahiyyətli yəni mandat verilmiş bir dövlətdir. Deputat qeyd edib ki, bu qanun layihəsinin müzakirəyə çıxarılması dolayı yolla həm də Qarabağ münaqişəsinin nizamlanmasını əngəlləmək və dünya ictimaiyyətinin diqqətini Qarabağ problemindən yayındıraraq , erməni yalanına hüquqi don geyindirməkdir: “Əslində bu həm də Fransız parlamentinin belə bir yalanı qanuniləşdirməyə cəhd etmələri onların öz hüquq sistemlərinə və qanunvericilik hakimiyyətinə də hörmətsizlikləridir. Yəni Fransa Parlamenti yalanlarımı qanuniləşdirir? Məncə Fransa parlamentində müzakirəyə çıxarılacaq bu məsələnin Fransa rəsmiləri tərəfindən dəstəklənməsinin əsas səbəblərindən biri də, 20 il öncə baş verən Qarabağ problemini həll etmək, buna münasibət bildirmək əvəzinə, tarixin toz basmış səhifələrini mənasız yerə qabartmaqla məşğuldur. Bu gün Avropanın çox ciddi problemlərlə üzləşdiyi bir vaxtda, AB ölkələrinin bəzilərinin çox ağır iqtisadi böhranla üzləşdiyi bir zamanda Fransa parlamenti, Fransa hökumətində buna dəstək verən insanlar Avropanın bu məsələləri ilə məşğul olmaqdan özləri üçün daha yeni ciddi problem yaradırlar. Avropanın altıncı ekonomik gücü sayılan, NATO-nun ən etibarlı və dördüncü üzv ölkəsi olan Türkiyəni erməni yalanları ilə incitmək və dövlətlərarası münasibətlərə kölgə salmaq çox qınanılası və təəssüf doğuran məsələdir.

Bu məsələ ilə bağlı Türkiyə ictimaiyyəti və dövləti, xüsusən baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən kəskin mövqe ortaya qoyulsa da, hesab edirəm ki, Azərbaycan Parlamenti və Azərbaycan rəsmiləri də bu qanun layihəsinin müzakirəsi ilə bağlı öz kəskin mövqelərini bildirməlidirlər. Bununla bağlı həm rəsmi şəkildə, həm də vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən də Fransa Parlamentinə etiraz məktubları ünvanlanmalıdır. Çünki Türkiyə və Azərbaycanı təkcə “bir millət, iki dövlət” fəlsəfəsi deyil, həm də ən yüksək səviyyəli strateji əməkdaşlıq bir-birinə bağlayır.

Bu qanun layihəsi Fransa ilə Türkiyə arasında olan beynəlxalq səviyyəli hərtərəfli əməkdaşlığa ciddi zərbə vura bilər. Bu həm də ermənilərin açıq düşmənçilik mövqeyinə hüquqi status verməklə, həllini gözləyən Qarabağ probleminin bundan sonra da daha uzun illər boyu həll edilmədən qalacağına səbəb ola bilər”.