Milli Məclisə göndərilən “Diffamasiya haqqında” - qanun layihəsi

milli-meclise-gonderilen-diffamasiya-haqqinda-qanun-layihesi-
Oxunma sayı: 1892




“Diffamasiya haqqında” qanun layihəsi Milli Məclisin payız sesiyasında müzakirə oluna bilər. Bu barədə Modern.az saytına Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, Mətbuat Şurasının hazırladığı “Diffamasiya haqqında”qanun layihəsi artıq Milli Məclisə göndərilib: “Mətbuat Şurası ATƏT- lə birgə “Diffamasiya haqqında” qanun layihəsini müzakirə edib, hazırda qanun layihəsi Milli Məclisdədir. Mənə elə gəlir ki, Milli Məclisin payız sesiyasında müzakirə oluna bilər, amma dəqiq bilmirəm” .

Həmin qanun layihəsini diqqətinizə çatdırırıq.

Diffamasiyadan müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu (Layihə)

I fəsil

Ümumi müddəalar

Maddə 1. Qanunun məqsədi

Bu qanunun məqsədi Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Həyata Keçirilməsinin Tənzimlənməsi haqqında Konstitusiya Qanununun 3.5-ci və 3.6-cı maddəsində göstərilən legitim ictimai mənafelərin qorunması məqsədi ilə ifadə azadlığına müdaxilənin əsaslarını, prinsiplərini, qayda və şərtlərini müəyyən etmək, bu hüquq və azadlıqlar arasında ədalətli tarazlığı qorumaqdır.

Maddə 2. Diffamasiyadan müdafiə haqqında haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi

2.1. Diffamasiyadan müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ-hüquqi aktlarından ibarətdir.

2.2. Bu Qanunun normaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdəki normalara zidd olarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

2.3. Bu Qanunun heç bir müddəası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilərlərlə qorunan və ya ifadə azadlığı ilə bağlı hamılıqla qəbul edilmiş hüquq, azadlıq və təminatların məhdudlaşdırılması kimi şərh oluna bilməz.

Maddə 3. Əsas anlayışlar

3.1. Bu Qanunda istifadə edilən anlayışlar aşağıda göstərilən mənaları ifadə edir:

3.1.1. Diffamativ ifadə – konkret fərd və ya hüquqi şəxsin nüfuzunu cəmiyyətin adi üzvünün gözündə aşağı salan, habelə, cəmiyyətin qəbul etdiyi etik normaları qəsdən, nalayiq formada pozan və siyasi, mədəni, maarifləndirici, ədəbi, aydınlatıcı və s. dəyəri olmayan kütləvi yayılmış təhqiramiz ifadələr;

3.1.2.Yayılma – ifadənin bir və daha çox üçüncü şəxsə (ifadəni yayan və ifadənin aid olduğu şəxslər istisna olmaqla) hər hansı formada, şifahi və ya yazılı, elektron və ya hər hansı başqa vasitələrlə açıq formada yayılması;

3.1.3. Rəy – ifadə üslubu da nəzərə alınmaqla (ritorika, şişirtmə, satira və ya yumor) subyektiv xarakterinə görə yalan və ya doğru olması sübut edilə bilməyən qiymətləndirici mülahizə, şərh və ya şəxsə və ya obyektə şəxsi münasibəti əks etdirən ideyanın ifadəsi və fakta əsaslanması ağlabatan olaraq müəyyən oluna bilməyən hər hansı ifadə;

3.1.4. İctimai maraq daşıyan ifadə – dövlət hakimiyyətinin bütün qolları, yerli özünüidarə orqanları, siyasət, ictimai sağlamlıq və təhlükəsizlik, qanunların icrası və ədalət mühakiməsinin idarə olunması, istehlak maraqları və sosial maraqlar, ətraf mühit, iqtisadi məsələlər, hakimiyyət səlahiyyətlərini həyata keçirmək, incəsənət və mədəniyyət, eləcə də ictimai və siyasi şəxslər və dövlət rəsmiləri ilə bağlı məsələlər barədə ifadə; habelə dövlət və bələdiyyə vəsaitlərinə, əmlakına, idarəetməsinə dair məlumatlar da daxil olmaqla legitim ictimai maraq daşıyan məsələlərlə bağlı bütün ifadələr;

3.1.5. İctimai şəxs – dövlətin ali vəzifəli şəxsləri, dövlət hakimiyyətinin bütün qollarında, yerli özünüidarəetmə orqanlarında seçilmiş və ya vəzifəyə təyin edilmiş şəxslər; o cümlədən inzibati orqanlarda vəzifəyə seçılmiş və ya təyin olunmuş şəxslər və bu qurumlarda qulluqçu kimi və ya hər hansı başqa əsasda işləyən şəxslər; rəyi və qərarı toplumun yaşamına önəmli təsir edən digər şəxslər; müəyyən hərəkətlər etdiyinə görə müvafiq mövzularla bağlı yaxud cəmiyyətin diqqətini çəkən önəmli hadisələrlə bağlı ictimai diqqət altında olan şəxslər də daxil olmaqla legitim ictimai maraq dairəsində olan hər hansı şəxs;

3.1.6. Diffamasiyanın vurduğu mənəvi zərər – şəxsin haqsız olaraq toplumda nüfuzdan düşməsi, ona qarşı nifrət yaranması, onun gülüş və ya qınaq hədəfinə çevrilməsi nəticəsində fiziki və ya ruhi iztirablar keçirməsi.

Maddə 4. İfadə azadlığına məhdudiyyətləri tənzimləyən ümumi qaydalar

4.1. Aşağıdakı tələblərə uyğun olduqda ifadə azadlığına məhdudiyyətlər qanuni sayılır:

4.1.1. Məhdudiyyətin məqsədi və nəticəsi Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Həyata Keçirilməsinin Tənzimlənməsi haqqında Konstitusiya Qanununun 3.5-ci və 3.6-cı maddələrində sadalanmış legitim ictimai mənafelərdən birinin və ya bir neçəsinin, yəni milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai təhlükəsizlik, iğtişaşların və cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin nüfuzu və ya hüquqlarının qorunması, mәxfi qaydada əldə edilmiş ifadənin açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin qorunması olmalıdır;

4.1.2. Məhdudiyyət Qanunda kifayət qədər aydın, dəqiq və ətraflı nəzərdə tutulmalı, qadağanları öncədən aydın görməyə imkan verməli və şərhində mülahizə sərbəstliyi verən qeyri-müəyyən ifadə və normalardan ibarət olmamalıdır;

4.1.3. Məhdudiyyət demokratik cəmiyyətin varlığı üçün zəruri olan ən mühüm dəyərlərin qorunmasına yönəlməli və demokratik cəmiyyətdə son zərurət kimi tətbiq edilməlidir;

4.1.4. Məhdudiyyət yalnız o halda tətbiq edilir ki, legitim ictimai mənafeləri qorumaq üçün ifadə azadlığını daha az məhdudlaşdıracaq başqa ağlabatan və səmərəli vasitələr tükənmiş olsun. Bu halda məhdudiyyət ən az məhdudlaşdırıcı tədbir olmalıdır;

4.1.5. Məhdudiyyət məqsədi və nəticələri baxımından ayrı-seçici olmamalıdır;

4.1.6.Məhdudiyyət hədsiz geniş olmamalı, yalnız legitim ictimai mənafeləri qorumaq məqsədilə zərərli sayılan ifadədən kənara çıxmamalıdır;

4.1.7.Məhdudlaşdırma mütənasib olmalıdır, yəni legitim ictimai mənafeni qorumaqdan əldə olunan fayda məhdudlaşdırmanın (tətbiq ediləcək sanksiyalar nəzərə alınmaqla) ifadə azadlığına vuracağı zərərdən daha üstün olmalıdır.

II fəsil

Diffamasiyadan məhkəmə müdafiəsinin təminatları

Maddə 5. İddia qaldırmaq hüququ

5.1. Fiziki və hüquqi şəxslər onlar barəsində diffamativ ifadə yayıldığı halda nüfuzlarının qorunması və və ya bərpası məqsədi ilə məhkəmədə iddia qaldıra bilərlər.

5.2. İddia şəxsən və ya vəkil edilmiş şəxs vasitəsi ilə qaldırıla bilər. Şəxslər qrupu adından iddia qaldırıla bilməz.

5.3. Ölmüş şəxslərin birinci və ikinci dərəcədən qohumları ölmüş şəxslər barədə ifadələr onların hüquq və mənafelərinə zərər vurduqda iddia qaldıra bilərlər.

5.4. İddia, şəxsin ifadənin yayıldığını bildiyi və ya bilməli olduğu tarixdən altı (6) ay ərzində, ifadənin yayıldığı vaxtdan 1 ildən gec olmayaraq qaldırıla bilər.

5.5. Fasiləsiz yayılan ifadələr üçün (İnternetdə) yayılma günü ifadənin həmin yerdə və həmin formada yayıldığı (yükləndiyi) ilk gün sayılır.

5.6. Dövlət və yerli özünüidarəetmə orqanları, qanunvericilik əsasında dövlət hakimiyyəti, idarəetməsi funksiyalarını yerinə yetirən başqa orqanlar və şəxslərin diffamasiya iddiası qaldırmaq hüququ yoxdur. Mənfəət əldə etmək funksiyası olan belə qurumlar diffamativ ifadənin yayılması nəticəsində vurulmuş real zərərin ödənilməsi üçün iddia qaldıra bilərlər.

Maddə 6. Diffamasiya iddiası ilə bağlı cavabdehlər

6.1. Diffamativ ifadələrın yayılmasına görə aşağıdakı şəxslər bu Qanunun normalarına uyğun olaraq məsuliyyətə cəlb edilir:

6.1.1. ifadələr kütləvi informasiya vasitələrində yayıldıqda – materialın hazırlanmasında, təqdim edilməsində və yayılmasında müəllif kimi iştirak etmiş şəxslər (jurnalistlər), redaktorlar (məsul redaktor), kütləvi informasiya vasitəsi;

6.1.2. ifadə kütləvi çıxışlarda yayıldıqda – çıxış edən şəxs;

6.1.3. ifadə kütləvi yayılan əsərdə yayıldıqda – müəlliflər, redaktorlar, materialın yazılmasında və yayılmasında iştirak etmiş başqa şəxslər və naşir;

6.1.4. ifadələri dövlət orqanları, yerli özünüidarəetmə orqanları və qanunvericilik əsasında dövlət hakimiyyəti, idarəetməsi funksiyalarını yerinə yetirən başqa orqanlar və şəxslər yaydıqda – ifadələrin hazırlanmasında və yayılmasında iştirak etmiş həmin orqanlar və şəxslər;

6.1.5. ifadələr rəsmi sənədlərdə yayıldıqda – sənədi qəbul etmiş orqan, onu hazırlamış və ya imzalamış şəxslər;

6.1.6. Ifadələr internetdə yayıldıqda – ifadənin hazırlanmasında və yüklənməsində iştirak etmiş şəxslər (müəlliflər və redaktorlar); informasiyanın internetlə ötürülməsi və ya materialın saxlanmasının təmin edilməsində texniki olaraq iştirak edən şəxslər ifadələrı öz ifadələrı kimi yaydıqları və ya məhkəmənin qərarı ilə materialı çıxarmadıqları hallar istisna olmaqla, məsuliyyət daşımırlar.

6.1.7. Digər hallarda – ifadələri yaymış şəxslər.

Maddə 7. Mübahisələrin məhkəmədənkənar həlli

7.1. Diffamasiyadan müdafiə işlərində məhkəmə zəruri hesab etsə və ya tərəflərin xahişi ilə tərəfləri barışdırmaq üçün tədbirlər görür. Bu məqsədlə məhkəmə işə baxılmasını təxirə salır və tərəflərin mübahisənin dostcasına həlli barədə razılığa gəlməsi üçün müddət təyin edir. Bu müddət bir aydan çox olmamalıdır.

7.2. Dostcasına həll üçün məhkəmənin müəyyən etdiyi müddətdə və ya məhkəmə araşdırmasının bitməsinədək, hər hansı vaxt diffamasiya işinin tərəfləri mübahisənin məhkəmədənkənar həlli barədə razılığa gələ bilərlər.

7.3. Məhkəmə, dostcasına həll barədə tərəflərin təqdim etdiyi sazişi təsdiq etdikdə, saziş hüquqi baxımdan məcburi olur. Bu halda iddiaçı diffamasiya iddiasını məhkəmədə davam etdirə bilməz.

Maddə 8. Diffamasiyadan müdafiə işlərində prezumpsiyalar

8.1. İfadə azadlığının məhdudlaşdırılması məsələsi həll edilərkən aradan qaldırılmayan hər hansı şübhə, məhdudlaşdırmadan imtinanın xeyrinə yozulmalıdır.

8.2. İşdə tətbiq edilən qanunun norması başqa halı nəzərdə tutmursa, şəxsin ictimai şəxs, yoxsa özəl şəxs olması ilə bağlı hər hansı şübhə, şəxsin ictimai şəxs statusunun tanınması xeyrinə yozulur.

8.3. İfadənin legitim ictimai maraq daşıyan məsələ və ya açıq-aşkar hər şeyi bilmək istəyindən irəli gələn məsələ olmasını həll edərkən, tətbiq edilən qanunun konkret normasına istinad etməklə rədd edilməyən hər hansı şübhə, ifadənin legitim ictimai maraq daşıyan məsələ olmasının tanınması xeyrinə həll edilməlidir.

8.4. İfadənin rəy və ya fakt barədə məlumat olması ilə bağlı hər hansı şübhə olarsa, ifadə rəy kimi yozulur.

8.5. Cavabdeh informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Cavabdehin informasiya mənbəyini açıqlamaqdan imtina etməsi onun əleyhinə qərar çıxarılması üçün yeganə əsas ola bilməz.

III fəsil

Diffamasiyadan müdafiə işlərində sübutetmə məsələləri və məsuliyyətdən tam və şərti azadetmə halları

Maddə 9. Diffamasiyadan müdafiə işlərində sübutetmə

9.1. Diffamasiyadan müdafiə işlərində iddiaçı sübut etməlidir ki:

9.1.1. İfadə iddiaçı haqqındadır və bu Qanunun 3.1.1-ci maddəsinə uyğun olaraq diffamativdir;

9.1.2. ictimai maraq doğuran və fakt olaraq göstərilən ifadə yalandır;

9.1.3. açıqlanan rəy sağlam məntiqli insanın yaymayacağı, işin hallarına görə faktiki əsası olmayan və yayılmasına haqq qazandırıla bilməyən çox sərt ifadələrdir.

9.2. İddiaçı ictimai şəxs olarsa, bu Qanunun 9.1-ci maddəsində göstərilənlərlə yanaşı, cavabdehin yaydığı ifadələrin yalan olduğunu, onları bilərək yaydığını və ya bu ifadələrin doğruluğunu yoxlamaqda açıq-aşkar və əhəmiyyətli səhlənkarlığa yol verdiyini sübut etməlidir.

Maddə 10. Doğruluq və razılıq müdafiəsi

10.1. İfadənin həqiqi fakt olmasının sübut edilməsi diffamasiyaya görə məsuliyyət yaratmır.

10.2. İfadənin iddiaçının razılığı ilə yayılması diffamasiyaya görə məsuliyyət yaratmır.

Maddə 11. Məsuliyyətdən azad edən ifadələr

11.1. Aşağıdakı ifadələr diffamasiyaya görə məsuliyyətdən tam azad edir:

11.1.1. Qanunverici orqan, yerli özünüidarəetmə qurumları və onların komitələrində, siyasi debatlar çərçivəsində, yaxud millət vəkilinin və ya bələdiyyə üzvünün, və ya çıxış etməyə səlahiyyət verilən şəxslərin öz səlahiyyətləri çərçivəsində açıqladıqları ifadələr;

11.1.2. Məhkəmə baxışında və ya istintaqın hər hansı mərhələsində bu prosesə birbaşa cəlb edilmiş hər hansı şəxsin, o cümlədən, hakimlərin, andlı iclasçıların, vəkillərin, tərəflərin, onların nümayəndələrinin, şahidlərin ifadələri (ifadənin məhkəmə araşdırmasına heç bir aidiyyəti olmadığı hal istisna olmaqla);

11.1.3. Səlahiyyətli qurumların sorğularına cavab olaraq verilən rəsmi ifadələr (ifadənin həmin sorğu ilə heç bir əlaqəsi olmadığı hallar istisna olmaqla);

11.1.4. Qanunverici orqan və ya məhkəmələrin dərc etdiyi sənədlər də daxil olmaqla yuxarıdakılardan hər hansı biri ilə bağlı qanunverici orqanın və ya məhkəmələrin qərarı əsasında dərc olunmuş ifadələr;

11.1.5. Yuxarıdakılardan hər hansı biri və ya rəsmi statusları yayılmasına icazə verən materialları, o cümlədən istintaq/araşdırma, xarici məhkəmə, və ya qanunverici orqan və ya beynəlxalq təşkilatın hesabatlarını ədalətli və düzgün çatdıran ifadələr.

11.2. Hüquqi, mənəvi və ya ictimai vəzifənin və ya marağın yerinə yetirilməsi zamanı başqasına ziyan vurmaq məqsədilə, pis niyyətlə bilərəkdən və ya qəsdən yayılmış ifadələr diffamasiyaya görə məsuliyyət yaradır.

11.3. Aşağıda göstərilən məlumatların yayılması da diffamasiyaya görə məsuliyyət yaratmır:

11.3.1. Başqa kütləvi informasiya vasitələrində və internetdə yayılmış, təkzib olunmamış ifadələrin yenidən ədalətli və düzgün yayılması;

11.3.2. Dövlət və bələdiyyə orqanlarının, ictimai qurumların və onlarının seçilmiş və vəzifəli şəxslərinin açıqladığı, təkzib olunmamış ifadələrinin yenidən yayılması;

11.3.4. Texniki baxımdan və ya hüquqi əsaslara görə kütləvi informasiya vasitələrinin redaktə edə bilmədiyi və ya etməli olmadığı hallarda yayılmış ifadələr.

Maddə 12. Ağlabatanlıq müdafiəsi

12.1. Sonradan yalan olması ortaya çıxsa belə, ifadə ictimai maraq doğuran məsələlərlə bağlıdırsa, xoş məramla yayılıbsa və yayılmanı işin hallarına əsasən ağlabatan saymaq olarsa, diffamasiyaya görə məsuliyyət yaranmır.

12.2. Ifadənin yayılmasının ağlabatan olub-olmamasını qiymətləndirərkən məhkəmə işin bütün hallarını, o cümlədən aşağıdakıları da nəzərə almalıdır:

12.2.1. ifadənin doğruluğunu yoxlamaq üçün cavabdehin tədbirlər görməsi;

12.2.2. cavabdehin xoş məramla hərəkət edib-etməməsi;

12.2.3. ifadənin ictimai maraq doğuran məsələ ilə əlaqəsi baxımından önəmi və ifadəni vaxtında yaymağın əhəmiyyəti;

12.2.4. iddiaçının təhriki da daxil olmaqla, ifadənin yayıldığı şərait;

12.2.5. başqalarının ifadələrini təkrarladıqda, həmin məlumatların mötəbərliyi.

IV fəsil

Diffamasiyadan müdafiə vasitələri

Maddə 13. Müdafiə vasitələrinin növləri

13.1. Diffamasiyadan əsas müdafiə vasitələri ifadəyə düzəliş edilib yayılması, təkzib və cavab hüququ və zərərin əvəzinin ödənilməsidir. Cavabdeh iddiaçıdan üzr istəməyə məcbur edilə bilməz.

13.2. Məhkəmə cavabdehdən düzəlişi, təkzibi və (və ya) məhkəmə qərarını dərc etməyi tələb edə bilər.

13.3. Düzəliş iddiaçıya dəyən zərəri əvəzləməyə kifayət etməzsə, məhkəmə cavabdehdən iddiaçının verdiyi cavabı yaymasını (dərc etməsini) tələb edə bilər.

13.4.Cavab və ya təkzib bu Qanunun 13.2-ci və 13.3-cü maddələrinə əsasən tərəflərin barışıq sazişinə və ya qanunun və ya məhkəmənin müəyyən etdiyi prosedura uyğun qaydada verilməlidir.

Maddə 14. Zərərin əvəzinin ödənilməsi

14.1. Cavabdeh diffamativ ifadənin ona maddi zərər vurduğunu sübut edən iddiaçıya bu zərərin əvəzini ödəməlidir.

14.2. İddiaçı ona vurulmuş mənəvi ziyanın əvəzi kimi düzəliş və (və ya) cavabı yetərli hesab etməsə, cavabdehdən pul kompensasiyası ödəməsini tələb edə bilər. Mənəvi ziyana görə kompensasiyanın məbləği, başqa növ mülki hüquq pozuntularının vurduğu mənəvi zərərə görə təsbit edilmiş kompensasiya məbləğindən artıq ola bilməz. Hər bir halda, mənəvi zərərə görə kompensasiyanın məbləği minimum əmək haqqının 5 mislindən çox ola bilməz.

IV fəsil

Keçid müddəaları

Maddə 15. Diffamasiyaya görə cinayət məsuliyyətinin yolverilməzliyi

15.1. Bu Qanunun qüvvəyə minməsi ilə Azərbaycan Respublikasında diffamasiyaya görə cinayət məsuliyyəti ləğv edilir.

15.2. Bu Qanunun qüvvəyə minməsi ilə birlikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 323-cü maddələri qüvvədən düşür.

Maddə 16. Qanunun qüvvəyə minməsi

16.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.