Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında yeni doğulan körpələrə verilən müavinətlər haqda danışarkən deputat Fazil Mustafa deyib. Deputat bildirir ki, Milli Məclisdə büdcə müzakirələrinə az vaxt ayrıldığına görə belə məsələləri qaldırmağa imkan olmur: «Əslində biz buna da etirazımızı bildirmişik ki, siyasi partiya təmsilçilərinə də imkan vermək lazımdır ki, 10 dəqiqə öz partiya statusundan istifadə edib fikirlərini bildirsinlər. Bu həm də o deməkdir ki, büdcənin formalaşmasında Milli Məclisin rolu cüzidir».
Deputat bildirir ki, Avropa ölkələri bir yana, hətta Rusiyada valideyn hamiləlik dövründən başlayaraq müavinət ayrılır. Həmin müavinətlər kredit formasında verilir və ana hamiləlik dövründən başlayaraq müalicəsini, müayinəsini tam həyata keçirə bilir. Fazil Mustafa deyir ki, bu isə o deməkdir ki, uşağın doğulana qədər olan problemlərinin bir çoxu -sağlamlıq, qida problemləri həll olunur: «Bizdə isə uşaq anadan olandan sonra 82,5 manat birdəfəlik verilir və burda da bir çox əskikliklər var. Bəziləri heç bunu ala da bilmirlər».
Deputat deyir ki, bizdə də uşaqların sağlam dünyaya gəlməsi üçün onlara kifayət qədər vəsait ayrılmalıdır: «Əsas odur ki, Azərbaycan insanı neft-qaz ölkəsində, gəlirlərimizin bu qədər artdığı bir vaxtda biz birinci körpə uşaqlardan başlamalıyıq. Onların doğuşdan qidalanması yetərli olmalıdır. Müalicə, müayinə onsuz da bahalıdır. Həkimlərin maaşları da az olduğundan məcburdurlar ki, onlara müraciət edən valideynlərdən qeyri-rəsmi vəsait alırlar. Bir çox problemlər hamısı bir yerdə toplaşaraq sağlam uşaqların böyüməsinə öz təsirini göstərir».
Fazil Mustafa qeyd edir ki, hökumət infrastruktura bu qədər pul ayırmaqdansa ilk növbədə insanlarını düşünməlidir: «Hərbi xidmətə çağırılan gənclərin əksər hissəsində məhz uşaqlıqdan yaranan və yetərincə müalicə olunmamaqdan irəli gələn ciddi fiziki fəsadlar var. Bu fəsadların olmaması üçün millətin gələcəyini sağlam böyütmək üçün bu addımların atılması vacibdir. Dövlət yollara, körpülərə mənasız o qədər pul xərcləyir ki, amma əsas amil insandır. Ana bətnindən insana dəyər verilməlidir. Əgər bu verilmirsə gələcəyimizin sağlamlığı ciddi təhlükə altındadır».
Fazil Mustafa bildirib ki, uşaqlara vəsait ayırmaq üçün kifayət qədər resurslar var. Onun fikrincə 1000 manat çox böyük rəqəm deyil. Deputatın qənaətincə hökumət bunu gələcəyə kapital olaraq düşünüb etməlidir. Fazil Mustafa deyib ki, Azərbaycanda demoqrafik problemlə yanaşı həm də uşaq ölümünün faizi yüksəkdir: «Hökumət vətəndaşı düşünürsə bətndə olan körpədən başlamalıdır».