Milli mətbuat gününün günü

milli-metbuat-gununun-gunu
Oxunma sayı: 938

Məktubun ortasında «Əkinçi» qəzetinin əsasını qoyan böyük maarifçi Həsən bəy Zərdabi xatırlanır. … sonra kollektivimizin də təbriki və azad sözün inkişafında iti qələm, kəsərli söz arzusu. Virtual təbrik açıqcasının yanında da kənarları burulmuş vərəq üstündə lələkli qələm şəkli. Bir az sanballı nazirliklərin göndərdiyi açıqcalarda lələkli qələmin yanında mürəkkəbqabı şəkli də olur. İş otağında hərənin poçtasına gələn təbriklərin ünvanı fərqlidir: iqtisadiyyat müxbirinə iqtisadi qurumlardan, siyasət müxbirinə siyasi qurumlardan, ekologiyadan yazanlara, kommunal sahəni çəkənlərə də elə o yönümlü qurumlardan təbrik açıqcaları gəlir. Otağın o başından, bu başından səslər ucalır: «Millət, filan nazirlik bayramınızı təbrik edir». Hamı bir ağızdan qışqırır: “Sağ olsun!”. Bir azdan qapıdan mühafizə zəng vurur: «filan xanım, qapıya gəlin, sizə hədiyyə gətiriblər”. Sən də sevinə-sevinə gedirsən qapıya. Dövlət qurumundan gələn şəxs, əlindəki ya hansısa parfümeriya dükanının loqosu olan kağız paketi, ya da sellofan kulokdakı bükülünü sənə verir, virtual açıqcada yazılan sözlərdən deyir, sən də təşəkkürünü bildirirsən. Əlin elə kulokun üstündən hədiyyəyə dəyən kimi bilirsən ki, ətirdi, ya qələm. İş otağına girəndə hədiyyə almayan həmkarlarının, texniki işçilərin baxışların altında o qədər əzilirsən ki, elə bil Avropanı məhv eləyən maliyyə böhranının səbəbkarı sənsən, Arif Vəliyevin illik statistikasındakı bütün mənfi göstəricilər, icra olunmayan proqnozlar sənin adınla bağlıdır. İş günü başa çatanda da bu hədiyyə bağlamalarını metro polisinə yoxladıb, həyətdə də qonşuların da bəxtəvərlik oxuyan baxışları altında bir «kruq» əzildikdən sonra, özünü evə salırsan. Əynimi dəyişənə kimi, kulokların stolun üstünə boşaldıldığını görürəm, uşaqlar qələmlərin qutularını açıb, ətirlərin kağız bükülülərini söküblər. 2-ci sinifdə oxuyan qızım «ana, bu qələmi mənə verərsən?»-deyir. Hirsimdən «Ay görməmişin balası, bu qələmin qiyməti 70 manatdı, 20 qəpik deyil-metronun altından almamışam»-deyib çığırmaq istəyirəm. Birtəhər səsimi qısıb «Anaqurban, yuxarı sinifdə oxuyanda, verərəm»- deyib, qələmi əlindən alıram.

Beynim çatlayır….İlahi, mən bu qələmləri neyləyim? Ətirləri gələn ilin mətbuat gününədək ad günü olan tanış-bilişə uyğun bölüşdürdüm. Bəs qələmlər?...

Qapı döyülür…..saata baxıram- 9-du. Axşam qonağı ancaq qonşudakı Məsmə arvad ola bilər… Odur. İçəri girən kimi təəccüblə stolun üstündəkilərə baxır:

- Bu nədi a bala, alverə başlamısan?
- Yox e, ay arvad, nə alver. Bu gün jurnalistlərin bayramıdı. İl uzunu çəkirəm ha nazirləri, deputatları … bax onlar göndərib. Hamısı bahalıdı… hərəsinin azı 50-70 manat qiyməti var.

- Neynirsən bu kirayə evdə qızıllı qələmləri. Nazir bilmir ki, sən kirayədə qalırsan? Ev versin, pul versin…bu nədi qələm-qüləm.
- Yaxşı, gələn dəfə müsahibə götürəndə, deyəcəm səni özlərinə piar menecer götürsünlər.
- O nədi ki?
- Yəni bu qələmləri mağazadan jurnalistlərə alan adam…

Məsmə arvad fikirli olduğumu görüb, söhbəti davam etdirməyib, çıxıb getdi.

Qələm qutularının üstünü oxuyuram-hamısı «parker”-di. Beynimi qurdalayıram: «Bahalı dükanlara yarı qiymətinə də verə bilmərəm. Verginin qorxusundan kimsə götürməz. Metronun altında da buna ancaq 1-2 manat verərlər. Yaxşı, birini Mətişin ad günündə verdim. Onun belə şeylərdən başı çıxır. Birini də qızın müəlliməsinə…yox….yox». Ötən ilki hadisə yadıma düşür. Müəllim bayramında müəlliməsinə qələm hədiyyə edəcəyimi eşidəndə, 2-ci sinifdə oxuyan qızım yerindən dik atılmışdı. «Ana, qələm nədi, müəllimə qələmi neyniyir? Heç olmasa, ətir ver». Hirsimi uşağın üstünə tökmüşdüm. «Ay qız, sənin müəlliminin nəslində belə bahalı qələmi olan yoxdu…. bilirsən?». Hirsim soyuyandan sonra fikirləşdim ki, uşaq düz deyir, bu iki qələmin qiyməti qədər maaş alan müəllim, bu qələmləri neyləyəcək axı…

- Anaaa, Fidan qələmin birini qırdı!!!!!!!

Qızımın çığırtısına fkirdən ayılanda, artıq iş-işdən keçmişdi. 3 yaşlı qızım qələmin məxmər qutusunu ikiyə bölmüşdü və ürkək gözlərlə mənə baxırdı. Gülümsəyərək ona baxdım: «Eybi yoxdu, apar oyuncaq torbana qoy!» Özüm də dərindən nəfəs aldım. Qələmin birinin məsələsi həll olunmuşdu.

Uşaqları yatızdırandan sonra bayaqdan televizorun səsi alındığının fərqinə varıram. Səsini qaldırıram. Azərbaycan filmi gedir. Aktyorun səsini eşidirəm: «Sən gecələr yat, a Qurban»….