Milli Təhlükəsizlik Nazirliyi faktları açıqladı

milli-tehlukesizlik-nazirliyi-faktlari-aciqladi-
Oxunma sayı: 795



Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci ilin 6 ayı ərzində 565 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 20 cinayət işi başlayıb, 75 nəfər məsuliyyətə cəlb olunub. Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, təkcə son bir ay ərzində “İran - Azərbaycan -Rusiya”, “İran - Azərbaycan – Rusiya - Ukrayna” və “İran - Azərbaycan - Türkiyə - Ukrayna” marşrutları üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 20 nəfər ifşa olunub, onlardan ümumilikdə 183 kiloqramdan artıq narkotik vasitə götürülüb. Transmilli narkotrafikə qarşı mübarizə istiqamətində keçirilmiş bu əməliyyatların uğurla nəticələnməsində Milli Təhlükəsizlik Nazirliyi ilə xarici ölkələrin müvafiq strukturları arasındakı səmərəli işbirliyi xüsusi qeyd olunmalıdır.

Belə ki, Milli Təhlükəsizlik Nazirliyi, Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti, Türkiyə və Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində uzun müddət “İran-Türkiyə-Ukrayna” marşrutu üzrə külli miqdarda narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir. Əməliyyat tədbirləri zamanı Ukraynanın Odessa şəhərində həmin dəstənin bir qrup üzvü yaxalanmış, onlardan 11 kiloqram 500 qram həşiş aşkarlanaraq götürülmüşdür.

Milli Təhlükəsizlik Nazirliyi, Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən birgə həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə “İran-Azərbaycan-Rusiya-Ukrayna” marşrutu üzrə narkotik vasitələrin daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları Bağırov Fizuli Qəzənfər oğlu, Bağırov Firdovsi Qəzənfər oğlu, Məmmədov Cabir Xeyrulla oğlu, Quliyev Vüqar Müzəffəroviç, habelə Ukrayna vətəndaşları Paşazadə Rövşən Həsənağa oğlu və Kuptsova D.İ. Kiyev şəhərində tutulmuş, onlardan 10 kiloqram 821 qram tiryək aşkarlanaraq götürülmüşdür.

Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən həyata keçirilmiş başqa bir əməliyyat-axtarış tədbir nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Novruz Xudaverdi oğlu və Rusiya Federasiyasının vətəndaşı Abutalimov Rasul Maqomedzaripoviç saxlanılmış, sonuncunun idarə etdiyi yük avtomobilindən 121 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülmüşdür.

Bu zaman məlum olmuşdur ki, Novruz Eyvazov, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar gizli keçirərək İrandan Azərbaycana gətirmişlər. Belə ki, Novruz Eyvazov İran İslam Respublikasına getmiş və orada hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə birlikdə külli miqdarda narkotik vasitə əldə etmişlər. Sonra həmin narkotiklər xüsusi üsulla kartofa oxşar formaya salınmış və kartofla dolu kisələrin içərisinə qablaşdırıldıqdan sonra “MAN” markalı yük avtomobilində Rusiya Federasiyasına göndərilmişdir. İçərisində narkotiklər olan kartof kisələri yüklənilmiş Rusiya dövlət nömrə nişanlı həmin avtomobil Azərbaycan ərazisinə keçmiş və Rusiya Federasiyası istiqamətində hərəkət edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hal şahidlərinin iştirakı ilə avtomobilə keçirilmiş baxış zamanı kartof kisələrinin içərisindən 121 kiloqramdan artıq həşiş aşkar edilərək götürülmüşdür.

Milli Təhlükəsizlik Nazirliyinin daha bir əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Həmzəyev Mahir Babakişi oğlu yaxalanmışdır. Məlum olmuşdur ki, Mahir Həmzəyev, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətirmişlər. Mahir Həmzəyev dövlət sərhədinin Astara rayonu istiqamətində keçən hissəsində İran vətəndaşları ilə görüşüb onlardan icərisində narkotik vasitələr olan kisəni qəbul etmiş və Bürcübənd kəndi ərazisində gizlətmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində Mahir Həmzəyev saxlanılmış, keçirilmiş baxış zamanı onun gizlətdiyi 27 kiloqram 295 qram həşiş aşkarlanaraq götürülmüşdür.

Milli Təhlükəsizlik Nazirliyinin növbəti əməliyyat tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları - Ağayev Cəlal Əzizağa oğlu, Əhmədov Anar İbrahim oğlu və Əhmədov Azər İbrahim oğlu Salyan rayonunun ərazisində saxlanılarkən, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabeçilik göstərməyərək hadisə yerindən qaçmağa cəhd etmişlər. Lakin əməliyyatçıların çevik hərəkətləri nəticəsində Cəlal Ağayev, Anar Əhmədov və Azər Əhmədov saxlanılmış, sonuncunun idarə etdiyi «Mersedes» markalı avtomaşına keçirilmiş baxış zamanı oradan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülmüşdür.

Həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları Ağayev Səxavət Həmzə oğlu, Qafarov Eldəniz Rəhməd oğlu, İmanəliyev Sərdar Cəbrayıl oğlu Masallı rayonunun ərazisində saxlanılmış, onlardan 1 kiloqramdan artıq həşiş və təxminən 2 kiloqram heroin aşkarlanaraq götürülmüşdür.

Digər əməliyyat tədbiri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları Həsənov Nadir Allahverdi oğlu və Həsənov Əlövsət Əbülfət oğlu saxlanılmış, onlardan 8 kiloqram 244 qram həşiş, 148 qram heroin aşkarlanaraq götürülmüşdür.

Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.