Milli tualetlərimiz

milli-tualetlerimiz
Oxunma sayı: 655

Həmin ərazidə romalılar hələ neçə min il yaşı olan çox maraqlı yan-yana düzülmüş tualetlər tikiblər. Bu tualetləri bir birindən divarlar ayırmır, yəni açıq tualetlərdir. Adama bir az da gülməli gəlir. Təbbi ki, indi ora bir muzeydir. Ziyarətinə gələnləri öz qədimliyi və yenə yaşı minillərə dayanan yeraltı kanalizasiya sistemi ilə valeh edir. Sizi inandırım, o şeyləri görəndə hələ heç bir texnikanın olmadığı dövrdə bu şeyləri insanların yalnız əl əməyi ilə necə düzəltdiyini düşünəndə insana möcüzə kimi gəlir. Bu tualetlər həm də toplanma yeri kimi məşhur imiş. Yəni, hələ bineyi-qədimdən adamlar Bizansda tualetlərdən təkcə tualet kimi deyil, həm də müəyyən məsələləri müzakirə etmək üçün yararlanırmışlar. Bu, o deməkdir ki, tualet özü də bir mədəniyyətdir. Düzdür, sonralar Avropa nə baş verib bu sonranın mövzusudur, ümumilikdə isə fakt öz faktlığında qalır. Avropada tualet mədəniyyəti beləcə formalaşıb.

İndisə gələk, bizim milli tualetlərə. Bizdə hələ tualet mədəniyyəti formalaşmayıb. İndi deyim sizə necə. Bu tualet məsələsi ki var bu, həmişə başımıza bəladır. Vallah, bəlkə də, sizə lazımsız gələcək bu mövzu, amma axırıncı dəfə Qəbələyə səfərimdən sonra qayıdanda özümə söz verdim ki, bu barədə mütləq yazım. Kənd yerlərində bir çala qazıb böyrünü-başını torpaqla doldururlar, bu da sizə tualet. Bunu başa düşdük. Qəbələdə bir neçə istirahət mərkəzinə, canım sizə desin, restorana getdik, hara girdiksə, ehtiyaclarımızı ödəmək üçün tualet tapa bilmədik. Demirəm yoxdur, var təbii ki... Amma inanın danışılası deyil! Baxırsan, gözəl istirahət mərkəzi tikiblər, içinə girirsən, tualet axtarırsan, birdən qorxub qaçırsan.

Bakı-Gəncə magistral yolunda yolların kənarında oturub yemək yeyəcək, gigiyenik cəhətdən normal bir dənə də olsun restoran, istirahət yeri yoxdur. Xarici ölkələrdən qonağımız gələndə onu da yanımıza salıb bir yerə getməyə utanırıq. Hara gedirsən, tualetlərin nəfəskəsici üfunət qoxusundan içəriyə girmək olmur. Hələ təmizlik bir kənara, bəzi yerlərdə tualetlərin qurşaqdan yuxarısı yoxdur. Yəni, bir neçə adam yan-yana düzülmüş tualetlərdə utana-utana öz ehtiyaclarını ödəyirlər, lap qədim Bizans imperiyasındakı tualetlər kimi. Düzdür, romalıların kişiləri uzun paltarlar geyinirdilər, belə baxanda onlar üçün çox fərqi yox idi.

Neçə dəfə olub ki, xaricilərin bu məsələdə bizə güldüklərinin şahidi olmuşam. Bir dəfə də təsadüfən Türkiyədə olanda arxamda təyyarədə oturan türkiyəlilərin Gürcüstanla bizi müqayisə etdiklərini eşitdim. Gürcüntanda vəziyyət bizimkindən normalmış, bizdə isə dəhşətə gəliblər ki, biz necə natəmiz insanlarıq deyə. Doğrudan da, düşünəndə heyrətə gəlirsən ki, bu qədər restoranlar tikirlər, guya hər yerdə abadlıq işi gedir. Amma hər şeyimizin üstü bəzək, altı təzəkdir. İndi deyəcəksiz, sözün birini qoyub o birinə keçirəm. Şəhərin hər yerində binaların təmiri gedir. Təmir deyəndə ki, binanın fasadını təmir edirlər, amma içinə heç kim baxmır. Köhnə binaların içinə nəm qoxusundan, üfunətdən, milçək vızıltısından girmək olmur. Danışanda də deyirlər ki, bu işə “JEK”lər baxır. Bilmirəm kimə şikayət edəsən, necə deyəsən?

Dilim gəlmir deyim ki, günah, əslində, insanlarımızdadır, vallah bizdən də natəmiz xalqlar var. Amma onların bizdən ən böyük fərqi odur ki, onlarda belə şeylərə nəzarət var. Xaricdə də unitazın yanında “lütfən, işinizi bitirdikdən sonra suyu buraxmağı unutmayın” yazırlar. Amma bizim kimi iş bitər-bitməz asta qaçan namərddir deyib qaçımırlar.

Bu mövzuda yazmağa nə qədər utansam da, amma vicdanım sızladı bizim natəmizliyimizə. Axı tualet özü də bir mədəniyyətdir. Bəlkə də, insanların daha çox ünsiyyətə girdiyi ən intim yerdir.