Milyonçu bəstəkarlar

milyoncu-bestekarlar
Oxunma sayı: 748


Məgər dünyanın qiymətli incisi olan gözəllik sahildə düşüb qalan bir daşdır ki, hər yoldan ötən götürsün? Gözəllik - hər vaxt ələ düşməyən, görünməmiş bir ecazkarlıqdır, sənətkar onu dünyəvi xaos içindən, ruhi əzabları bahasına yaradır. Onu dərk etmək qabiliyyəti hər kəsə verilmir. Gözəlliyi başa düşmək üçün, onu yaradan sənətkarın yaşantılarını yaşamalısan. Gözəllik - sənətkarın bizə bəxş etdiyi melodiyadır; qəlbimizin tellərində onun yenidən səslənməsi üçün bilik, həssaslıq, fəhm gərəkdir.
SOMERSET MOEM


Tarixçinin, siyasətçinin, oyunçunun baş açmadığı siyasi oyunlarla dolu olan müasir dünyamızda musiqi bu gün başqa vaxtlardan gərəklidir. Mənə elə gəlir ki, musiqi duyğusu xalqların qəlbində tam yetişməyib. Bəlkə də elə bir çox bəlalarımızın kökünü bunda axtarmalıyıq.

Dəqiq musiqi ritmilə fırlanan atomu, hidrogeni ilə yazıq - kiçik, üzərində uzun illər yaşamış bəşər övladlarının yaratdığı mənəvi sərvətləri ilə əzəmətli, ucsuz-bucaqsız olan yer kürəmizin siyasi ab-havasında bu gün musiqi çatışmır. Dalğın zəka, dərin düşüncə vəsfi olan “şur”, naz-qəmzəli “bayatı şiraz”, Üzeyir, Fikrət, Qara, ha belə Motzart , Bax, Bethovenin ümumbəşəri simfoniyaları ilə birgə bu dünyada böyük dövlətlər arasında nüvə inamsızlığına, məhəlli müharibələrin mövcudluğuna mən hələdə təəccüb edirəm.
Yeri gəlmişkən bir fikrimi təkrar edirəm. Səhrada özünə başlanğıc tapan dənizə, okeana qovuşmağa can atsa da, elə səhradaca buxarlanıb quruyan çaylara “kor çaylar” deyərdim. Özünə auditoriya, dinləyici kütləsi necə deyərlər hədəf tapa bilməyən musiqiçiləri, musiqiləri səhrada buxarlanan o, “kor çay”larla müqayisə edərdim. Dünyanın məşhur dirijorlarını, musiqiçilərini İsrailin Ronoana və Londonun Kral orkestrini ildə bir dəfə yığıb, onların sənətini bir nəfərində anlamadığı ucqar Azərbaycan kəndində, təbiət qoynunda təşkil edib nazir və dövlət adamlarını həmin konsertə toplayıb, onların həmin konsertdə mürgü döyməsi yada musiqiyə key reaksiyası ilə bizi dünyada biabır etməkdənsə bu konsertləri başa düşən, sevən musiqi ictimaiyyəti olan Bakı şəhərində keçirmək olmazdımı?

Bəzən ana təbiət böyük qəlb sahiblərinə əzab verməkdən ləzzət alır. Uzun illər Azərbaycan musiqi panoramına nəzər saldıqda, yüzə yaxın, bəlkə də çox musiqiçimizin imkansızlıq ucbatından dünyanın dörd bir yanına səpələndiyinin şahidi oluruq. Azərbaycan dövlətinin doğma musiqimizə münasibətinin nəticəsidir ki, dirijorlarımız olan Ramiz Məlikaslanov, Sərvər Qəniyev, ABŞ-da yiyəsiz şəraitdə vəfat etmiş Soma Aslanova, tanınmış pianoçu Çingiz Sadıqov, fortopiano ilə simfonik orkestr üçün ərəb melodiyaları mövzusunda konsertin müəlliflərindən biri Elmira Nəzirova və 100-ə yaxın mahnı, opera, balet müəllifi Cavanşir Quliyev siyasi baxışlarına görə vətəndən didərgin düşmüşdür.

Bəli qoca təbiət yuxarıda sadaladıqlarımla bərabər milyonlarca vətəndaşımızı bu günkü Azərbaycandakı radio və televiziyaların sönük, dadsız verilişlərini dinləməyə, baxmağa məhkum etməklə, düçar olduğumuz bu əzabdan ləzzət alır. Müasir imkanlı, milyonçu mahnı yazanlara xatırlamaq istədim. Üzeyir Hacıbəyova ünvanlanan “BƏSTƏKAR” sözünü onların adları qarşısında yazmaqdan utandım. Görünür oğurluq sərvətinin də düşər-düşməzi olurmuş. Kimini dünyaca siyasətçi, kimini məşhur biznesmen, kimini hiyləgərliyin min bir yolunu bilən nazir, kimi isə həbsxanada cəza çəkməyə məhkum etmişdir.

Budur oturub qarşımdakı milyonlarımı fəxrlə seyr edirəm. List 2-ci Macar rapsodiyası, Paqanini-List Kampanella, Çaykovski İtalyan kapriççiosu, ilin fəsilləri Oktyabr, F. Əmirov, Q. Qarayev, Ü. Hacıbəyov. Bu da mənim milyonlarım, onlarla həmsöhbət olmağı İranın şah taxtı-tacında oturmaqdan üstün tutardım.

Sadaladığım incilərin gur işığında həlli görünməyən dünya münaqişəsi problemi yoxdur. Bəşəri sərvət olan bu incilər, mənə dünya və onun hadisələrinə nikbin baxış və bəşəriyyətin sabahına, xalqımızın gələcəyinə sonsuz inam birdə dünya vətəndaşlığı verib. Nə qədər ki, xalqımızın Qarabağ dərdi var, qarət olunmuş kəndlər, şəhərlər var, qaçqınlar ordusu var, bizim faciəmiz kimi Fələstin, Ərəb ölkələri faciəsi var, belə vətəndaş üçün şəxsi səadət və xoşbəxtlik yoxdur.

Bu mövqedə dayanmaq xoşbəxtliyi vardır.

Mən çox vaxt sadəlövhlüklə düşünürəm: görən bizim dövlət və hökumət başçıları, ya da acgöz nazirlər incəsənət həyəcanı, incəsənət sarsıntısı, incəsənət xoşbəxtliyi hisləri keçirmişlərmi? Keçirmiş olsaydılar küçələrdə məişət qayğıları ilə yüklənmiş mısmırıqlı, bikef gəzən oğul və qızlarımızı, uşaq və yaşlılarımızı, deyib-gülən, gülərüz görərdik...