“Minsk qrupu bir daha bizə gəlməsin” – Bəyanat

minsk-qrupu-bir-daha-bize-gelmesin-beyanat
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) ATƏT-in Minsk Qrupunun 20 illiyi ilə bağlı yaydığı bəyanatdandır. Bəyanatda bildirilir ki, Minsk qrupunun özü heç bir konkret fəaliyyətlə məşğul olmamış və həmsədrlər Minsk qrupunun özünü yox dərəcəsinə endirmişlər. Minsk qrupu yarandığı gündən (24 mart 1992-ci il) onun üzərinə qoyulmuş missiyanın öhdəsindən gələ bilməmiş və iflasa uğramışdır. Bu missiya münaqişənin həlli üçün ədalətli prinsiplərin işlənib hazırlanması və sülh konfransının keçirilməsindən ibarət idi. 1997-ci ildə üç həmsədrlik institutu yaradılmış və bundan sonra Minsk qrupunun fəaliyyəti heçə endirilmişdir.

“Minsk qrupunun həmsədr ölkələri isə bütün bu dövr ərzində münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması, status-kvonun, yəni işğal faktının qorunub saxlanılması, işğalçı Ermənistan rejiminin əsassız iddialarının yerinə yetirilməsi ilə məşğul olmuşlar. Həmsədrlər işğalçı Ermənistana qarşı təzyiqlərin göstərilməsi, sanksiyaların tətbiq olunması, işğalçının öz adı ilə adlandırılması istiqamətində heç bir təşəbbüs etməmiş, əksinə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında balanslaşdırılmış mövqe tutmuş, bərabərlik işarəsi qoymuş və hər iki tərəfin guya eyni dərəcədə məsuliyyət daşıdığını bildirmişlər. Bu yol Qarabağ münaqişəsinin həllinə aparan yol deyil, bu, işğal edilmiş Dağlıq Qarabağın və 7 ətraf rayonun rəsmi qaydada Ermənistana təhvil verilməsi yoludur. Minsk qrupu həmsədrlərinin apardıqları proses Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyri-mümkün edir. Bu təhlükəli proses dayandırılmalıdır. Üç həmsədr ölkədən Fransa uydurma “erməni soyqırımı”na münasibətdə açıq ermənipərəst mövqe nümayiş etdirir. Rusiya Ermənistanda hərbi bazasını saxlayır və erməniləri müdafiə etdiyini gizlətmir. ABŞ erməni lobbisinin təsirindən çıxaraq Azərbaycana səfir göndərə bilmir, təyin etdiyi səfiri də geri çağırır. Ona görə də bu ölkələrin Qarabağ məsələsində obyektiv mövqe tutacağına, tərəfsiz vasitəçilik missiyasını yerinə yetirəcəklərinə heç bir halda inana bilmərik. Bütün bunları nəzərə alaraq hesab edirik:
Minsk qrupu və bu qurumun həmsədrlərinin fəaliyyəti dərhal dayandırılmalıdır.
Minsk qrupu həmsədrlərinin bu günlərdə Bakıya gözlənilən səfərlərinin qarşısı alınmalıdır.

Beynəlxalq təşkilatlar, birinci növbədə Birləşmiş Millətlər Təşkilatı, əgər münaqişənin sülh yolu ilə həllini istəyirlərsə, Ermənistanı işğalçı dövlət kimi tanımalı, ona qarşı sanksiyalar tətbiq etməli və Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycanın zəbt olunmuş bütün ərazilərindən çıxarılması üçün təsirli addımlar atmalıdır.

Azərbaycan işğalçı Ermənistana qarşı hərbi əməliyyatların başlanması üçün real addımlar atmalıdır.

Biz öz növbəmizdə Minsk qrupunun, bu qurumun həmsədrlərinin fəaliyyətinin dayandırılması, həmsədrlərin bir daha Azərbaycana səfər etməmələri üçün bütün vasitələrdən istifadə edəcəyik. Minsk qrupu həmsədrlərinə isə bir daha Azərbaycana gəlməməyi məsləhət görürük”.