“Minsk qrupunun fəaliyyəti nəticəsiz qalıb”

minsk-qrupunun-fealiyyeti-neticesiz-qalib
Oxunma sayı: 662

“Qafqazinfo” xəbər verir ki, Baş nazir BMT çərçivəsində fəaliyyət göstərən səfirlərin Azərbaycanda olmasının böyük əhəmiyyətini qeyd edib. A. Rasizadə bu səfərin diplomatlara Azərbaycan haqqında dolğun məlumat əldə etməyə imkan verəcəyinə, səfirlərin BMT-nin iclaslarında Azərbaycan ilə bağlı ədalətli mövqedən çıxış edəcəklərinə əmin olduğunu bildirib.
Baş nazir Azərbaycanın öz xarici siyasətini ölkələrin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq normal, ikitərəfli əlaqələrin üzərində qurduğunu söyləyib.

Ölkəmizin bu il müstəqilliyinin 20 illiyini qeyd etdiyini deyən A. Rasizadə son 7-8 ildə Azərbaycanın yüksək iqtisadi inkişafa nail olduğunu vurğulayıb. O deyib ki, son illərdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə, dövlət büdcəsi isə 10 dəfə artıb, regional əhəmiyyətli böyük infrastruktur layihələri həyata keçirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir münaqişənin tarixi barədə ətraflı məlumat verib.

Baş nazir deyib ki, müstəqilliyinin ilk illərində ölkəmizin düşdüyü çətin vəziyyətdən istifadə edən Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz ölkəsində məcburi köçkünə çevrilib. Ermənistanın işğalçı siyasəti bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən pislənilmiş, lakin bu təşkilatın Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə indiyədək icra olunmayıb. A. Rasizadə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin də indiyədək nəticəsiz qaldığını söyləyib.

Azərbaycanın yüksək iqtisadi inkişafını vurğulayan səfirlər ölkəmizin xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə maraqlanıblar. Səfirlər öz ölkələrinin Azərbaycan ilə ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyiblər.