Mirmahmud Mirəlioğlu: “Hamı bilir ki, Misir Mərdanovdan nazir olmaz” - Müsahibə

<b>Mirmahmud Mirəlioğlu: “Hamı bilir ki, Misir Mərdanovdan nazir olmaz” -<font color=red> Müsahibə</b></font>
Oxunma sayı: 200

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun “Qafqazinfo”ya müsahibəsi:

- Hazırda Azərbaycandakı ictimai-siyasi prosesləri necə qiymətləndirirsiniz?

- Azərbaycanın hazırkı durumu hər kəsə bəllidir. Burada hansısa bir partiyanın, hansısa bir şəxsin nə deməsindən asılı olmayaraq ictimai-siyasi vəziyyət ağır və sabit olaraq qalır. Müsbətə doğru dəyişkənlik yoxdur. Bunun da səbəbləri var, ən mühüm səbəbi isə Qarabağ probleminin həll olunmamasıdır, onun illərlə saxlanılması və artıq demək olar ki, konservləşdirilməsidir. Hətta iş o yerə gəlib çatıb ki, bizə nəyin vaxtının olub olmadığını diktə edirlər və yaxud təklif edirlər. Dünən açıqlama verilir ki, sülh müqaviləsi imzalamağın vaxtı gəlib çatıb. Bütün bunlar olduğuna görə, Azərbaycanda da siyasət dünyada baş verənlərə uyğun aparılmadığına görə, Azərbaycan siyasəti müəyyənləşərkən bütövlükdə Azərbaycanın özü nəzərə alınmadığına görə vəziyyət belədir. Bunun da ikinci ən mühüm səbəbi siyasətdir. Bu siyasətin özündə qəribəlik bundan ibarətdir ki, Qarabağ probleminin həlli ilə bağlı məsələn Madrid prinsipi var, yaxud Lissabon sammitində, İstanbul sammitində və digər sammitlərdə bu məsələlərə münasibət bildirilir, amma burada Bakının prinsipi yoxdur. Azərbaycanın ərazisini işğal edən İrəvanın da prinsipi ortadadır. Azərbaycanın isə ayrı-ayrı bəyanatlarını çıxmaq şərti ilə nə prinsipial mövqeyi var, nə də prinsipləri var. Yəni, Azərbaycan siyasətində prinsipsizlik hökm sürür. Üstəgəl indi qoşulmamaq haqqında, hazırda Azərbaycan hakimiyyəti qoşulmamağa hazırlaşır. Bu da o deməkdir ki, Azərbaycan heç bir hərbi, siyasi və s. ittifaqlarda olmayacaq. Perspektivdə Avroatlantik birliklərə Azərbaycanın daxil olması daha doğru olardı, amma bunu etmirlər, bu da o deməkdir ki, Azərbaycanda bilərəkdən Qarabağ problemi unudulur və Azərbaycanın bu problemin həlli ilə bağlı mümkün olan məsələlərdən istifadə olunmur. Biz daha çox düşmən qazanırıq. Düşmən həm ərazimizin 20%-ni işğal edib, həm də digər siyasi düşmənlər, diplomatik düşmənlər və yaxud yumşaq formada desək əleyhdarlar qazanırıq. Bu da Azərbaycanın perspektivinə və mövcud ictimai-siyasi vəziyyətinə çox böyük mənfi təsir göstərir.

- Qeyd etdiniz ki, Qarabağ problemi bilərəkdən unutdurulur. Bunda kim nə qazanır?

- Mən unutdurulur deyəndə bəlkə də onu obrazlı deyirəm. Fikir verin Azərbaycanda vəziyyət nədir, əslində iş yerinə yetirilmirsə və illərlə yalnız bəyanatlarla bu məsələ gündəmə gəlirsə...

- Yəni, ləngidilir...

- Bəli, ləngidilir. Konservləşdirilir, olur dünyada başqa problemlərə bənzər problem. Qarabağ probleminin həlli yolu mümkündür, bir istək lazımdır. Hiss olunan budur ki, istək yoxdur.

- Dediniz ki, danışıqlarda Azərbaycanın prinsipləri yoxdur. Bunun səbəbi nədir?

- Bəli, prinsipləri yoxdur, yəni ardıcıl deyil. Torpağımız işğal olunub. Bunun səbəbinə gələndə hər şey ortadadır. Bu ikimizin danışığı ilə müəyyən olunan məsələ deyil. Bu bütövlükdə siyasətin uğursuzluğudur və bu prinsipsizlik bundadır, istəyin olmaması ondadır. Unutdurulmaq məsələsi də nəticə etibarilə ondadır. Onlar olmasaydı əgər, təbii ki, bu unutdurulma da olmazdı. Azərbaycanda əgər şəhidə, qaziyə layiq olduğu qiymət verilmirsə, bundan əlavə illərlə siz, biz tənqid edir, deyirsə ki, bu problem var, bunlar həll olunmurlarsa və bunlara cavab olaraq deyilirsə belə şey yoxdur və üstündən bir neçə müddət keçəndən sonra bir-birinin ardınca hərbi komissarlar həbs olunursa, bunlar da bir başa problemin həllinə yönəlik əsas aparıcı işləri görən insanlardır. Ona görə də işlər çətindir. Bunları həll etmək əvəzinə, vətənpərvərlik təbliğatı aparmaq əvəzinə və s. görürsünüz ki, nəticədə bizim tənqid etdiyimiz məsələlər gəlib ortaya çıxır və ən məhşur, əhalisinin sayı çox olan ərazilərdə hərbi komissarlar həbs olunmağa başlayır. Fərarini nazir qoymazlar, fəraridən nazir olmaz. Döyüşdən qaçmış insan döyüşə insan apara bilməz, o döyüşçü hazırlaya bilməz. Nə də yaxşı döyüşçülər belə onun ardınca getməz, hamı da vətənpərvər deyil ki, bax bu məsələnin kökündə xeyli belə çatışmazlıq var. Bəzən tənqidçilər, təhlilçilər deyirlər ki, bunlar epizodik məsələlərdi, detallardır. Əslində bunlar çox böyük təsir imkanı olan şeylərdir.

- Müxalifət tənqid edir, İctimai Palata mitinqlər keçirməyə çalışır. Amma bunların ciddi təsiri hiss olunmur. Tənqidin forması düz seçilməyib, yoxsa...

- Bu, istənilən məsələni qulaq ardına vurmaqdır, əhəmiyyət verməməkdir. Yaxud məsələlərə diqqət yetirməməkdir. Deyək ki, müxalifətdən bir təklif və ya deyilirsə, buna qarşı tədbir görmək əvəzinə onu ümumiyyətlə gözardı edirlər. Məsələn hər kəs bilir ki, Azərbaycanda bütün ailələrin bir başa təmasda olduğu təhsil var və yaxud baxça var, bütövlükdə bu sistem var, bu sistem bərbad vəziyyətdədir, bunu hamı bilir. Hamı bilir ki, Misir Mərdanovdan nazir olmaz. Bəlkə də Misir Mərdanov özü təklikdə vicdanı qarşısında o da hesab edir ki, artıq o bir nazir kimi yaramır. Amma məhz biz dediyimizə görə, onun nazirlik ömrü bir az da uzanır. Yəni tənqid olunduğuna görə, əslində o tənbeh olunmalıdır, cəzalandırılmalıdır, yaxud deyək ki, dəyişdirilməlidir. Biz tənqid etdiyimizə görə, biz onun əleyhinə danışdığımıza görə, onun bir az da şansı artır və bəlkə də daha geniş imkanları olur, bir az da onun nazirlik ömrü uzanır. Məsələyə yanaşma tərzi bundan ibarətdir və bu doğru yanaşma deyil.

- Bəs, İctimai Palatanın fəaliyyətindən necə, razısız?

- Onların fəaliyyəti ilə bağlı mən fikirlərimi demişəm, hesab edirəm ki, İctimai Palata əvvəl nəzərdə tutulduğu kimi olmalı idi, geniş inteqrasiyaya nail olmalı idi, bütövlükdə xalqın istək və arzularını təkcə bir nəfərin, iki nəfərin deməsi yox... Bütövlükdə daha geniş koalisiya mühüm məsələ idi. Təəssüflər olsun ki, belə olmadı. Amma o da faciə deyil, məsələnin həlli bu cür mümkün deyil. Yaxud bir-iki partiya ilə, təşkilatla mümkün deyil. Əgər biz ümumxalq təşəbbüsü, ümumxalq hərəkatı eləmək istəyiriksə onda bunun tərkib hissəsində bütün siyasilər və siyasi təşkilatlar olmalıdırlar. Bir, iki, üç təşkilat olmalı deyil, hamısı olmalıdır. Biz buna çalışırıq və mən hesab edirəm ki, İctimai Palatanın genişləndirilməsi baş tutarsa və ya onun kənar da ola bilər, yeni bir format - məsləhətləşmə formatı müəyyənləşərsə, biz bu istiqamətdə daha geniş koalisiyaya nail olmağa çalışırıq. Onda nə isə etmək mümkündür. Mənim buna böyük inamım var. Ona görə ki, zaman-zaman bu gün bir arada görmək istədiyimiz insanlar, ayrı-ayır dövrlərdə, ayrı-ayrı mərhələlərdə, ayrı-ayır seçkilərdə və tədbirlərdə bir arada olublar. İndi onların bir arada olması çox asandır, mümkündür, həm də vacibdir.

- Ötən həftə həbs olunmuş gənclərlə bağlı Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi. Bundan sonra müxalifət düşərgəsində belə fikirlər səsləndi ki, bu tip qətnamələr sanksiyalarla nəticələnəcək. Siz necə düşünürsüz?

- Mümkündür ki, olsun, amma bu sanksiyaların Azərbaycan siyasətinə təsiri çox zəifdir. Yəni, uzaqbaşı bir neçə dövlət məmuru bunlara cavab verəcək, bəyanatlara bəyanatla, açıqlama ilə cavab verəcəklər və bununla da məsələni bitmiş hesab edəcəklər. Amma, Azərbaycan yerində sayacaq, bunu nəzərə almırlar. Bunun da səbəbi var. Səbəbi də illərlə bizim dediyimiz məsələdir ki, Azərbaycanda uzun illər mövcud olan bir qəribəlik var. Dövlət məmurları dövlətçilik psixologiyasına malik deyillər. Dövlət məmurları şəxsi sədaqət prinsipi ilə seçilirlər. Rüşvətlə, korrupsiya ilə təyin olunurlar, məsələnin kökündə olan budur. Onların qabiliyyətləri də, yaxşı danışa bilirlərsə, yaxşı şərh yaza bilirlərsə, ona əsasən seçilirlər. 70-ci illərdən qalan belə bir qayda var ki, adam rus dilində yaxşı danışa bilirsə, əgər rus dilində bu və ya digər məsələlərlə bağlı arayış hazırlaya bilirdisə, onu irəli çəkirdilər. İndi də yaxşı danışa bilirsə əgər, bununla məsələ bitir. Amma , bununla həm də məsələ bitmir. Ona görə ki, bu mühüm də psixoloji məsələdir. Bu adamlar əgər sabah vəzifələrindən kənarlaşdırılan kimi artıq məşğul olduqları sahənin belə elementar məsələlərini bilmirlərsə, yaxud cavab vermək istəmirlərsə, bu dövlət sirridir o ayrı məsələ, və yaxud o məsələdə söz sahibi deyillərsə və yaxud deyirlərsə ki, mən bu məsələ ilə məşğul deyiləm, o deməkdir ki, həmin şəxs dövlət məmuru deyil, o adam yerində deyil. Bizim problemlərimizin kökündə bu dayanır. Ona görə də problemlərimiz çox ciddiliklə gündəmdə olmalıdır və bununla yanaşı özünün təsirini verməlidir. Baxın yerində olmayan məsələlərdən birini deyək. Hamı deyir ki, İctimai Televiziya. Onun açılmasını hər kəs gözləyirdi, dünya da gözləyirdi və bəlli oldu ki, bu İctimai Televiziya da AzTV-nin növbəti sıra nömrəsi oldu. Birinci idi, bu AzTV 2 oldu, yaxud 5 oldu. Bəzən hətta özəl kanallar belə AzTV 1-i belə ötürlər, özləri olur AzTV 1, AzTV olur AzTV 10. Amma bu cür olmalı deyil, əgər ictimaidirsə, ictimaiyyətin bütövlükdə düşündüklərini və bütün spektri əhatə eləməlidir. O cümlədən qəzetlər və saytlar da... Bütün bu məsələlərdə yenə də psixoloji amil önəmli rol oynayır. Yəni mili və dövlətçilik psixologiyasına malik olmaq hər kəsi səfərbər edir. Millət vəkili yalandan olmur, təyin olunmur. Seçkinin nəticələri saxtadırsa, onu yalandan seçiblərsə və yaxud ondan imtina edə bilir, bacarır onu. O olur millət vəkili. Yoxsa seçilməyən bir qrup adamlar, təbii ki, o 125 nəfərin içərisində şübhəsiz ki, seçilənlər də var, amma böyük əksəriyyəti seçilməmiş adamlardır, təyin olunmuş adamlardır. Buna görə də Azərbaycan problemlərinin çoxluğu, həm də həll olunmaması, həm də onu həlinə çalışılmaması, belə istəyin olmaması Azərbaycanda ən mühüm problemdir. Azərbaycanda vətəndaş qıtlığı var. Vətəndaş yoxdur Azərbaycanda. Vətəndaş olarsa, vətəndaşın torpağı işğal altında olmaz, vətəndaş vətən mövqeyindən, dövlət mövqeyindən, millət mövqeyindən, torpaq mövqeyindən çıxış edər. Bu olar vətəndaş, yoxsa elə hamımızın vəsiqəmiz var. Amma, elə deyil. Bizim hətta elə məmurlarımız var ki, onların özlərinin çoxunun, indi onun günahı deyil ki, onun bir tərəfi ermənidir. Amma onu təyin edənin günahı var axı. Onlar niyə dövlət postlarında mühüm vəzifələr tutmalıdırlar? Özü də həmin ərazimizi də düzdür, erməni işğal etməyib, həm də erməni işğal edib, erməninin əli ilə rus işğal edib. Torpaqların 20%-i işğal olunub, amma eyni zamanda bizim dövlət vəzifələrinin də bir xeyli faizi ermənilər və ya yarım ermənilər tərəfindən işğal olunub. Yaxud qeyri-millətlər tərəfindən işğal olunub. Bunlar çox mühüm və ciddi məsələlərdir, ona görə də bu məsələlərin həllində Azərbaycanın məsələni həll edən insanları daha cəsarətli olmalıdır. Daha ağılla məsələni həll etməlidirlər.

- Bəs o vətəndaş qıtlığını necə həll edək?

- Onun birincisi budur ki, onun üçün çalışan adamın özü cəsarətli olmalıdır, özüm vətən, millət, dövlət mövqeyindən çıxış edən olmalıdır. Bu fikirləri də beyinlərə aşılamaq üçün, təbliğat olmalıdır. Onun üçün böyük bir iş də lazım deyil. Bunun üçün bütövlükdə Azərbaycan mediası həqiqətən və obyektiv olaraq millətə və dövlətə işləməlidir, şəxslərə yox. Şəxslər gəldi gedərdir, millət və dövlət qalıcıdır. Uzunömürlü olmalıdır, hətta belə deyək ki, əbədi olmalıdır, buna xidmət etməlidir, siyasət ona xidmət etməlidir. İdeologiya bu olmalıdır, vətənpərvərlik təbliğatı doğru-dürüst aparılmalıdır. İnsanlar nəyin doğru, nəyin yalan, nəyin halal, nəyin haram olduğunu dəqiq bilməlidirlər. Bu cür olmalıdır vətəndaş, vətəndaş mövqeyindən və haqlı ədalətli mövqedən çıxış eləməlidir. Kimsənin haqqını kimsə yeməməlidir. Biz də gecə gündüz haqq və hüquq uğrunda mübarizə aparmalıyıq. Amma onun da bir qədəri var. Artıq təbliğat olandan sonra bilirsən ki, bunun da bir nəticəsi var. Bayaq siz də toxundunuz həbslərlə bağlı. Bunlar niyə olmalıdır? Niyə biz hər hansısa Avropa ölkəsinin və ya beynəlxalq qurumun qarşısında həmişə hesabat verməli olmalıyıq. Elə vicdanımız qarşısında, vətəndaşımız qarşısında hesabatlı olaq və onunla da məsələ həll olunsun. Niyə biz həmişə hansısa məsələ gəlib son həddə çatandan sonra onunla məşğul olmalıyıq? Elə əvvəldən məşğul olaq ki, o son həddə çatmasın.

- Son günlər ölkədə demək olar ki, hamının diqqətində olan “Eurovision”da Azərbaycanın birinci yer tutmağıdır. Bundan sonra dünyanın aparıcı qəzetlərində Azərbaycan haqqında “söz azadlığının boğulduğu neft ölkəsi” kimi informasiyalar yer aldı. Müxalifətçilərdən isə belə fikirlər səsləndirirlər ki, “Eurovision”nun Azərbaycanda keçirilməsi Azərbaycana inqilab gətirəcək. Siz necə düşünürsüz?

- Əvvəla onu deyim ki, istənilən halda Azərbaycanın uğuru varsa, Azərbaycanın nailiyyəti varsa, Azərbaycanın bayrağı dalğalanırsa, o qalib olursa, ona sevinmək lazımdır. İkincisi bu haqda siz dediyiniz kimi çeşidli fikirləşənlər ola bilər, tam əksini fikirləşənlər də ola bilər, bunu da təbii qəbul eləmək lazımdır ki, bu da insanların öz mövqeləridir, fikirləridir. Ən mühümü, ən ayıblı hissəsi odur ki, bizim həm neftimiz var, həm də söz azadlığı boğulur. Bizim neftimiz var, həm iqtisadi inkişafdan danışılır və s. Amma bizim bu qədər qul bazarlarımız var. İnsanlarımızın haqqı yaxşı qorunmur. Bizim inkişafımız var amma insanlarımızın bir hissəsi Ukraynada, Rusiyada, Türkiyədə, İranda iş axtarırlar. Söz azadlığının boğulduğu neft ölkəsi olmaq, bu tipli məsələlər 2011-ci ildə ayıb məsələlərdir. Dünya buna gülür, dünya yalan danışmağa gülür. Bizdə yalan danışmaq fəxrdir, qarşısındakını aldada bilir, deməli bu adam siyasətçidir. Azərbaycan buna öyrəşib, amma dünya buna gülür, bizi məsxərəyə qoyur ki, həm bu iqtisadi inkişafı var, neftin də gündə bir neçə dəfə qiyməti qalxır və burda da bu cür varlı ölkənin, milyonçu ölkənin dilənçi adamları var.

- Müxalifətin fəaliyyətini ümumilikdə müşahidə etsək görərik ki, əvvəlki illərdə müxalifət konkret olaraq hakimiyyətdən istefa tələb edirdi, indi isə islahatların aparılması tələbi ilə kifayətlənir.

- Azərbaycana böyük dəyişiklik lazımdır. Bu dəyişiklik üçün birinci dəyişiklik istəyən adamların özlərinin yanaşmalarında, münasibətlərində dəyişiklik olmalıdır. Bu dəyişikliyin bir təzahürünü siz dediniz, yəni istefa tələbi vardı, bu gün də var bu tələb. Mən nazirin birinin konkret adını çəkdim. Onlarla belə nazir adı çəkmək olar. Düzdür bizdə onlarla nazir yoxdur, 20-yə çatmır. Amma bu islahat mütləq olmalıdır. Amma bayaq dediyim kimi bu islahatlar müxalifət dediyinə görə aparılmır. İllərdir, biz korrupsiya, rüşvətxorluq deyirdik, indi bir neçə günlük korrupsiya təbliğatı aparıldı. Amma hamı da bilir ki, artıq nöqtə qoyuldu.

- Nəticəsiz qaldı?

- Nəticəsiz qalmadı, bitdi artıq. Sanki kampaniya bitdi. Biz deyəndə ki, bu kampaniyadır, deyirdilər ki, yox kampaniya deyil. Qurtardı, hər kəs bilir ki, dövlət yol polisi bu dəqiqə öz “işi”lə məşğul olur. Məsələnin birinci təzahürü bu idi, başqa cür mümkün deyil, niyə mümkün deyil çünki, bu bünövrədən, əvvəldən axıra, axırdan əvvələ dəyişməlidir. Heç bir nazir rüşvət almamalıdır. Belə nazir yerindən dəyişilməlidir, başqası qoyulmalıdır ora. O da pulsuz qoyulmalıdır ora, təyinatı belə olmalıdır. Bunlar olmadığına görə, o tələblər yerinə yetirilmədiyinə görə, sizin müşahidənizin bir hissəsi çox doğrudur. Yəni, islahatlar, amma necə islahatlar. Eyni şeyləri özləri deyirlər amma sonra deyirlər ki, bura şamildir, bura aid deyil. Məsələn parlamentdə yaş senzi təklif edirlər, həm də onun əleyhinə də çıxırlar. Yəni, deyirlər ki, bu bir hissəyə tətbiq olunsun, bir hissəyə yox. Büdcədən maliyyələşən bütün təşkilatlara şamil olunursa, deməli bütün büdcə təşkilatlarına şamil olunmalıdır, yoxsa birinə ayrı-seçkilik qoyulacaqsa, onda heç kimə şamil olunmayacaq, ya da sabah hər kəsi bir adla oradan çıxara biləcəklər. Ona görə də edilən islahat tələbləri haqlı tələblərdir, hər kəs islahat istəyir. Heç kim qan istəmir, heç kim inqilab istəmir. Bunu nə inqilabçı istəyir, nə də inqilabın nəticəsi olaraq devrilənlər. İslahat mütləq və mütləq olmalıdır, əvvəl axır olacaq. Mütləq olacaq. Amma daha yaxşı olar ki, deyiləndə olsun, qaydasınca olsun. Məsələn, bu il bizim müstəqilliyimizin 20 illiyidir və hər kəs bilir ki, bu müstəqillik uğrunda mübariz aparan insanlar var onların Ali Sovetdə, sonra Milli Şurada sonra Milli Məclisdə fəaliyyət göstərmələri var. İstər sovet vaxtında , 20 yanvar qırğınına münasibət bildirənlər olsun, istər sonrakı vaxtdakı deputatlar, millət vəkilləri olsun onların kifayət qədər xidməti var. Bəzi insanlar var ki, bunlar heç əlli nəfər deyil. Onların istiqlaliyyətin qazanılmasında xidmətləri olub. Həm SSRİ-nin saxlanması ilə bağlı keçiriləcək referendumun əleyhinə səs veriblər, həm də onlar 43-46 nəfər olublar, dəqiq say yadımda deyil, onlar konstitusiya aktını, müstəqillik aktını qəbul ediblər. Sonradan demək olar ki, 10 dəfə artığa təsir edə biliblər. 400-ə yaxın millət vəkilinə təsir ediblər. Bəziləri ağzıgöyçəklik edib deyirlər ki, onlara bu “istiqlalçı millət vəkili” adını kim verib. Onlar bunu, müstəqilliyi qazandıqları kimi, özləri qazanıblar. Onda desinlər ki, şəhidlərə bu adı kim verib. Bunu özü qazanıb, canıyla, qanıyla. Bunun üçün də islahatların olması vacibdir. Olmasa belə islahatlar olacaq.

- Mirmahmud bəy, ərəb ölkələri də demək olar ki, islahatlarla başladı. Aksiyalar keçirdilər, bəzi ərəb ölkələrində hakimiyyəti devirməyə nail oldular və s. Azərbaycanda necə, inqilab gözləyirsiz?

- Mən həmişə bunu deyirdim. Yadınızdadırsa, Tunisdə hadisələr göyərti satanın özünü yandırması ilə başladı. O cümlədən Azərbaycanda da bir nəfər Gədəbəydə özünü yandırdı. Mən həmişə müqayisə edərkən deyirəm ki, Tunusdə özünü yandırana sahib duran oldu, yiyəsi oldu, bizdə özünü yandırana isə nə dövlət, nə vətəndaş, nə qohumu hətta heç ailəsi də sahib durub haqlarını tələb etmədilər. Bunlar bir az fərqli məsələlərdir, bundan əlavə bir məqam da kimliyindən, nəçiliyindən asılı olmayaraq inqilablar baş verdiyi şərtdə, inqilabın öz şərtləri var, həm daxili həm xarici, bütövlükdə inqilab həm də dəstəklənməlidir. İnqilabçılardan kənardan dəstəklənməlidir. Ölkənin xaricində belə mütləq dəstək almalıdır. O inqilabların hamısının dəstəyi var, hətta hərbi dəstəyi var. Azərbaycanda baş verəsi inqilabların hətta Azərbaycanın özündə belə, belə deyək ki, kim ki, inqilabçı hesab olunur onların özündə belə hələ ki, bu birlik yoxdur. O cümlədən də xalq inqilab istəsə belə inqilabı bu günkü inqilabçılarla istəməyəcək, özü edəcək, mütləq edəcək. Mən niyə görə deyirəm ki, islahat olsa da olacaq, olmasa da olacaq. İslahatı ya hakimiyyət edəcək, indi baş verəcək, ya da xalq özü islahat edəcək.

- Tutaq ki, xalq inqilab etmək istədi, toplaşdı. Bizə hansı xarici qüvvə dəstək verəcək?

- Mən hələ ki, Azərbaycanda onu gözləmirəm. Ona görə də onu hesablamamışam. Onu görmürəm ki, hələlik xalq inqilaba qalxsın. Xalq inqilab əhval-ruhiyyəsindədir, bıçaq sümüyə dirənib, gecə-gündüz ona yalan danışırlar, bütün kanalları yalan danışır. Hətta bizdə yalan elə güclüdür ki, birinci şəxsi, ölkənin başçısını belə aldada bilirlər. İstənilən sahədə, istər körpü açılışı, istər muzey açılışı və s. Ona görə də İlham Əliyev çıxışlarında fikir vermisinizsə həmişə deyir “mənə verilən məlumata görə”. Bu məlumatın da xeyli hissəsi yalandır. Bunu da xalq bilir. Hələlik bu proseslərin ötürülməsi, ildırım ötürən hallar oldu bəzi hallar və inqilab Azərbaycanda hələ ki, təxirə salınıb.

- Prezident ölkə başçısı olaraq bunlardan xəbərdar olmaya bilər?

- Əhali, məsələn yolda işləyən adam orada prezidentlə görüşə bilmir, amma televizordan baxa bilir. O bilir ki, körpüdə filan qüsurlar var və prezident aldadılır. Bunu bilən isə bir nəfər deyil. Onlar bunu əzbər bilir. Bakıdakı bütün körpülərə baxın, qüsurlar var hamısında. Bunu bilməmiş deyil, bizim bir iki informasiya mənbəyimiz varsa, dövlət başçısının onlarla var. Yəqin ki, bilməmiş olmaz. Niyə korrupsiyaya qurşanmış, bu ölkənin adını qara siyahıya saldıran bir nəfər də cəzalandırılmır? Deməli bilməmiş deyil.

- Son zamanlar KXCP-nin Azərbaycan Liberal Partiyası (ALP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə görüşləriniz baş tutdu. Görüşlərdə əsas məqsəd nə idi? Hansı mövzular müzakirə edildi?

- Bayaq dediyimiz məsələ var ki, bizim İctimai Palata və müxalifətin bir arada olması, daha geniş koalisiyaya nail olması məsələsi var və bu istiqamətdə biz öz təşəbbüslərimizi davam etdiririk və hesab edirik ki, doğru yoldayıq. Bu təşəbbüslər təkcə ALP və VİP-lə deyil, həm də Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası (ADP) ilə aparılan danışıqlar var, görüşlər var. Görüşlərdə də əsas məsələ Azərbaycan problemlərini birgə həll etməkdən ötrü, böyük dəyişikliyə nail olmaqdan ötrü özümüz dəyişikliyin bir hissəsi olmalıyıq. Özümüzdə dəyişiklik etməliyik və bu dəyişikliyin hissəsi kimi də böyük birliyə, daha geniş, əhatəli və inteqrasiyaya nail olmaq lazımdır. Bunu istəyirik və bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk, müsbət reaksiyalar da var, dəstək də qazanırıq. Hətta İctimai Palatanın özünün daxilindən xeyli bu məsələyə dəstək verən var. Adını çəkdiyimiz təşkilatlarda olmayan insanlar da buna dəstək verir.

- İctimai Palataya alternativ birlik yarana bilər, yoxsa onunla birləşmə baş tutacaq?

- Qətiyyən. Nə ona alternativ olmaq istəyirik, nə də bəzilərinin dediyi kimi, bunların məqsədi İctimai Palataya gətirilməsidir. Sadəcə olaraq böyük bir məsləhətləşmə ki, burada məsələləri həll etmək. Onun gündəliyi də hazır olmaq üzrədir, yəqin ki, o toplantı inşallah baş tutacaq.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi