Mirmahmud Mirəlioğlu: “Hələ tezdir”

mirmahmud-mirelioglu-hele-tezdir
Oxunma sayı: 641

Bu həftənin bazar gününə daha bir görüşümüz gözlənilir. Beşliyin görüşünün nəticəsini mətbuata açıqlayacağıq. Şəxsən mən İsa Qəmbər və Əli Kərimli ilə görüşmüşəm. Görüşlərdə müxalifətin birliyinin baş tutması diqqət mərkəzində olub”.

Bunu KXCP sədri Mirmahmud Mirəlioğlu «Bizim Yol»a açıqlamasında bildirib. Qeyd edək ki, vəkil Qurban Məmmədovun təsisçisi olduğu Vətəndaş Hərəkatı Forumu müxalifətin birləşməsi təşəbbüsü ilə çıxış edib. Hələlik 5 partiya bu təşəbbüsü alqışlayaraq, birgə müzakirələr aparmaq qərarını veriblər. AXCP və Müsavat isə İctimai Palatada bir arada olduqlarını qeyd edərək birləşmək niyyətində olan siyasi qüvvələri bu konfiqurasiyada bu araya gəlməyə çağırıblar.
Adı çəkilən iki partiya ilə danışıqlar aparmaq KXCP sədri Mirmahmud Mirəlioğluna həvalə edilib. Ancaq M.Mirəlioğlu apardığı müzakirələrin nəticələrini açıqlamayıb.
Mirmahmud Mirəlioğlu həmçinin bəyan edib ki, indidən prezident seçkilərini gündəmə gətirmək, müzakirələr açmaq ziyanlıdır: “2011-ci ilin sentyabr ayındayıq. İndidən 2013-cü ildə keçiriləcək prezident seçkiləri haqda danışmaq, namizəd müəyyənləşdirmək Azərbaycan reallıqlarına, mövcud siyasi vəziyyətə və gözlənilən proseslərə uyğun deyil. Birincisi, prezident seçkilərinə qədər dünyada, regionda və Azərbaycanda çox proseslər olacaq. Bu gün namizədliyini irəli sürmək istəyən insanlar bu proseslərin içindədirlər və bildiyim qədər daha çox Azərbaycanda dəyişiklikləri arzulayırlar. Bu gün birdən-birə məsələnin köklü şəkildə dəyişdirilməsi, prezident seçkilərini gündəmə gətirməklə ola bilsin ki, onlar tam fərqli düşünürlər. Ancaq KXCP və mənim düşüncəm yuxarıdakı kimidir. Azərbaycan gözlənilməz situasiyalar astanasındadır və prezident seçkilərindən danışmaq, ona hazırlaşmaq situasiyaları gözardı etmək deməkdir”.