Mirşahin “radar”a düşdü

mirsahin-radara-dusdu
Oxunma sayı: 805



Ötən gün dostlarımdan biri mənə “Etibar-55” adlı bir kitab təqdim etdi. Bilirəm, indi hamınızın ağlından eyni sual keçir: “Etibar kimdir?” Mən də hövsələsizlik edib, kitabı verən adama eyni sualı ünvanlamışdım. Dostumun cavabı belə olmuşdu: “Baş Dövlət Yol Polisi İdarəsində Qeydiyyat-İmtahan Şöbəsinin rəis müavinidir. “Prava” məsələsinə baxır”.

Bir-bir səhifələri çevirəndə aydın oldu ki, əlimdə tutduğum bu kitab DİN BDYPİ-də Qeydiyyat-İmtahan Şöbəsinin müdir müavini işləyən Etibar Əliyevin ömür yolundan bəhs edir. 55 yaşının tamam olması münasibətilə Etibar müəllimi təbrik edənlərin arasında Baş DYP İdarəsinin rəisi Ramiz Zeynalovdan tutmuş, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə, akademik Ziyad Səmədzadədən ANS Teleşirkətinin vitse-prezidenti Mirşahin Ağayevə qədər müxtəlif adamlar var. Mən, mündəricat bölümündə hətta tanınmış professorlar Bəhram Zahidovun və Nizaməddin Şəmsizadənin də adlarına rast gəldim. Sözsüz ki, Etibar Əliyevə ünvanlanan təbriklərin içərisində ən maraqlısı Mirşahin Ağayevin yazdığı mətndir. Elə bilirəm ki, həmin yazıdan beş-altı cümlə sitat gətirsəm, sizi çox yormaram. Mirşahin müəllim yazır: “Yol böyük fəlsəfədir. İnsanın dünyaya gəlişi, yaşaması, fəaliyyəti – hamısı yoldur. Etibar müəllimi mən Böyük Bir Yolun Adamı kimi tanımışam. Onun tutduğu yol və vəzifə Azərbaycanın “doğruya doğru tutduğu” yolun tərkib hissəsidir. Etibar müəllim onu tanıyanların yadında həlim, mülayim təbiətli bir insan kimi qalır. Amma bu yalnız insani münasibətlərlə bağlı belədir. Vəzifə və daşıdığl paqonlar onu həmişə daha da məsuliyyətli edir”.

Mirşahin müəllimin təbrik məktubundan aydın olur ki, Etibar Əliyev həm də din adamıdır: “Etibar müəllim bir din, iman adamı olaraq, onu da çox yaxşı başa düşür ki, hər paqonun üstündə bir mələk durub və bu mələklər hər birimiz kimi onun da çiyinlərinə əməllərini yazır. Mən çox inanıram ki, mələklərin ona savaba yazdıqları qat-qat çoxdur, çünki mən Etibar müəllimin yalnız dürüst əməllərinin şahidi olmuşam”.

Dünən bir həmkarımdan soruşdum: “Mirşahin Ağayevi yol polisini tərifləməyə nə vadar edir?” Cavabı belə oldu: “Görünür, “radar”a düşmək istəmir”.

Mən jurnalist həmkarımın bu qənaətini tamamilə bölüşürəm. Amma söhbət ondan gedir ki, Mirşahin yuxarıdakı sətirləri yazmaqla sükan arxasındakı təhlükəsizliyini təmin etsə də, jurnalistikada “radar”a düşdü...

P.S.Pulu, vəzifəsi olan adamların özləri, hətta dünyadan köçmüş valideynləri haqqında irihəcimli kitablar yazdırması son vaxtlar dəb olub. Nazir müavini işləyən bir tanışım indi haqq dünyasında olan atası haqqında yazdırdığı kitabı ötən il mənə bağışlamışdı. 40 il qaldırıcı kran işlədən mərhumun həyatından bəhs edən kitab belə adlanırdı: “Zirvədə keçən ömür”. Əgər vaxtında tənbəllik etməyib həmin kitabı vərəqləsəydim, yəqin ki, Mirşahin müəllimim Zirvəylə bağlı fəlsəfi fikirlərilə da tanış ola bilərdim...