Misir Mərdanov dünya təhsil nazirlərinin “ağsaqqalı” imiş - Yaş fərqi

misir-merdanov-dunya-tehsil-nazirlerinin-agsaqqali-imis-yas-ferqi-
Oxunma sayı: 669

İkinci məlumat isə 35 yaşlı gənc xanım Xatia Dekanoidzenin Gürcüstan elm və təhsil naziri təyin edilməsi idi.

Mərdanov qocadırmı?!

Bu məlumatlardan sonra ağlıma belə bir sual gəldi: görəsən, bu fonda, son dərəcə böyük enerji və çeviklik tələb edən əsas icra strukturlarından birinin rəhbərliyində - təhsil naziri postunda Misir Mərdanov necə görünür, yəni o nə dərəcədə qocadır?
Dövlət Statistika Komitəsinin builki məlumatına əsasən Azərbaycanda orta yaş 32-dir. Misir Mərdanovunsa 66 yaşı var. Göründüyü kimi, hörmətli təhsil nazirimizin yaşı ölkəmizdəki orta statistik yaşdan nə artıq, nə əskik, düz 34 il (2 dəfədən də artıq) çoxdur. “The Economist” jurnalının gəldiyi nəticəni əsas kimi götürsək, belə çıxır ki, Misir Mərdanov həddən artıq qocadır.

Digər tərəfdən, bizim təhsil nazirimiz Gürcüstanın elm və təhsil naziri xanım Xatia Dekanoidzedən 31 yaş böyükdür. Xatırladıram ki, Mərdanov Dekanoidzeyə qədərki gürcüstanlı həmkarı Dmitri Şaşkindən 29 yaş böyük idi. Buradan belə görünür ki, Gürcüstan acısından baxanda da Misir Mərdanovun qatarı çoxdan gedib...

Təqaüdçü Mərdanov

Bunlardan sonra istər-istəməz belə bir sual yaranır: Görəsən, bu gün Mərdanov yaşında başqa bir təhsil naziri varmı? Bu vəsilə ilə internetdə xeyli axtarış apardım. Əvvəlcə MDB və Pribaltika dövlətlərinin təhsil nazirlərinin doğum illəri ilə maraqlandım. Düşündüm ki, sovet şinelindən çıxmış dövlətlərdir, bəlkə onların təhsil nazirləri içərisində Misir müəllimdən qoca olanı tapıldı. Bəlli oldu ki, bu dövlətlərin hamısının təhsil nazirləri Misir Mərdanovdan yaşca kiçikdir. Maraqlı olacağını nəzərə alaraq, onların doğum və təhsil naziri vəzifəsində fəaliyyətə başladıqları illəri (mötərizədə) oxucuların diqqətinə çatdırıram:

Misir Mərdanov (Azərbaycan) - 1946 (1998);

Temir Şirinov (Özbəkistan) - 1950 (2011);
Sergey Maskeviç (Belarus) - 1953 (2010);
Bakıtjan Jumaqulov (Qazaxıstan) - 1953 (2010);
Yaak Aaviksoo (Estoniya) - 1954 (2011);
Nuriddin Səidov (Tacikistan) - 1956 (2012);
Mixail Şlyaxtitskiy (Moldova) - 1956 (2009);
Kanat Sadıkov (Qırğızıstan) - 1961(2011);
Dmitri Tabaçnik (Ukrayna) - 1963 (2010);
Gulşat Məmmədova (Türkmənistan) - 1964 (2009);
Dmitri Livanov (Rusiya) - 1967 (2012);
Gintaras Stepanoviçius (Litva) - 1967 (2008);
Roberts Kilis (Latviya) - 1968 (2011);
Armen Aşotyan (Ermənistan) - 1975 (2009);
Xatia Dekanoidze (Gürcüstan) - 1977 (2012).



Diqqət etdinizmi, Misir müəllim ermənistanlı həmkarından 29, latviyalı həmkarından 23, rusiyalı və litvalı həmkarlarından 21, türkmənistanlı həmkarından 18, ukraynalı həmkarından 17, qırğızıstanlı həmkarından 15 yaş böyükdür. Siyahıdan Mərdanovun bir özəlliyi də açıq-aydın görünür: O, MDB-li və pribaltikalı həmkarları arasında ən stajlısıdır, daha doğrusu, nazir stajına görə onların istənilən birini çox-çox geridə qoyur. Belə çıxır ki, onu həm nazir kimi “uzunömürlüyünə”, həm də yaşına görə bu ölkələrin təhsil nazirlərinin “ağsaqqalı” adlandırmaq olar. Bundan başqa, o, 3 ildir ki, təqaüd yaşına çatıb...

O, həm də dünya təhsil nazirlərinin “ağsaqqalı” imiş

Bu araşdırmadan sonra maraq məni daha da götürdü. Öz-özümə sual verdim: bəs dünya arenasında Misir Mərdanovun vəziyyəti necədir, daha doğrusu, onu dünya təhsil nazirlərinin də “ağsaqqalı” hesab etmək olar, yoxsa yox?! Bu səbəbdən canıma cəfa basıb xeyli axtarış aparmalı oldum. Avropanı, Asiyanı, Afrikanı, Cənubi Amerikanı ələk-vələk elədim, bu qitələrdə yerləşən dövlətlərin hamısının təhsil nazirləri haqqında məlumat topladım. Şükürlər olsun, əziyyətim boşa getmədi. Bəlli oldu ki, Misir Mərdanov planetin ən yaşlı və ən stajlı təhsil naziri imiş! Maraq üçün bu qitələrin hər birindən 5 dövlətin təhsil nazirlərini oxuculara təqdim edirəm:

Avropa

Anette Şavan (Almaniya) - 1955 (2005);
Vincent Pellion (Fransa) - 1960 (2012);
Maykl Qouv (İngiltərə) - 1967 (2010);
Sergey İqnatov (Bolqarıstan) - 1960 (2009);
Yan Byörklund (İsveç) - 1962 (2007).

Asiya

Gideon Saar (İsrail) - 1966 (2009);
Həmid Rza Hacı Babayi (İran) - 1959 (2009);
Yuan Guiren (Çin) - 1950 (2009);
Ömer Dinçer (Türkiyə) - 1956 (2009);
Hirofumi Hiramo (Yaponiya) - 1949 (2012).
Afrika

Angelina Motşeka (CAR) - 1955 (2009);
Axçiçay Əhməd (Mərakeş) - 1954 (2007);
Əhməd Qamal (Misir) - 1951 (2011);
Mutula Kilonzo (Keniya) - 1948 (2012);
Vincent Biruta (Ruanda) - 1958 (2011).
Cənubi Amerika

Aloizio Merkadante (Braziliya) - 1954 (2012);
Alberto Sileoni (Argentina) - 1952 (2009);
Rikardo Erlix (Uruqvay) - 1948 (2010);
Raymond Sapoen (Surinam) - 1967 (2010);
Blanka Olevar (Paraqvay) - 1957 (2008).


Bəli, əziz oxucular, bu gün biz fəxr edə bilərik ki, Misir Mərdanov dünya təhsil nazirlərinin də “ağsaqqalıdır”, “nazir uzunömürlüyünə” və yaşına görə..

Mərdanovun əvəzolunmazlığı nədədir?!

Məlum olduğu kimi, sivil ölkələrdə dövlət idarəetmə orqanlarının əsas qollarından biri olan mərkəzi icra strukturlarında davamlı olaraq dəyişikliklər aparılır. Bunun iki əsas səbəbi var. Birinci səbəb odur ki, dünya çapında paradiqmalar sürətlə dəyişir. İkinci səbəb isə odur ki, bu dəyişikliklər aparılmasa, sistemi ətalət basar, rəqabət meyilləri azalar və sonucda dövlət inkişafdan geri qalmış olar. Misir Mərdanovun nazir təyin edildiyi 1998-ci ildən bəri Türkiyədə 8, Ermənistanda 7, Ukraynada 6, Gürcüstanda 5, Rusiyada 4, Almaniyada isə 3 təhsil naziri dəyişib. Bir faktı da oxucuların diqqətinə çatdırım ki, qardaş Türkiyədə AKP hakimiyyəti dövründə (2002-ci ildən bu günədək) 6 təhsil naziri dəyişib...
- Təhsil naziri kimi 15-ci ilini yaşayan Mərdanovun bu postu hələ neçə il tutacağı da bilinmir. Yəqin ki, indi hamını bir sual düşündürür: görəsən, 66 yaşlı Mərdanov hansı keyfiyyətlərinə görə 15-ci ildir ki, təhsil naziri kimi strateji bir yerdən tərpənmir? Bəlkə onun təhsil sahəsində əlahiddə xidmətləri var? Bəlkə böyük təhsil strateqidir? Hesab edirəm ki, bu suallara cavab tapmaq üçün aşağıdakı reallıqları diqqətdən qaçırmaq olmaz.

- Bu gün ölkəmizin paytaxtı Bakıda və digər böyük şəhərlərimizdə uşaqların məktəbəqədər təhsillə əhatəolunma səviyyəsi Belorusiyanın kəndlərindən də geri qalır.

- Bir çox ölkələrdə, o cümlədən, Türkiyə, Gürcüstan və Ermənistanda aparılan təhsil islahatlarının birinci mərhələsi başa çatıb və onlar artıq ikinci mərhələyə - təkmilləşmə mərhələsinə keçiblər. Bizdə isə birinci mərhələnin hələ 2019-cu ildə bitəcəyi bildirilir.

- Türkiyə və Gürcüstanda ötən tədris ilindən başlayaraq ənənəvi kağız dərsliklərin elektron dərsliklərlə əvəz olunmasına start verilib. Bizdə isə nazirliyin şöbə müdiri Faiq Şahbazlı hələ də dərslik dəllallarının qazanc mənbəyi olan dərslik-dəftərlərə keçiddən danışır.

- Bizdə nə qədər təhsil məmurunun rüşvət və korrupsiyaya görə məsuliyyətə cəlb olunduğu halda, adıçəkilən ölkələrdə bu haqda söhbət belə getmir.

- Azərbaycanda təhsilin səviyyəsinin aşağı düşməsi ilə bağlı nəinki yerli, eləcə də beynəlxalq qurumlar və ekspertlər haray çəkirlər. TQDK ali məktəblərə keçid ballarını bu il də aşağı saldı. I və II qrup üzrə bu bal hətta 150-yə (?!) endirildi.

- Azərbaycanın bir çox ali təhsil müəssisələrinin verdiyi diplomla, beş-altı geridə qalmış ölkəni çıxmaqla, heç yerdə işə düzəlmək mümkün deyil...

Bu sadalananlara çoxlu əlavələr də etmək olar. Amma bunlar heç nəyi dəyişməyəcək. Mən təhsilimizin bugünkü durumu haqqında düşünərkən, istər-istəməz, həmişə xalq yazıçısı Çingiz Abdullayevin “Təhsil Azərbaycanın üzqaralığıdır” fikrini xatırlayıram. Hesab edirəm ki, indiyədək təhsilimizə bu cür neqativ (həm də dəqiq!) qiymət verilməyib. Əgər vəziyyət belədirsə, onda sual olunur: Mərdanovun əvəzolunmazlığı nədədir?!

Mərdanov təvazökardırmı?!

Misir Mərdanovun əvəzolunmazlığından danışdıq. O isə mətbuata açıqlamasında bunun tam əksini söyləyir: “Heç kəs hesab etməməlidir, o cümlədən mən də hesab etmirəm ki, əvəzolunmaz adamam. Azərbaycanda məndən də bacarıqlı, bilikli, səriştəli kifayət qədər adam var... Əgər lazım bilinərsə mən də vəzifəmdən getməyə hazıram”. Yaxud görün o, məktəblərimizdəki vəziyyəti necə təsvir edir: “Məktəb şəbəkəsinin optimallaşdırılması sahəsində zəruri tədbirlərin görülməməsi, kadr siyasəti düzgün aparılmadığından məktəblərdə lüzumsuz olaraq xeyli artıq müəllim saxlanması, xüsusən, ibtidai sinif müəllimi sıxlığının yaranması, eləcə də aparat və metodkabinet əməkdaşlarının böyük əksəriyyətinin müasir təhsil innovasiyalarını mənimsəməməsi yerli təhsil orqanlarının fəaliyyətindəki ciddi qüsurlardan hesab edilir”. Hələ bu harasıdır, təhsilimizin indiki durumu haqqında Misir müəllimin elə fikirləri var ki, onları oxuyanda adamın tükləri biz-biz olur. Yəqin ki, bu fikirləri bəziləri onun səmimiyyətinə və təvazökarlığına yozurlar. Bu halda təbii bir sual ortaya çıxır: Əgər Mərdanov ondan bacarıqlı, bilikli və səriştəli kifayət qədər adamın varlığını və təhsilimizin ağlamalı gündə olduğunu qəbul edirsə, onda o, niyə istefa vermək istəmir?!

Əlövsət OSMANLI, riyaziyyat üzrə fəlsəfə doktoru

“Yeni Müsavat”