Misir Mərdanov şərtləri açıqladı

misir-merdanov-sertleri-aciqladi
Oxunma sayı: 685

Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə. Təhsil naziri Misir Mərdanov bu il “Ən yaxşı müəllim” müsabiqəsinə 456 nəfərin sənəd verdiyini, onlardan 229 müəllimin II və III mərhələdə iştirak etmək hüququ qazandığını bildirib.


İştirakçıların sayına görə ibtidai sinif (67 nəfər), Azərbaycan dili və ədəbiyyat (35 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini söyləyən Misir Mərdanov müsabiqə iştirakçılarının sınaq dərslərinin təşkil olunacağı məktəblərdə müvafiq şəraitin yaradılacağını vurğulayıb. Təhsil nazir dərs mövzusunun müəyyənləşdirilməsi qaydaları haqda məlumat verib, dərslərin 12 meyar üzrə qiymətləndiriləcəyini, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının veriləcəyini diqqətə çatdırıb. Misir Mərdanov əvvəlki illərdən fərqli olaraq, iştirakçıların sayı çox olan fənlər üzrə bir ekspert komissiyasının təşkil edildiyini söyləyən təhsil naziri bunun müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsul olduğunu qeyd edib.


Təhsil naziri deyib ki, bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq və ekspert komissiyası dərsin təhlilindən sonra iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcək. Qiymətləndirmənin nəticəsindən narazı qalanlara 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı veriləcəyini nəzərə çatdıran Misir Mərdanov müəllimlərin bu mərhələyə də məsuliyyətlə hazırlaşmalarının əhəmiyyətindən söhbət açıb. Misir Mərdanov onu da qeyd edib ki, II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında fəaliyyətinin əsas istiqamətlərini, uğurlarını, təkliflərini əks etdirən 10 dəqiqəlik təqdimatla çıxış edəcək və hər bir mərhələnin nəticələrinə əsasən, iştirakçı müəllimlərin yekun balı müəyyən olunacaq.


Sonra sınaq dərsləri dinləniləcək müəllimləri maraqlandıran suallar cavablandırılıb, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.