Misir Mərdanovun son zəngi

misir-merdanovun-son-zengi-
Oxunma sayı: 673

Burada mən bir neçə məqama diqqəti çəkmək istəyirəm. Hər şeydən əvvəl bir məsələni qeyd etmək lazımdır ki, Təhsil Nazirliyində baş verənlərə sıradan bir hadisə kimi yanaşmaq olmaz. Məlumdur ki, bu nazirlikdə bir neçə aydır Korrupsiyaya qarşı Mübarizə İdarəsi araşdırmalar aparır. Xeyli sayda qanun pozuntusu aşkarlanıb. Və hələ yoxlamalar başlayan vaxt nazirliyin İqtisadiyyat İdarəsinin rəis müavini Orxan Kərimov MTN-in və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində iş yerindəcə həbs edilib.

Bu yaxınlarda isə oxucuların yadındadırsa yoxlamaların daha ağır nəticələri ortaya çıxarması haqqında “Qafqazinfo”da material yaymışdıq. Həmin yazıda qeyd etmişdik ki, Misir Mərdanova ölkəyə qayıtmamaq mesajı verilib. Misir Mərdanov isə cəmi bir həftə əvvəl öz çıxışında vəzifədən getməyə hazır olduğunu açıqlamışdı. Lakin dünən Misir Mərdanovun əvəzinə nazirin üç müavini birdən-birə işdən çıxarılıb. Maraqlıdır Misir Mərdanov bununla təhlükədən uzaqlaşıbmı? O, özünü qoruya biləcəkmi?

Bu məsələlərə aydınlıq gətirmək üçün bir neçə məqama diqqət çəkmək lazımdır. Əvvəla onu deyim ki, Elmar Qasımov başda olmaqla işdən qovulan üç müavinə böyük güzəştlər edilib. Onlar həbs olunmaq əvəzinə işdən çıxarılıblar. Axı onlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yoxlamaları nəticəsində işdən azad ediliblər. Əslində həmin şəxslər indiyədək törətdikləri əməllərinə görə həbs olunmalıydılar. Yəqin ki, bu hadisə gec-tez baş verəcək və ortaya çıxan korrupsiya faktlarına görə Misir Mərdanov başda olmaqla bütün müavinləri cavab verməli olacaqlar. Bir daha qeyd edirik ki, onların işdən azad olunmaları bağışlanmaları deməkdir. Bu prosesi zamana buraxaraq, qayıdaq nazir Mərdanovun məsələsinə.

Artıq ölkədə bu gün birinci sinfə gedən uşaqlara belə aydındır ki, Misir Mərdanov vəzifədə qala bilməyəcək. Necə ola bilər ki, nazirin üç müavini işdən qovulsun, şöbə müdirinin müavini həbs edilsin, məktəb direktorları kütləvi şəkildə vəzifəsindən azad edilsin, ancaq nazir qorunub saxlansın. Bu sadəcə mümkün belə deyil. Bəyəm bu qanun pozuntularını, korrupsiyanı Elmar Qasımov və digər müavinlər təkbaşına törədib? Hər kəs bilir ki, Azərbaycanın təhsil sistemində rüşvət və korrupsiyanın bu şəkildə metastaz verməsinin birbaşa günahkarı Misir Mərdanovdur. Bunu o, özü də bilir və Azərbaycanda bəzi nazirlər kimi təhlükə anında özünüqoruma instinktindən istifadə edərək “mən getməyə hazıram, vəzifə əbədi deyil”-deyir.

Yaxşı hazırsınızsa, bəs nəyə görə gözünüz hələ də arxada qalıb? Sərəncamı gözləyirsiniz? İndi elə bir məqamdır ki, artıq televiziyaya çıxıb ona-buna torba tikməklə, guya getməyə hazır olduğunu göstərərək vaxt udmaqla, baş aldatmaq olmaz. Bu artıq zamanın tələbidir. Və Misir Mərdanov getməlidir, elə gedəcək də. Onun son zəngi artıq çalınıb.

Dünən prezident paytaxtda bir neçə məktəbin açılışına qatıldı. Lakin ölkənin təhsil naziri dövlət başçısının yanında yox idi. Elə bilirsiniz bu elə-belə faktdır? Yüz faiz əminəm ki, ölkə prezidenti Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin açıqladığı faktlardan sonra bu adamı yanında görmək istəmir və görmür də...

O, isə hələ də kabinetində oturub möcüzə gözləyir. Gözləmək ona görə lazımdır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi işini hələ başa çatdırmayıb. Sərəncamın yerinə kabinetdə həbs də ola bilər. Yəqin həyat ona vaxtilə ağsaqqalı Əli İnsanov həbs ediləndə efirdən etdiyi rişxəndləri bağışlamaq istəmir. Və talenin ironiyası onları bir kamerada görüşdürmək kimi ssenari yazıb...

Gözlərinizi yumun və həmin səhnəni bir anlıq da olsa canlandırın... Hər kəs onların bu görüşünü istədiyi kimi təşkil etməkdə sərbəstdir...