“Son vaxtlar cəmiyyətimizin ən çox müzakirə olunan mövzularından biri də dərsliklərlə bağlıdır. Bu məsələnin hər bir ailəyə aid olduğundan müzakirələri də təbii hesab etmək lazımdır. Lakin çox zaman bu mövzuya toxunanlar prosesin mahiyyətindən tamam xəbərsiz insanlardır. Bəzi jurnalistlər isə sadəcə, mövzu tapmayanda “növbətçi mövzu” kimi hər zaman aktual və cəmiyyət tərəfindən “rahat qəbul olunan” bu mövzuya müraciət etməyi daha asan hesab edirlər. El arasında deyilən kimi: bilən də danışır, bilməyən də.
“Bakı” nəşriyyatı uzun illərdir ki, texniki fənlər üzrə ixtisaslaşır. İnformatika dərsliklərini də nəşriyyatımızın uğurlu layihələrindən hesab etmək olar. Bu baxımdan əməkdaşlıq etdiyimiz müəlliflər də təsadüfi seçilmiş insanlar deyil.
Dərsliyi üzərində çalışan müəlliflər əvvəla, özləri də valideyndirlər və öz övladlarının da təhsil aldıqları dərsliklərin keyfiyyətli olmasında maraqlıdırlar. İkincisi, uzun illər pedaqoji təcrübəyə malik bu mütəxəssislər öz sahələrində dünyada gedən prosesləri diqqətlə izləyir və daim yeniliklər axtarışındadırlar. İnformatika dərsliklərinin müəlliflə-rinin digər dərslik müəlliflərindən fərqi ondadır ki, çox böyük sürətlə inkişaf edən İKT sahəsində bu gün verilən bilik və bacarıqlar 5-10 ildən sonra orta məktəbi bitirən şagirdlər üçün öz əhəmiyyətini itirməməlidir.
Bu baxımdan məqalə müəllifi Raminə Eyvazqızının İnformatika fənni üzrə yazılmış dərsliklərlə bağlı sualları təbiidir. Çünki o, bəzi terminləri ilk dəfədir ki, eşidir. Jurnalist təhsil alan vaxt informatika fənni bu səviyyədə tədris olunmurdu. Bununla yanaşı Raminə xanımın toxunduğu məsələlərlə bağlı izahat vermək istərdik.
1. “Obyekt” anlayışı informatikanın fundamental anlayışlarındandır. Bu sözü gündəlik həyatda uşaqlar tez-tez eşidirlər. İnformatika fənn kurikulumunun standartlarında da düzgün olaraq bu anlayışın uşaq vaxtlarından şagirdlərə öyrədilməsi nəzərdə tutulur. Raminə xanıma məlumat üçün bildirək ki, insan da obyektdir. Öyrənilən və bizim fikrimizi cəlb edən hər bir şey obyektdir. Bu fikirdə məntiqsizlik insanın materialı ilə bağlıdırsa, biologiya dərslərindən yəqin ki, canlıların da hüceyrələrdən təşkil olunmasını xatırlamaq olar. Lakin 2-ci sinif şagirdi üçün obyektin xassələrindən danışılarkən izah olunur ki, bir obyekt digərindən bəzi xassələrinə görə fərqləndirmək olar. Yəqin ki, hər birimiz uşaqlıqda gözbağlıca oynamışıq. Əlimizlə toxunub tutduğunuz uşağın adını necə düzgün söylədiyimizi yada salaq.
Bu, elə obyektin xassələrinə görə onu müəyyən etməkdir. Bu bacarıq müasir informasiya texnologiyalarının əsasını təşkil edən “Obrazların tanınması” nəzəriyyə-sinin elementləridir. İnsanın bütün həyatı obyektləri onların xassələrinə görə tanınması üzərində qurulur. Yolda gördüyünüz tanışınızı, oxumaq istədiyiniz kitabı, yemək istədiyiniz yeməyi də məhz onun xassələri ilə müəyyən edirsiniz. Raminə xanımın toxunduğu “xüsusiyyət” və “xassə” anlayışları arasında çox böyük fərq vardır. Jurnalistin iddiasına uyğun olaraq hərəkətin yalnız canlılara məxsus olması tamamilə səhvdir. Məsələn, şar küləyin təsiri ilə hərəkət edə bilər, göyə atılmış daş və ya top ağırlıq qüvvəsinin təsiri ilə hərəkət edir, cansız dəmirlərdən ibarət avtomobilin, buludların və günəşin hərəkət etməsi bu obyektlərin canlı olması demək deyil. Ona görə də biz heç cür deyə bilmərik ki, hərəkət yalnız canlıya məxsusdur. Elə canlılar da var ki, hərəkət etmirlər. Məsələn, ağaclar, bəzi heyvanlar canlı olsalar da mexaniki hərəkət etmirlər. Onlara yalnız bioloji hərəkət növü xasdır. Bulud və günəşin şəkli sizi ona görə çaşdırır ki, siz onların cansız olduğunu qəbul edə bilmirsiniz. Onlar cansızdırlar və daim hərəkətdədirlər.
2. Obyektin hissəsi də onun xassələrinə aiddir. Biz uşaqlıqdan “həkim” dedikdə ilkin olaraq gözümüzün önünə ağ xalatlı bir insan gəlir. Bu isə o deməkdir ki, həkimin ağ xalatı onun atributu sayıla bilər. Siz insanı xarakterizə edən hissələrlə onun orqanlarını səhv salmayın. Obyektin hissəsi dedikdə yalnız onunla vəhdət təşkil edən hissələr nəzərdə tutulmur. Məsələn, avtomobilin şüşəsi olmasa da avtomobil avtomobilliyində qalır. Amma şüşə onun hissəsidir. Bu cür misalları sonsuz sayda gətirmək olar.
3. Armudu stəkanın çox maraqlı xüsusiyyətləri məhz onun forması və simmetrik quruluşu ilə bağlıdır. Əgər Ramilə xanım armudu stəkanın unikal quruluşunun elmi izahatını bilmək istəyərsə, nəşriyyatımızla əməkdaşlıq edən fizik-alimlər kömək edə bilər.
4. Əgər dəri vasitəsilə aldığımız informasiyanın adı “daktil informasiyadırsa” (rusca – taktilğnaə informaüiə, ingiliscə – tactile information) bəs biz onu başqa sözlə necə adlandıra bilərik? Əgər siz toxunma, eşitmə, görmə və s. terminlərini təklif edəcəksinizsə, bəri başdan deyək ki, toxunma, eşitmə və s. prosesin adıdır. Proseslərin adı ilə informasiyanı adlandırmaq qeyri-elmidir. Proses həmin informasiyanın ötürülmə texnologiyasını müəyyən edir. İnformasiya növünün adı ilə prosesi eyniləşdirmək olmaz.
5. Söylənilən “Səndə olan almanı mənə versən, məndə alma olacaq, səndə yox. Səndə olan informasiyanı mənə versən, məndə də olacaq, səndə də” fikri Nobel mükafatı laureatı, məşhur yazıçı və mütəfəkkir Bernard Şouya məxsusdur (bax: http://www.epwr.ru/quotation/txt_397_14.php). Bu maraqlı fikir 2-ci sinif şagirdləri üçün sadələşdirilmişdir.
Xatırlatmaq istərdik ki, 2-ci siniflər üçün hazırlanmış dərslik şagirdin müstəqil olaraq, özbaşına informasiya alması üçün nəzərdə tutulmur. Tədris prosesində müəllim, şagird və valideyn üçlüyünün böyük əhəmiyyəti vardır. Bu prosesdə isə ən ağır yük isə müəllimin üzərinə düşür. Jurnalistin dərslikdəki təlim materialları ilə bağlı yaranmış sualları onun müəllim üçün metodik vəsaitlə tanış olmamasında irəli gəlir. Bu materialların 2-ci sinif şagirdlərinə aydın çatdırılma texnologiyaları müəllim üçün metodik vəsaitdə geniş şərh olunmuşdur. Nəşriyyatımız İnformatika fənninin tədrisinin metodiki aspektləri ilə bağlı müəllimlər üçün geniş işlər aparır. Nəşriyyatın öz saytı ilə yanaşı, www.informatik.az saytında müəllimlər üçün 500-ə yaxın metodik resurs yerləşdirilmişdir. Raminə xanıma adıçəkilən 2-ci sinif İnfprmatika üzrə müəllim üçün metodik vəsaiti bu saytlardan sərbəst olaraq əldə edib tanış olmağı tövsiyə edərdik.
Facebook şəbəkəsində “İnformatika müəllimləri” qrupu yaradılmışdır ki, burada respublikanın 1000-ə yaxın informatika müəllimi gündəlik olaraq müxtəlif məsələləri müzakirə edirlər. Bu müzakirələrdə dərslik müəllifləri, nəşriyyat rəhbərləri də fəal iştirak edir. Dünyada çox az analoqu olan müəllimlərin belə sosial şəbəkəsi informatika fənninin tədrisini təkmilləşdirilməsinə xidmət edir. Maraqlanan hər bir şəxsi – valideyn, müəllim və jurnalistləri bu qrupdakı müzakirələrə dəvət edirik.
Özümüzü müdafiə və bəraət fikirlərindən çox uzağıq. İnsan beyninin və yaradıcılıq prosesinin məhsulu olan hər bir şeyin təkmilləşdirilməyə ehtiyacı var. Kurikulumun tətbiqinin 2-ci ilində yaranan bu dərslikdə də təkmilləşdirilməyə ehtiyacı olan məqamlar olduğunu inkar etmirik. Bunları biz özümüz də gündəlik olaraq müzakirə edirik. Qərəzdən uzaq, saf məqsədlərlə verilmiş hər bir təklif alqışlanmalıdır. Bu baxımdan Raminə Eyvazqızını nəşriyyatımıza dəvət edir və bu barədə müəlliflərin iştirakı ilə müzakirə keçirməyi təklif edirik. Bizim ünvan və koordinatlarımız “Bakı” nəşriyyatının rəsmi saytında yerləşdirilmişdir”.