Molla Pənah Hüseyn

molla-penah-huseyn
Oxunma sayı: 662






Bu yazını isti-isti də yaza bilərdim. İctimai Palatanın sessiyasından həmən sonra, ilk təəssüratlar altında, qaynar başla, emosiya ilə də yaza bilərdim. Yazmadım.
İctimai Palatanın lider şəxslərinin çıxıb bir üzrxahlıq bəyanında bulunmasında gözlədim. İsa Qəmbərin, Əli Kərimlinin həmin günki rəzaləti kompensasiya etməyə çalışacağına az da olsa, ümidim vardı. Ən azı hər kəsi o məlum və məşum sessiyada baş verənlərin bir qəza olduğuna inandırmaq üçün çaba sərf edəcəklərini, İctimai Palatanın dünyəvi dövlətçiliyə ən möhkəm tellərlə bağlılığına sarsılan inamı bərpa etmək üçün önəmli mesajlar verəcəklərini, addımlar atacaqlarını düşünürdüm.
Olmadı. Olmayınca da bu yazını yazmaq qaçılmaza çevrildi.

Biabırçılığın ilk pərdəsi

Bəs həmin gün nə baş vermişdi? Ağır da olsa xatırlamağa çalışaq.
Sessiyanın aparıcısı Hacı İlqar İbrahimoğludur – zatən problem elə buradan başlayır. Hakimiyyəti səhər-axşam dini siyasətə alət etdiyinə görə, Allahşükür Paşazadənin timsalında dindən öz maraqları naminə istifadə etməyə çalışdığına görə yeri-göyü inlədən bir müxalifət hərəkatı özünün ən ali toplantısının təpəsinə bir hacını, bir imamı gətirib otuzdurur. Üstəlik, buna izn verənlər bizə Azərbaycanda çağdaş, dünyəvi, modern vəd edənlərdir. Adama deyərlər: o nə pəhriz, bu nə alça?

Deyək ki, bunu keçdik. Yaxşı, ölkə həssas günlər yaşayır. Azərbaycanın tanınmış bir yazıçısına terror edilib və qəbul etsək də, etməsək də, bu terrorun arxasında İran və İslam meylli şəxslərin dayandığı qənaəti möhkəmdir. Belə bir həssas məqamda o sessiyanı aparmağı Hacı İlqara həvalə etmək hansı ağılın məhsuludur? Sən sessiyada Rafiq Tağı ilə bağlı xatirəsini bir dəqiqəlik sükutla yad etmək təklifinin səslənə biləcəyini, ya da onun xatirəsinə ehtiram nümayişi ilə bağlı hər hansı başqa bir təklifin ola biləcəyini, buna da İbrahimoğlunun sərt təpki verəcəyini, ara qarışıb məzhəb itəcəyini, sonucda da İctimai Palatanın dünyəvi obrazının zərbə altında qalacağını necə düşünməyə bilərsən? Bunu düşünə bilməyəcək qədər acizsənsə, daha səndən nə ummalıdır xalq, nə gözləməlidir?

Sənin sessiyanda İranın bir parçası olanlar Azərbaycanı Avropanın bir parçası kimi görmək istəyən bir yazıçının xatirəsinə ehtiram göstərilməsini əngəlləyirsə, sən buna müsaidə edirsənsə, pardon, o zaman sənin demokratiyaya da, dünyəviliyə də sədaqətinə şübhə edirəm mən.

Biabırçılığın ikinci pərdəsi

Rafiq Tağının ruhuna hörmətsizlik və dünyəvi dəyərlərə xəyanətdən sonra sessiyada ikinci biabırçılıq pərdəsi açılır. Bu dəfə Pənah Hüseyn səhnədədir. Və…
Və Aşuranın qeyri-iş günü olmasını təklif edir! Ayıb ya, ayıb! O sessiyadan bir ay əvvəl 18 oktyabr – Müstəqillik Gününün qeyri-iş günü elan olunmasını təklif etməyən bir zehniyyətin dərdinə-azarına baxın: Aşura Günü qeyri-iş günü olsun!

Bu qədər açıq yazıram: məhz həmin təklifdən sonra birinci pərdədə yaşanan rəzalətin təsadüf olmadığına mənim heç bir şübhəm qalmır. Əmin oluram ki, baş verənlər öncədən planlaşdırılmış, hakimiyyətin Qərbi dini ekstremizmlə şantajına bəraət qazandırmaq, həmin şantajın ciddiyyətini artırmaq üçün bir təxribatdır.

Hakimiyyət bundan sonra həm birinci, həm ikinci pərdəni Qərbin masası üstünə qoyub rahat-rahat deyə bilər: «Buyurun, baxın görün biz iqtidardan getsək Azərbaycan kimin ümidinə qalacaq – dindən mədət umanların, İrandan həvəslənənlərin… Sizə deyirdik ki, axı, bizik bu ölkədə baş çıxaran, biz olmasaq Azərbaycan bir günün içində şəritə dövlətinə çevriləcək».

Bəli, üstünə basa-basa söyləyirəm: Hacı İlqarla Pənah Hüseynin İctimai Palatanın son sessiyasında çıxardıqları şəbeh bir təxribatdır, düşünülmüş və planlaşdırılmış təxribat!
Və onlar istəklərinə çatdılar. İctimai Palata və onun timsalında demokratik düşərgənin dünyəviliyinə dair yetərincə şübhələr yaratdılar, suallar doğurdular. Hakimiyyət 18 ildə müxalifəti gözdən salmaq üçün inanılmaz enerji sərf elədi, pullar xərclədi, tər tökdü və istəyinə nail ola bilmədi. Onu zəiflədə bildi bəlkə, amma müxalifətə ictimai inamı, etimadı, güvəni sarsıda bilmədi. Ancaq 18 ildə hakimiyyətin müxalifətə etmədiyi, etməyi bacarmadığı pisliyi, yamanlığı bu müxalifət bircə gündə, bircə sessiya ilə özünə etdi. Özünün çağdaşlığa, layiqliyə səmimi bağlılığını şübhə altına aldı.

Biabırçılığın üçüncü pərdəsi

Bu, artıq İctimai Palatanın sessiyasında yox, qəzet səhifəsində baş verir. Molla Pənah Hüseyn sessiyadakı təxribatını bu dəfə daha geniş publika önünə çıxarır. Yazıçı Əli Əkbərlə «Yeni Müsavat»dakı debatda İran ağzı ilə, molla beyni ilə danışmaqda davam edir. Buna el arasında «üzrü günahından betər» deyirlər.

Molla Pənah Hüseyn sanki üzərinə Azərbaycanın real müxalifət cəbhəsinin dinə odaqlanmış, din üzərində təntənə qurmağa çalışan obrazını yaratmaq öhdəliyi götürüb. Həm də elə bir vaxtda ki, bu, hakimiyyətə hava, su kimi lazımdır. Dünyanı azadlıq inqilablarının bürüdüyü, despotik rejimlərin gələcək üçün heç bir şansının qalmadığı və demokratik dəyişiklik dalğasının sürətlə Azərbaycana yaxınlaşdığı bir zamanda YAP hakimiyyətinin yeganə çıxış yolu onun yoxluğunda Azərbaycanın şəriətçilərə təslim olacağı göorüntüsü yaratmaq və Qərbi tərəddüd içərisində buraxmaqdır. Və bu missiyanı Molla Pənah Hüseyn uğurla həyata keçirməkdədir.

Biabırçılığın dördüncü pərdəsi

Bu, artıq başqa dərddir. Mən hələ də anlaya bilmirəm ki, İsa Qəmbərə Pənah Hüseyni bu qədər yaxına buraxmaq nəyə lazımdır? İsa Qəmbər cəmiyyətdə Pənah Hüseynin az qala onun «ağıl xocası» kimi qəbul edilməsinə niyə imkan verir?

Pənah Hüseynin çizdiyi ziqzaqlar göz önündədir: Avropaya interqasiya ilə bağlı bir tədbirdə çıxış edir və «Biz asiyalıyıq!» deyə bas-bas bağırır. Hansı ki, hakimiyyət də Qərbin demokratiya, köklü dəyişiklik tələblərinə elə bu bəhanə ilə qarşılıq verir: Azərbaycanın bir Asiya ölkəsi, Şərq mentalitetinin hökm sürdüyü bir məkan olduğunu deyir və bununla da demokratiyaya hələ tam hazır olmadığını sübut etməyə çalışır!
Hakimiyyətin diffamasiya haqqında qanunu qəbul etməməsini cəmiyyətin buna hazır olmaması ilə əsaslandırmaq üçün əldən-ayaqdan getdiyi bir vaxtda qalxır «Xural» qəzetinin təşkil etdiyi dəyirmi masada bir köşə yazarını, bir yazıçını vurmaq istəyir. Beləcə, həm müxalifətin də söz azadlığına dözümlü münasibətinə şübhələr yaradır, həm də ölkədə söz azadlığına diletant münasibətin cəmiyyətin ümumi dözümsüzlüyü ilə bağlı olduğuna dair rejimin arqumentlərini qüvvətləndirir.

Belə nümunələrin sayını istənilən qədər uzatmaq mümkün olduğu halda İsa Qəmbəri Pənah Hüseynin tezis və tövsiyələrini ciddiyə almağa məcbur edən nədir? Niyə icazə verir ki, Molla Pənah Hüseyn cəmiyyətdə az qala onun «Ağıl xocası» kimi qəbul edilsin? Uğrunda çarpışdığımız dəyərlərə və prinsiplərə qeyri-səmimi münasibət sərgiləyənləri bu qədər yaxına buraxmaq, onları demokratik cəbhədə həlledici adamlara çevirmək nəyə və kimə lazımdır?

Biabırçılığın beşinci pərdəsi

Əslində bu pərdə hələ açılmayıb. Amma proseslərin gedişindən belə başa düşürəm ki, həmin pərdənin oynanılacağı gün də uzaqda deyil. Mən gözləyirəm ki, növbəti sessiyaların birində Hacı İlqar İbrahimoğlu və ya Molla Pənah Hüseyn qalxıb İctimai Palatanın ən ali toplantısını dövlət himni ilə yox, azanla açmağı təklif edəcək. Artıq mən bunlardan hər şey gözləyirəm.

Ən sonda:

İctimai Palatanın bir üzvü də mənəm. Şəxsən bu üzvlük artıq məni incidir, üzür.
İnanıram ki, onun sıralarında olan, məntiq hissini, müdafiə etdiyimiz dəyərlərə, prinsiplərə sayğısını itirməmiş insanlar da eyni üzüntü içindədirlər.

Belədə Palata başbilənlərinin üzərinə tək görəv düşür: çıxıb ən qısa zamanda son sessiyada baş verən rəzalətə görə üzr istəmək və istefa vermək, İctimai Palatanın demokratik, dünyəvi prinsiplərə, dəyərlərə bağlılığını, sədaqətini ortaya qoyacaq, sübut edəcək yeni Koordinasiya Şurası yaratmaq, yalnız həmin dəyərlərə bağlılıq, həmin prinsiplərə sədaqət ruhunda bir hərəkat oluşdurmaq.

Əks halda açıq-açıq deyin ki, bizim sizə bu hakimiyyətdən fərqli şeylər təklif etmək mərifətimiz və məqsədimiz yoxdur, qoy camaat da işini bilsin. Sizə məətəl olmasın.
Yazıqdırlar, insanların ömrü gedir.

Elnur Astanbəyli