Mollaları niyə sevmirik?

mollalari-niye-sevmirik
Oxunma sayı: 713

Niyə? Sual indinin özündə də beynimi saat kimi çaqqıldatmaqdadır. Deyə bilərsiniz ki, ərəbcə müəllim anlamı verən bu peşənin sahiblərini sovet dövründə qəsdən gözdən salıblar. Əsl din adamlarının repressiyasına rəğmən ərəbi, farsı bilməyən istənilən kənd adamı bir iki ayə, bir iki hədis əzbərləyərək molla adını alıb. Yaxşı, mən sizinlə razı! Elə isə, Axundov kimi ateist, Mirzə Cəlil və Sabir kimi Allahsız adlandırılan mütəfəkkirlər bir yana, bəs niyə irfan şeirləri ilə hər kəsin zövqünü oxşayan Seyid Əzim Şirvani mollaları bu qədər ələ salıb, onları müxtəlif lotuluqlarla avam kasıb-kusubun qanını soran fırıldaqçılar hesab edib? Hələ Aşıq Ələsgər! “Aləmə məlum olsun / Yıxıb İranı mollalar!” misralarını yazanda nə qüzeydə şurəvi, nə güneydə dini hökumət qurulmuşdu!

Yenə deyirəm, niyə? Bu yazıq mollaların suçu nədir axı? Fırıldaqçılığa qalanda müəllimimiz, həkimimiz, məmurumuz heç də mollalardan geri qalmır. Amma hədəfdə bu binəvalardır... Gündə beş dəfə namazını qılıb, Ramazanı orucla, Məhərrəmliyi matəmlə yaşayan bu saqqalı soydaşlarımız mentalitetə zidd hansı işi görüblər ki, bu qədər hədəfdədirlər? Nifrət və ironiya hədəfində! Adamın arxasına nə qədər vedrə bağlayarlar, İlahi?! Sən bu zülmü necə götürürsən?

Bəlkə mollalar beynimizdə ölü, ehsan və yas yeri ilə assosiasiya olunur, ona görə... Etiraf edirəm, uşaq ikən mənə elə gəlirdi ki, yasa gələn mollalar bütün ehsanı təkcə yeyir, ölən adamı da özləri ilə götürüb aparırlar. Biz tərəflərdə molla yox idi. Uzaq kəndlərdən gələn tanımadığımız bu saqqalı kişilərdən (əksəriyyəti də kök olurdu) yamanca qorxurduq. Deyirdilər, cənazənin qarşısında addımlayan molla dönüb kəndə baxarsa, tezliklə başqa bir adam da öləcək! Aralıda gizlənib mollaları müşahidə edirdik. Onlar doğrudan da arxaya baxmırdılar.

Böyüyəndən sonra başqa bir həqiqəti anladım: insan mənəviyyatından rişə götürən sənətlə məşğul olanlar bu ağappaq rəngin fonunda daha çox diqqəti cəlb edirlər. Məsələn, bir həkim diskotekada lüt bir gözəlçənin başına fırlanaraq göbək atır! Bu o qədər də gülməli deyil. Əgər bar qəhrəmanımız müəllimdirsə, vəziyyət yumora doğru dəyişir. Polis isə bu vəziyyətdə xeyli gülməli görünə bilər. Bəs molla?! Bah, əməlli-başlı həngamə olar ki... )))

Bəli din həm də mənəvi anlayış olduğundan mollaların səhvi onları daha eybəcər göstərir. Sizə deyim, ədəbiyyat da belədir... Ədəbiyyat digər sənətlərdən daha artıq mənəvi əhəmiyyətlidir! Ona görə tanınmış bir yazıçının yaltaqlığı, yalanı, riyakarlığı insanları daha çox təsirləndirir, onlarda böyük ümidsizlik, qəzəb və kin yaradır.

Amma bu xalq həmişə olduğu kimi, yenə də fırıldaqçı mollalara və yaltaq yazıçılara həkimlərdən, müəllimlərdən və məmurlardan daha çox inanırlar. Neyləsinlər, ümid sonda ölür!