Mollaların yox, öyrətmənlərin bayramı…

mollalarin-yox-oyretmenlerin-bayrami
Oxunma sayı: 908

Ərəbcədən türkcəyə dürtülüb bu söz; “molla” dan qaynaqlanır. Öyrətmən isə... öyrətmən öyrədən, öyüd verən adamdı, xalis türkcədi.

Vikipediyada müəllim sözünün açması belə yazılıb: “Müəllim — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs”. Dili bu qədər ağırlaşdırmağa gərək varmı? Əgər söz özü haqda informasiya vermirsə demək nəsə sorun var. “Öyrədən” özü haqda hər şey deyir. Bu peşənin adamına verilən ad sadə, anlaşılan və dəqiq olsa yaxşı deyilmi?
Həyatında öyrətmən zəhməti olmayan adam varmı? Elə bir peşə sahibindən danışıram ki, cəmiyyətin bütün yükü çiynindədi. Elə bir adam ki, hər şeydən sorumludu. Elə bir peşə ki, onsuz mümkün deyil.

Biz qəribəyik, izaholunmazıq, yorumumuz yoxdu.
Sən Gəncəlisənsə, Gəncədə zəlzələ baş versə, ancaq özün ağrıyacaqsan. Şəkili ağrımayacaq. Sən Şəkilisənsə, Şəkidə partlayış olsa, ancaq özün inciyəcəksən, Naxçıvanlı inciməyəcək. Sən Naxçıvanlısansa, Naxçıvanı su bassa, Lənkəranlı bilməyəcək, Lənkəranlısansa və s. və ilaxır...
Hər məsələdə belədi.

Öyrətmənlərin problemi də özlərindən başqa heç kimi ağrıtmır, maraqlandırmır. Ancaq “müəllim ailəsində” böyüyənlər anlayır bu ağrını. Onların toylarında-düyünlərində, bayramlarında ancaq özləri sevinirlər. Biz ancaq tənqid edəndə başqası haqda düşünürük, vəssalam.

Nə vaxt ki, cəmiyyət öz qüsurlarını gizləmək istəyir, hər şeyi öyrətmənin boynuna yıxır. Tok-şouya gedirik-mövzu “dil” di. Deyirlər, məktəbdə gərək şagirdlərin dilinə fikir versinlər, dilini formalaşdırsınlar, - ailəni nəzərə almadan. Mövzu “kitab” dı. Deyirlər, məktəb gərək mütaliə etməyi öyrətsin şagirdlərə, -yenə də ailəni , məktəbdən sonrakı, məktəbdən kənardakı həyatı nəzərə almadan. Azmı olur məktəbi yaxşı qiymətlərlə bitirib sonradan kitab üzü açmayan?

Küçəni zibilləyirlər, zibilləyənlərin özləri öyrətmənləri qınayır: “ Cəmiyyətə yaxşı tərbiyə vermirlər!”.

Ay öyrətmən, bəs sənin nə dərdin var? Arzuların nədi? Çoxdandı nə TV ekranında görünürsən, nə yazılı mətbuatda, nə ədəbiyyatda. Görünəndə də ancaq söyülürsən.

Hardasan? Nə çəkirsən oralarda? Ürəyin dözməyəndə ara məni, lütfən. Dinləyərəm, susarıq, ağlayarıq bir yerdə. Ey mənim mənsubiyyətim, cəmiyyətimin sütunu, ey övladımı adam edəcək adam, ey keçmişim, gələcəyim...üzülmə. Qüruruna baş əyirəm, mətin ol həmişə, beləcə. Utana-utana deyirəm , ancaq Sən başını dik tut, Sən öyrədənsən! Bayramın kutlu olsun!!!

Və bu Sənə yazılan son yazı olmasın...

31 nömrəli məktəbin məzunu - Aysel Əlizadə