Moskva İttifaqı Qarabağla başladı

moskva-ittifaqi-qarabagla-basladi
Oxunma sayı: 641

Amma Azərbaycan siyasi sistemini silkələyən “ildırım”ın yaranma səbəblərindən danışmazdan əvvəl iki həftə əvvəl Gürcüstanda və bir il əvvəl Liviyada baş vermiş olaylarla bağlı qısa xatırlatmaya ehtiyac var.


Ötən ilin baharında Liviyada başlayan üsyan bir il əvvəl Liviya lideri Qəddafinin insanlığa sığmayan, təhqiramiz qətli ilə başa çatdı. Qəddafi diktator idi, bu, birmənalıdır. Amma Qəddafi xalqı ac saxlamırdı. İnsanların təhsil almaq, sağlamlığını bərpa etmək və digər bu kimi sosial problemləri həll etmək üçün heç bir əndişəsi yox idi. Amma xalq üsyan elədi. Qəddafini devirdi, qətlə yetirdi. İndi Liviyada nə baş verir? Dəqiq məlumatlar olmasa da, arada-bir partlayış olur və sairə. Amma ümumiyyətlə, vəziyyətin əvvəlki ilə müqayisədə necəliyini söyləmək çətindir.

9 il əvvəl Gürcüstanda inqilab baş verdi. Gürcülər ağsaqqal Eduard Şevardnardzeni devirdi. Yerinə gənc, enerjili Saakaşvili gəldi. Bu 9 ildə nədən danışdıqsa, Gürcüstanı özümüzə misal çəkdik. Saakaşvili rüşvətin kökünü kəsdi. Polis şəffaf bir orqana çevrildi. Demokratiya meydan suladı. Və bu meydanda Saakaşvili məğlub oldu. Hətta onun bu məğlubiyyətini də qələbə kimi dəyərləndirdilər. Amma fakt o idi ki, gürcü xalqı ona demokratiya verən bir liderin komandasına “yox” dedi.

Deyilənlərdən belə çıxır ki, Liviya xalqına çörək, gürcü xalqına isə demokratiya lazım deyil? Məsələ ondadır ki, xalqa hər ikisi lazımdır. Və bunlardan hər-hansı birinin olmaması istənilən ölkənin hakimiyyətini gərginlikdə saxlayan “barıt çəlləyi” effekti verir. Çünki hakimiyyətin arzulamadığı partlayış ssenarisinə istənilən an start verilə bilər.



Azərbaycanda bir az çörək, bir az da demokratiya var. Yəni iqtisadi və siyasi azadlıqlar yoxa yaxındır. Artıq hamı dərk edir ki, bu bir azlar sabitlik üçün kifayət eləmir. Üstəgəl hakimiyyət dəhlizlərində də müəyyən “barrikadalar” qurulması müşahidə olunur. Bunu sezmək üçün Gülər Əhmədova ətrafındakı qalmaqalın detallarına azacıq nəzər salmaq yetər. Elşad Abdullayevin son davranışlarından görünür ki, o, “bazarlıq etməyə” hazır olub və indi də hazırdır. Amma hakimiyyətdə kimsə Elşad Abdullayevin nələrə malik olduğunu bilə-bilə onun “bazarlığına” mane oldu və nəticədə məşhur görüntülər faş edildi. Şeir qalmaqalı isə göstərdi ki, hakimiyyətdaxili problemlər var.

Hakimiyyət daxilində olan problemləri, üstəgəl siyasi və iqtisadi azadlıqların azlığının yaratdığı şəraiti Leninin tərif verdiyi inqilabi şəraitin müasir forması da adlandırmaq olar. Aşağılar istəmir, yuxarılar bacarmır, inqilabi fəallıq artır. Deməli, tədbir görmək lazımdır, əks halda gizli bir əl “barıt çəlləyini” alışdıra bilər.
Ciddi tədbirlərin görülməsinə ehtiyac duyulduğu və bunun həm daxildə, həm də xaricdə dərk edildiyi bir vaxtda Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı adlı bir qurum yarandı. Bu ittifaqda birləşənlərin kimliyi ilk baxışda təzadlı görünsə də, bir qədər alt qata nəzər salanda hər şeyin qanunauyğunluğu diqqəti çəkir.

Bakıda hakimiyyəti sərt tənqid edən Rüstəm İbrahimbəyov və Prezidentin yaxın qohumu Araz Ağalarov. Azərbaycanda kifayət qədər iri biznes layihələrinin müəllifi İsgəndər Xəlilov və istefaya göndərilmiş Abbas Abbasov. Rusiya hakimiyyəti ilə müəyyən problemləri olan Telman İsmayılov və Rusiya hakimiyyətinə kifayət qədər yaxın olan, Azərbaycanda da biznes əlaqələrinə malik Vahid Ələkbərov. Bir vaxtlar diaspora fəaliyyətində aktiv olan və hazırda passiv təsir bağışlayan Natiq Ağamirov və Moskvada Qarabağ Fondu kimi bir qurum təşkil etmiş Söyün Sadıqov və sairə. İlkin məlumatlarda Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun da bu ittifaqa dəstək verdiyi bildirilir.

Sözsüz ki, ittifaq barədə düşünərkən yaranan ilk təbii sual belə olur: Bu insanları nə, kim və yaxud hansı məqsəd birləşdirir?

Cavab asan və sadə deyil, amma birmənalıdır: Prezident İlham Əliyev.
Bu insanların hər hansı birinin Azərbaycan Prezidentinə qarşı çıxacağını düşünmək ağılsızlıq olardı. Onların bəyanatında bu məsələ xüsusi qeyd olunur: “ÜATİ üzvləri Azərbaycan prezidenti İlham Əliyevə sadiq insanlardır və bu xətt heç vaxt dəyişməyəcək”.
Amma bu insanların ölkədəki mövcud sabitliyi olduğu kimi saxlamaq üçün hakimiyyətin ikinci və üçüncü eşalonunda olan oliqarx məmurları da dəstəkləyəcəyini söyləmək olmaz. İkinci və üçüncü eşalonu təmizləməklə ölkədə siyasi və iqtisadi azadlıqlara korrektə yox, redaktə xarakterli dəyişikliklər etmək planı artıq qaçılmazdır.

Sözsüz ki, belə dəyişikliklərin həyata keçirilməsi üçün Azərbaycan daxilində də müəyyən təşkilatlanmaya ehtiyac var. Amma çox düşünməyə ehtiyac yoxdur. Belə bir təşkilat artıq var: Ziyalılar Forumu.

Sirr deyil ki, Ziyalılar Forumu inqilabı yox, təkamülü dəstəkləyəcək insanların toplaşdığı bir qurumdur. Deməli, üslub eyniliyi var. Üslub eyniliyindən başqa bu təşkilatlar arasında birbaşa və dolayısı bağlar da var.

Rüstəm İbrahimbəyovun hər iki qurumda təmsil olunması ilk baxışda təəccüblü görünə bilər. Amma onun bir neçə ay əvvəl verdiyi müsahibədə “İlham Əliyev seçiləndə məndən çox sevinən yox idi” deməsini yada salın.

Ziyalılar Forumunun təsisçilərindən biri Eldar Namazovun Söyün Sadıqovla kifayət qədər yaxın əlaqələri var.

Deməli, istənilən an bu iki qurum arasında Azərbaycanın gələcəyi naminə əməkdaşlıq telləri yarana bilər.


***

Yeni yaranmış ittifaqla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin aqressiv bəyanatı və müxalif qüvvələrin adi gözlə sezilməyən qısqanc münasibəti göstərdi ki, bu ittifaq Bakıda birmənalı qarşılanmayıb. İttifaqın təsisçiləri prosesi zərbə altında qoymamaq üçün hələlik fəaliyyətin dondurulduğu barədə bəyanat veriblər. Bütün bu proseslərin fonunda Azərbaycan müxalifəti fəallaşmağa çalışacaq. Maraqların toqquşması və təşəbbüsü əldə saxlamaq uğrunda mübarizənin simptomları yaxın vaxtlarda özünü mütləq göstərəcək.



Bütün bu baş verənlərin ən maraqlı məqamı İttifaqın ilk atacağı addımla bağlı oldu. Verilən məlumatlara görə, İttifaq üzvlərinin yaxın günlərdə Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşü planlaşdırılır. Azərbaycanda Qarabağ probleminin hakimiyyət üçün bütün mənalarda dayaq nöqtəsi olduğunu nəzərə alsaq, ittifaqın bu addımı maraqlı perspektivlərdən xəbər verir. Dəxli yoxdur, Qarabağ problemi yeni ittifaq üçün əsas hədəfdir, yoxsa əsas hədəfə çatmaq üçün vasitə, hər iki halda oyun şamlara dəyəcək...