Moskva təbrik edir

moskva-tebrik-edir
Oxunma sayı: 672

Deməli belə, istifadə etdiyim tarixləri orta məktəbin Ən yeni tarix dərsliklərindən, məşhurların ölüm tarixlərini Vikipediya saytından oğurlamışam. Hadisələr arasındakı uyğunluğu isə yuxuma gələn İyo-Kiyo baba deyib. Həm də narahat olmayın, İyo-Kiyo baba şəxsən halallıq verib!

Keçim yazının mustafasına...

Azərbaycan Prezidentlərini və ya prezidentlik vəzifəsini icra edənləri birləşdirən cəhətləri axtarsaq, çətin ki ortaq məxrəcə gələ bilərik. Kifayət qədər fərqli siyasi simalara məxsus bu tarixi şəxsiyyətləri sevib-sevməməyimizdən asılı olmayaraq gələcək nəsillər üçün onlar tarixin müəyyən səhifələri kimi tədris ediləcəklər. Mən isə prezidentlərimizin vəzifə səlahiyyətlərinə başlaması münasibətilə Moskvadan gələn təbrik zənglərinin qanunauyğun şəkildə Rusiya mədəniyyətinə vurduğu zərbələri – itkiləri qələmə almaq istəyirəm.

Ölkəmizdə ilk prezidentlik səlahiyyətlərini Ayaz Mütəllibov icra etməyə başlamışdır. İlk təbrik zəngi əlbəttə ki, Moskavadan gəlir. Təbrik zəngi gələn gün – yəni 27 may tarixində isə Rusiyanın və SSRİ-nin əməkdaş teatr-kino aktrisası İnna Qulaya dünyasını dəyişir.

Ayaz Mütəllibov vəzifəsində uzun müddət qala bilmir. Məlum səbəblərdən prezidentlik səlahiyyətlərini 1992-ci ilin mart ayında Yaqub Məmmədova ötürür. Həmin gün rəsmi olaraq Moskvanın telefon zəngi barədə xəbər yayılır. Yenə elə həmin gün Rusiya və SSRİ-nin xalq artisti, teatr və kino aktyoru Yevgeniy Yevstiqneyev ölür.

31 oktyabr tarixində andiçmə mərasimindən sonra rəsmən prezidentlik səlahiyyətlərini icra etməyə başlayan Heydər Əliyevə Rusiya Federasiyasından rəsmi təbrik gəlir. Təbrik mətni ölkədə yayımlanan gün isə məşhur Rusiya kinorejissoru Leonid Qayday dünyasını dəyişir. Heydər Əliyevin ikinci prezident seçkisi sonrası da eyni hal təkrarlanır. Rəsmi Moskvanın təbriki və ölüm xəbəri: bu dəfə Rolan Bıkov ölür, Sovetlər Birliyinin məşhur aktyoru və kinorejissoru...

Sonuncu və indiki prezidentimiz İlham Əliyevin təbrikləri isə digərlərindən fərqlənirdi. Rəsmi Moskva onu inauqurasiyadan (bu boyda da söz olar?) öncə təbrik etmişdi. 2003-cü il prezident seçkilərinin həmən ardından təbrik alan yeni prezident bu dəfə Rusiyanın iki kino xadiminin ölümünə “səbəb oldu”. Rusiya kinorejissoru Elem Klimov və Rusiya aktyoru, kinorejissoru Leonid Filatov eyni gündə dünyasını dəyişdilər.

5 il sonra yenə prezident seçkilərində seçki sonrası qalibiyyəti İlham Əliyevin qazandığı bildirildi. Rusiya rəsmiləri yenə də bir az tələsdilər, yəni andiçmə mərasimini gözləmədilər. Moskvadan təbrik gəldi və yenə də iki mədəniyyət xadimi ölür. Həmin gün SSRİ xalq aktrisası Viya Friçevna Artmane və Sovet teatr və kino aktyoru Sergey Stanislavoviç Bexterevin ölüm xəbəri yayılır.

Azərbaycan Prezidentlərinin və ya prezident səlahiyyətlərini icra edənlərin içərisində yalnız birini rəsmi Moskva təbrik etməyib – Əbülfəz Elçibəy. Nə qədər axtarışa verdimsə də, xeyri olmadı. 1992-ci ilin iyun ayında ölən bir rus mədəniyyət xadiminin adına rast gələ bilmədim.