Mövcud olduğuma görə üzr istəyirəm

movcud-olduguma-gore-uzr-isteyirem
Oxunma sayı: 710

O günü dənizkənarı bulvarda limonlu çaydan içib arxamızı gilavara verdiyimiz vaxtda bir şair dostumuz gəlib çıxdı. Burnunu necə sallamışdısa, elə bil Xəzərdə gəmi olmasa da qayığı batmışdı. Səbəb: dostumuz bir qıza vurulub, fikri ciddidir, di gəl, imkan tapıb könlündəki munis duyğuları ona anlada bilmir. Ağır dərddir!

Dostumuz xanımı avtobusda görüb, ağlı başından uçub. Qız işləyir işləməyinə, Alatava tərəflərdə haradasa avtobusdan düşüb aralıqlarda yoxa çıxır. Sual oluna bilər: “Sizin əfəl dostunuz bu aralıqlarda imkan tapıb bir söz deyə bilməzmi ki, siz də bu avara yazı ilə bizim baş-beynimizi aparmayasız”. Dərhal cavab verirəm: “Xeyr, xeyr, hələ istəsəniz bir dəfə də xeyr! Nədən ki, qız həmişə yaşlı bir kişi ilə gəlib-gedir. Atası da ola bilər, əmisi də, iş yoldaşı da...”

Yoxsa mənim dostumu nə bilmisiniz, balacaboy olsa da sərçə kimi şeydi, ağlına verdimi küçədə ayaq üstəcə evlənə bilər. Cenifer Lopezi axşam ver, səhər gəl ürəyin istəyən təhvil al! Ama noolsun, bu binəvanın da kimisə sevib ailə qurmaq hüququ var axı!
Dostum eləmə tənbəllik, bizdən kömək istədi: “Nə edim?”
Qənd boğazıma uçdu, çeçədim, gilavar dayandı, hava bürküdəın ağırlaşdı, qağayıları səsini kəsdi, xidmətçi oğlanın ayağı ilişdi, az qala yıxılıb padnosdakı çayları üstümüzə aşıracaqdı.

“Bir variant tapdım işə yaramadı” – dostum qırıldatdı – “Özümlə bir tay-tuşumu mindirdim avtobusa və onunla söhbət edirmiş kimi könlümdəkiləri qıza eşitdirdim. Ama noolsun, elə bil heç nə eşitmirdi. Heç olmasa bir “yox” desə işimi bilərəm...” – nırçıldayaraq başını buladı.

Sevgi-məhəbbət işlərində bir-neçə uğura imza atmış uşaqlar qərara gəldilər ki, xanım dostlarından birini Əsgər bəyin (“Arşın mal alan”) xalası kimi qızın yanına elçi göndərək... Gərəyi düşünüldü və qərar qüvvəyə mindi.

Təsəvvür edirsiniz də... 21-ci əsr və xala!

Bu yazını yaza-yaza xəyalıma bir əhvalat gəldi. Əhvalat azı 40 il öncə Laçının ucqar bir kəndində baş verib. Qızların çox nadir hallarda məktəbə getdiyi bir vaxtda müəllimlər utanıb qızarmadan “Vaqif” dramını səhnələşdirirlər. Pakizə adlı gözəl-göyçək (indi təbii ki qocalıb), namuslu-iffətli, ildə 3 ya 4 dəfə məktəbə gələn qız Xuramanı oynayır. Əli bəyi oynayan oğlan səhnədə öz “anasını” qucaqlamalıdır. Məşqlərdəkindən fərqli olaraq nümayiş vaxtı bu qucaqlama daha ürəkdən, daha içdən olmalı imiş. Oğlan rolunun öhdəsindən gəlir. Pakizə “iffətinin əldən getdiyini” düşünüb hirslə onun əlindən çıxır və qışqırır: “Aralaş, eşşəyin biri eşşək!”.

Bu gözəl şəhərimizdə çoxlu intellektual Pakizələrə rast gəlmişəm. Onlar son dəbə uyğun geyimlərin, ingilis, fransız dillərindən əzbərlədikləri beş-altı kəlmənin, Facebook-dakı profil sorğularına verdikləri intellektual cavabların içərisində məharətlə gizləniblər. Münbit şərait yaranan kimi içlərindəki Pakizə baş qaldırır.

Mən İstanbulda, Tehranda qəsdən gözəl xanımlara yanaşıb nələrsə soruşmuşam, onlar böyük insani şövqlə suallarıma cavab veriblər. Eyni təcrübəni Bakıda keçirsən, ya cavab verməyəcəklər, ya da səni təhqir edəcəklər. Nədənsə bizim gözəl xanımlar tanımadığı oğlanların onlara həmişə pis niyyətlə yanaşdığını düşünürlər. Hətta bulvarda öpüşən qızlar belə oğlanın qollarının arasında gizlənməyə çalışır, gəlib keçən adamlara gizli-gizli və yazıq-yazıq baxırlar. Bəlkə də genetik qorxu ilə düşünürlər ki, bu dəqiqə adamlar onları daşqalaq edəcək. Oğlanlar isə hərəkətini ətrafdakılara hesablayaraq qıza daha çox soxulur, özünü bu bərabərhüquqlu qarşılıqlı münasibətdə qəhrəman kimi hiss edir.
Son not: bir dəfə “Nərimanov” metrosunda gözəl bir qızla bilmədən toqquşdum. Qız mənə elə nifrətlə baxdı ki, özümü saxlaya bilməyib dedim: “Xanım, bağışlayın, mövcud olduğuma görə üzr istəyirəm!”