Mövqeyini ortaya qoy

movqeyini-ortaya-qoy
Oxunma sayı: 644

Türkiyə 24 şəhid verdi, allah rəhmət etsin, ardınca Vanda baş verən fəlakət, başın sağ olsun vətən. Bir millət iki dövlət prinsipi hər bir Azərbaycan vətəndaşı üçün keçərlidir. Hər zaman azərbaycanlılar Türkiyəyə qarşı birlik nümayiş etdirib, məncə təqdirəlayiqdir, çünki bir xalq kimi birləşə bilməyən feodal idarə sistemin ağır qaydaları altında əzilən , özünü hələdə bütöv xalq, ya da tayfa kimi hiss edə bilməyən toplum, ən azından ağır günlərdə birləşirsə buna da şükür, yahu!

Birləşmən səni daha da gücləndirər, şölələndirər, şövqləndirər. Bu birləşmənin gücü böyükdür, elə böyük olduğu üçün onun birləşə bilən az bir hissəsini tutub zindanlara basırlar.

Gənclər məhbəslərdə, yaşlılar çayxanalarda, balacalar da kabel yada sputniklərin açdığı kanallarda türk dilinə çevrilmiş xarici yıxıb-dağıdıcı, cizgi filmlərinə baxır.

İndi yarısı məhbəsdə, yarısı çayxanalarda, yarısı da televiziyaların başına yığılan xalqı, birləşdirməyə kimin gücü çatacaq? Amma, analoqu olmayan yollar, binalar , asfalt döşəmələr saldıqca, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildikcə, Bakıda hündür mərtəbəli binalar ucaldıqca birləşmə əzmimiz də yüksəlir.

İndi bizi birləşdirən dəyərlər də, bayramlar da başqadır. İndi biz daha müstəqillik gününü yox, “Eurovision”, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük seçilməsi günlərini qeyd edirik. Flaşmoblar, sosial şəbəkələr, bazarlar və çayxanalardan başqa heç harada birləşə bilmirik. Biz bu qəribəlikləri adiləşdirib, heç nə olmamış kimi yola davam edə bilirik. Və çıxış yolunu köşə yazılarında axtarırıq.

“Bizə belə tənqidi yazılar lazım deyil, bizə yol göstərən yazılar lazımdır”- deyir oxucu. Durub bu müəmmalı məsələnin hansı tərəfindən baş çıxara biləcəyimi fikirləşirəm. Bu və ya o şəkildə, köşə yazılarında problemlərə həll yolu axtaran “xalqa” bütün problemlərin kökündə hədəfin elə özünün olduğunu deyirəm. İstəyərəkdən ya əksinə xalq olaraq birləşməyi bacarmalıdır xalq. Əgər bunu bacarmırsa, onda o, öz hisslərinə qapanıb, yağış yağanda romantik, isti olanda aqressiv yazılar yazan yazarların köşə yazılarında, hələ çox çıxış yolu axtaracaq. Yol axtarma, öz istiqamətini müəyyənləşdir.

Aspekt anlayışı, hadisələrə düzgün yanaşma prizmanı, mövqeyini ortaya qoy, mövqesizliyini yox…..!