Mövsüm Səmədovun xanımı Xamneyiyə şeir oxudu - Video

movsum-semedovun-xanimi-xamneyiye-seir-oxudu-video
Oxunma sayı: 1281

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun xanımı Mehparə Səmədova İranda bu ölkənin dini rəhbəri ayətullah Əli Xamneyinin keçirdiyi görüşdə iştirak edib. “Media forum” saytı bildirir ki, görüş iyulun 11-i Tehranda keçirilib. Dini liderin görüşünə qatılanlar “İslami oyanış və qadınlar” mövzusunda keçirilən beynəlxalq toplantının iştirakçıları olub.

Qəbulda söz alan Mehparə Səmədova öncə Azərbaycan dilində ayətullah Xamneyiyə deyib ki, qızı Zəhraxanım ona şeir yazıb. Daha sonra Mehparə Səmədova qızının yazdığı şeiri əlindəki kağızdan fars dilində oxuyub.

Onun dediyinə görə, şeiri qızı Zəhraxanım ayətullah Əli Xamneyiyə yazıb.

Şeir belədir:

Ey vilayətin parlaq ulduzu,
Ey hidayət və səadətin yolu,
Ey İranın qamətinə hündür dağ,
Ey üsyanlar qarşısında möhkəm dayanan,
Sizi görməkdən sevinmişik,
Biz Xomeyni ruhunun aşiqi olmuşuq.
(İran İslam Respublikasında vilayəti-fəqih vəzifəsini daşıyan vəliyi-fəqih ayətullah Xamneyi nəzərdə tutulur).

Görüşdən video yayan "İslamazeri.az” saytı tədbirdə başqa azərbaycanlı xanımların da iştirak etdiyini xəbər verir.

Mövsüm Səmədov ötən il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd Peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb. Həmin il yanvarın 7-də Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Mövsüm Səmədov yanvarın 8-də polisə tabe olmamaq ittihamı ilə 13 sutka iş alıb. Yanvarın 20-də Mövsüm Səmədova ittiham irəli sürülüb. O, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama və başqa cinayətlərdə təqsirli bilinərək 12 müddətinə azadlıqdan məhrum olunub. /Mediaforum/