MSK katibindən Ümid Partiyasına cavab gəldi

msk-katibinden-umid-partiyasina-cavab-geldi-
Oxunma sayı: 688

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında parlament azlığında olan partiyaların MSK-dakı təmsilçisi, qurumun katibi Mikayıl Rəhimov bildirib. MSK katibi konkret olaraq, Ümid Partiyasının Naxçıvanda yerləşən DSK-ların tərkibinin formalaşdırılması ilə bağlı Naxçıvandan hazır siyahı göndərilməsinə dair ittihamlarına cavab verib.

Onun sözlərinə görə, Ümid Partiyası vilayət təşkilatında yoxdur: “Əgər vardırsa, belə bizə müraciət etməyib. Akif Qurbanov isə o dairələrin formalaşmasında bizimlə demək olar ki, əməkdaşlıq etməyib. Apreldə siyahılar MSK-da azlığı təmsil edən nümayəndələr arasında tərtib olunanda o, bildirib ki, nə zaman məsələ MSK-da müzakirəyə çıxarılsa mən onda siyahıları təqdim edəcəyəm. Uzun müddət biz Akif Qurbanovdan bu siyahının MSK-ya təqdim olunmasını tövsiyə etmişik. O, gətirib çıxarmayıb. Naxçıvandan 5 partiyanın təqdimatı ilə siyahı daxil olandan sonra isə həmin partiyaların Naxçıvan vilayət şöbələrinin təşəbbüsü ilə DSK-ların formalaşdırılması qərarına gəlmişik. Yeddi dairənin bu 5 partiya təmsilçiləri arasında bölüşdürülməsinin razılığına gəlmişik”

M. Rəhimov həmçinin deyib ki, Azərbaycanın digər rayonlarında yerdə qalan 118 dairənin 56 dairəsində Akif Qurbanov tərəfindən nümayəndələrin təqdim olunmasına şərait yaratmışıq: “Ayın 19-da MSK-da bu məsələyə baxılıb, amma Akif Qurbanov ayın 15-də MSK-ya siyahı təqdim edib. Əvvəldən siyasi partiyalar arasında Naxçıvanda razılaşma olduğuna görə, onları yerləşdirmək mümkün olmayıb. Naxçıvanda dairədə təmsil olunacaq bütün nümayəndələrin sənədləri bizə təqdim olunmuşdu. Biz bunu Akif Qurbanova da izah etdik. Görünür ki, Akif Qurbanovun Naxçıvanda kimi isə tapıb təyin etmək imkanları olmadığına görə, biz o qənaətə gəldik ki, o vaxta qədər təqdimat olmayıb. Təqdim etdiyi insanlar isə özləri qeyd etdiyi kimi RATİ-nin orada təmsilçiləri olan Həkim Eldostu ilə Elman Abbasov olub. Məşhur insanlardır, siz də tanıyırsınız. Azlıqda qalan partiyaların MSK-dakı nümayəndələri hesab etdi ki, onlar başqa nümayəndə tapmadıqlarına görə bunları təqdim ediblər. Yerli təşkilatların təqdimatını nəzərə alaraq 5 partiyadan yeddi dairə formalaşdı. Onlar özləri də qeyd etdikləri kimi 56 dairədə təmsil olunurlar. Azərbaycanın 5 mindən çox məntəqələrində də iştirak etmək hüquqları var və hələ də sənədlərini təqdim edə bilərlər. Bunun ətrafında bu cür söz-söhbət yaratmaq doğru yanaşma deyil. Sizin saytda oxudum ki, Ümid Partiyası müşavirə keçirib. Müşavirədə həm MSK üzvü Akif Qurbanov, həm də onun dairə seçki komissiyalarına təqdim etdiyi komissiyanın üzvləri iştirak ediblər. Buna etirazımı bildirirəm. Bu qanunlara hörmətsizlikdir və Azərbaycan seçki qanunvericiliyi belə bir hala imkan vermir. Heç bir dairə seçki komissiyasının üzvü partiyanın maraqlarını müdafiə edən formada fəaliyyət göstərməməlidir. Bitərəf olmalıdırlar və partiyalar DSK üzvlüyünə təsdiq olunduqdan sonra partiyalardan çıxmalıdırlar. Təəssüf edirəm ki, Ümid Partiyası belə bir şeyə əl atıb.”

MSK katibi Ümid Partiyasının digər iddialarına da cavab verib: “İkinci də iddia edirlər ki, DSK komissiyalarına onlardan az katib seçilib. Belə baxanda az katib deyil. On dairədə Ümid Partiyasının üzvlərinə etimad göstərilib. Azərbaycan seçki qanun vericiliyinə görə, azlığın katiblərini DSK-nın toplantısında əksəriyyətin səsverməsi ilə qəbul olunur. Demokratik seçimlə DSK-nın katibi təyin olunub. Onlara kimə səs verməklə bağlı təsir etmək olmaz. DSK-nı layiqincə təmsil edə bilən, dairədə yaxşı fəaliyyət göstərən adama ümid edirəm ki, səs verirlər. Daha çox yerə iddia edən partiya daha etimadlı, DSK-ya daha çox səs ala biləcək nümayəndələr verməyə cəhd etməli idi. Ümid Partiyasının siyahısına nəzər yetirsəniz görərsiniz ki, keyfiyyət nəzərə alınmayıb. Ayrı-ayrı rayonlara DSK-nın üzvləri verilib ki, onlar Bakı şəhərində yaşayırlar. DSK müzakirə edəndə bizdən fərqli olaraq yerlərdəki adamları daha yaxşı tanıyırlar. Kimin nə potensiala malik olduğunu da qiymətləndirə bilirlər. Əgər Ümid Partiyasından daha az adam qiymətləndirilibsə, bu partiyaya olan münasibət yox, DSK-nı təmsil edən insanlara olan münasibətdir. Kimisə ittiham etməkdənsə namizədlər verəndə keyfiyyətə fikir vermək lazım idi” .