BMT Baş katibi Qarabağdan danışdı - “Mən şəxsən hazıram”

bmt-bas-katibi-qarabagdan-danisdi
Oxunma sayı: 2149

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, Baş katib Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası və mədəniyyətlərarası dialoqun təşviqinə verilən dəstək və töhfəni xüsusi olaraq vurğulayıb.

Məmmədyarov səmimi qəbula görə Baş katibə minnətdarlıq edib, onu 2019-cu il iyunun 14-15-də Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Sammitində iştirak etməyə dəvət edib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki gün əvvəl Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verib. Görüşün nəticələrinə əsasən Minsk qrupunun həmsədrləri tərəfindən yayılmış bəyanatda da qeyd olunduğu kimi, substantiv danışıqların intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.

A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib, BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.