BMT-nin rezident əlaqələndiricisi Balaxanıda - Fotolar

bmt-nin-rezident-elaqelendiricisi-balaxanida
Oxunma sayı: 1639

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İsakzai və IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanış olublar.

Qonaqlara Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında məlumat verən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qeyd edib ki, ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən bu Zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunub.

Qonaqlar ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb.

Bununla yanaşı, Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə virtual tur təşkil olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yaradılan bu muzeydə “Tullantıdan sənətə” sərgilərində iştirak edən 36 ölkədən 140-dək sənət adamının yaratdığı əsərlər nümayiş olunur.

Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor Bulvarı və Böyükşor gölündə görülən işlər barədə qonaqlara məlumat verən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qeyd edib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş 2.8 mln. m3 dib çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib. Layihə üzrə 2-ci mərhələnin layihələndirmə işlərinin yaxın gələcəkdə yekunlaşması gözlənilir.