BMT Suriyaya göndərməyə müşahidəçi tapa bilmir

bmt-suriyaya-gondermeye-musahideci-tapa-bilmir
Oxunma sayı: 639

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, BMT Baş katibinin sülhün mühafizəsi əməliyyatlarından məsul köməkçisi Herve Ladsous Suriyaya xüsusi missiya üçün 300 müşahidəçinin göndərilməli olduğu halda indiyədək cəmi 150 müşahidəçi tapa bildiklərini ifadə edib.

Ladsous may ayının sonunadək 300 müşahidəçinin Suriyaya göndəriləcəyinə ümidvar olduğunu deyib. Baş katibin köməkçisi BMT Təhlükəsizlik Şurasının aprel ayının 21-də qəbul etdiyi qərarda Suriyaya ilk mərhələdə 90 gün ərzində 300 silahsız hərbi müşahidəçi göndərilməsini nəzərdə tutduğunu bildirərək, missiya üzvlərinin sözügedən ölkədə Kofi Annanın təklif etdiyi sülh planına riayət edilməsi məsələsini araşdıracaqlarını qeyd edib.

Suriyada zorakılıq hallarının davam etməsinin yolverilməz olduğunu deyən BMT rəsmisi həm Bəşşar Əsəd hakimiyyətinin, həm də müxaliflərin aprelin 12-də elan olunan atəşkəsi pozduqlarını bildirib. Ladsous müşahidəçilərin Suriya şəhərlərində hələ də ağır texnikaya rast gəlindiyini xəbər verdiklərini də sözlərinə əlavə edib.