MTN qadın narkotacirləri həbs etdi

mtn-qadin-narkotacirleri-hebs-etdi-
Oxunma sayı: 675

Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilib, onlardan ümumilikdə 213 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. MTN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində “İran - Azərbaycan - Rusiya” marşrutu üzrə narkotiklərin qanunsuz daşınması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Əməliyyat tədbirləri zamanı Moskva şəhərində Rusiya Federasiyasının 3 vətəndaşı saxlanılıb, onlardan 209 kiloqram həşiş aşkarlanaraq götürülüb. Faktla bağlı Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi başlanıb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Abdullayeva Mehriban Rəsul qızı, Nəsirli Cavid İbrahimxəlil oğlu, Nəsirova Nəzakət Eynulla qızı və Əskərzadə Kənan Rəfail oğlu saxlanılmış, onlardan 2 kiloqram 741,5 qram heroin aşkar edilərək götürülüb. Məlum olub ki, Mehriban Abdullayeva, Kənan Əskərzadə, Cavid Nəsirli və onun anası Nəzakət Nəsirova, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Firudin adlı vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq İran İslam Respublikası ərazisində satış məqsədilə qanunsuz əldə etdikləri həmin narkotik vasitəni İran istiqamətindən qaçaq yolla Xəzər dənizi vasitəsilə Azərbaycana gətiriblər.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları – Sadıqova Kəmalə Məhərrəm qızı, Sadıqova İlhamə Məhərrəm qızı, Sadıqova Təranə Məhərrəm qızı və Süleymanov Aslan İsmayıl oğlu ifşa ediliblər. Məlum olub ki, adları çəkilən şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Səfər adlı vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda heroini İran istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətiriblər.

Müəyyən edilib ki, Kəmalə, İlhamə və Təranə Sadıqovalar həmin Səfər adlı iranlı ilə cinayət əlaqəsinə girərək, sonuncuya satış məqsədi ilə külli miqdarda heroin sifariş veriblər. Bundan sonra İlhamə Sadıqova qrupun digər üzvü Aslan Süleymanovla birlikdə, sonuncunun idarə etdiyi «VAZ-2107» markalı avtomaşınla Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İranın Biləsuvar şəhərinə getmiş və orada Səfərlə görüşüblər. Səfər adlı iranlı sifariş verilib heroinin xüsusi qablaşdırılması məqsədilə Aslan Süleymanovdan avtomaşınının ehtiyat təkərini alıb. Bir gündən sonra həmin iranlı içərisinə külli miqdarda heroini qablaşdırdığı ehtiyat təkəri Aslan Süleymanova təhvil verib. Təranə və Kəmalə Sadıqovalar isə şübhə doğurmamaq üçün İlhamə Sadıqovaya və Aslan Süleymanova dövlət sərhədindən ayrı-ayrılıqda keçərək Azərbaycana qayıtmalarını tapşırıblar. Tapşırığa uyğun olaraq, Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən İlhamə Sadıqova adi qaydada keçmiş, Aslan Süleymanov isə idarə etdiyi «VAZ-2107» markalı avtomaşınla həmin heroini İrandan Azərbaycana gizli gətirib. Sonradan onlar Bakı şəhərinə gələrkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıblar. Avtomaşına keçirilmiş baxış zamanı ehtiyat təkərin içərisindən qrupa məxsus 1 kiloqram 970 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirləri davam etdirilərək qrupun digər üzvləri Kəmalə və Təranə Sadıqovalar da saxlanılıblar.

Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.