BMU beynəlxalq universitetlərlə əməkdaşlığını genişləndirir

bmu-beynelxalq-universitetlerle-emekdasligini-genislendirir
Oxunma sayı: 852

Müasir elmi biliklərə yiyələnmiş akademik heyətə və innovativ maddi-texniki bazaya sahib olan Bakı Mühəndislik Universiteti əməkdaşlıq üçün xarici universitetlərin diqqətini cəlb edir. BMU dünyanın bir sıra qabaqcıl universitetləri ilə uğurlu əməkdaşlıq edir. Bu günlərdə universitetlə əməkdaşlığa Gürcüstan Texniki Universiteti də qoşulub. 

“Qafqazinfo” xəbər verir ki, Gürcüstan Texniki Universiteti rəhbərliyinin dəvəti ilə Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov Gürcüstanda olub.

Gürcüstan Texniki Universitetində (GTU)  əməkdaşlıq müqaviləsi imzalanması məqsədilə geniş tədbir keçirilib.Professor Havar Məmmədov Azərbaycanda təhsilin inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BMU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib və GTU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib.

Rəsmi çıxışlardan sonra BMU-nun rektoru Havar Məmmədov və GTU-nun rektoru Arçil Pranqişvili əməkdaşlıq memorandumu imzalayıblar. Memoranduma əsasən iki universitet arasında kadr hazırlığı, müəllim və tələbə mübadiləsi, birgə elmi konfrans və dəyirmi masaların təşkili, elmi tədqiqatların aparılması və s. kimi məsələlər nəzərdə tutulur.

Daha sonra Arçil Pranqişvili tədbir iştirakçılarını Gürcüstan Texniki Universitetin Elmi Şurasının qərarı ilə tanış edib. Bildirib ki, Elmi Şuranın qərarı ilə texnika elmləri doktoru, professor Havar Məmmədov Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb. Havar Məmmədov bu fəxri ada uzun müddət apardığı elmi araşdırmaların uğurlu nəticələrinə, dünya elminə, eləcə də Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Tədbirdən sonra professor Havar Məmmədov GTU-nun maddi-texniki bazası ilə tanış olub, universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.