BMU-da Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirilib

bmu-da-nesiminin-650-illik-yubileyi-ile-bagli-tedbir-kecirilib
Oxunma sayı: 1519

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən Bakı Mühəndislik Universitetində tədbir keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə universitetin tələbə-müəllim heyəti ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu və institutun əməkdaşları iştirak edib.

Tədbir iştirakçıları öncə Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgini ziyarət ediblər. Daha sonra tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş olunub.

BMU-nun rektoru professor Havar Məmmədov çıxış edərək xalqımızın tarixi şəxsiyyətlərini yaxından tanıması baxımından ali təhsil müəssisələrində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Möhsün Nağısoylu hər bir xalqın dünyada tarixi şəxsiyyətləri ilə tanındığını, xalqımızı dünyada tanıdanlardan birinin də Nəsimi olduğunu qeyd edib.

Tədbirin bədii hissəsində universitet tələbələrinin ifasında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olunub.