Müasir Müsavat üsyanları gündəliyə çıxardı

muasir-musavat-usyanlari-gundeliye-cixardi
Oxunma sayı: 631

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, partiyanın son bir ildə fəaliyyəti əsas müzakirə obyekti olub. Sonra isə bəzi ölkələrdə keçən ildən başlayan və hələ də davam edən, sonda xalqın qələbəsi ilə bitən üsyanlar geniş müzakirə edilib. Elə bu günkü toplantının əsas səbəbinin də yaxın-uzaq dövlətlərdə baş verən bu hadisələrin narahatçılığından irəli gəldiyini qeyd edən partiya rəhbərliyi hal-hazırda Azərbaycanda elə ciddi bir durum müşahidə edilmədiyini əlavə edib.

Müzakirələr zamanı hələlik KİV –lər vasitəsi ilə müxtəlif mesajlar verən ayrı-ayrı siyasi qurumlar və siyasi xadimlərin fəallaşmasına toxunan toplantı iştirakçıları ölkədə baş verəcək hər hansı duruma qarşı hazırlıqlı olmağın vacibliyindən danışıblar. Deyilənlərin ciddiyyətini nəzərə alan MMP rəhbərliyi toplantıda iştirak edən Qadınlar və Gənclər Təşkilatının üzvlərinə ayrı ayrılıqda tapşırıqlar verib.

Qeyd edək ki, verilən tapşırıqların bəziləri məxfi saxlanılır. MMP mətbuat xidmətinə partiya rəhbərliyindən daxil olan məlumatda yalnız o bildirilib ki, toplantı iştirakçılarına xalq arasında təbliğat və təşviqat işinin aparılması, həmçinin gedən proseslərin düzgün siyasi qiymətini vermək üçün ictimaiyyət arasında maarifləndirmə işinin qurulması tapşırılıb.