Müavini söz verdi

muavini-soz-verdi
Oxunma sayı: 684

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevlə görüşüb. “Qafqazinfo”nun məlumatına görə, görüşdə təmsil etdiyi qurumun fəaliyyəti, gördüyü işlər barədə nazir müavininə məlumat verən O. Gülalıyev “Kür” Qərargahının daşqın bölgəsində son zamanlar apardığı monitorinq və araşdırmaların nəticələrindən, eyni zamanda fəlakətin təsirinə məruz qalmış vətəndaşları narahat edən problemlərdən danışıb. Kür-Araz daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində görülən işləri qeyd edən Qərargahın koordinatoru mövcud problemlərin həlli ilə bağlı vətəndaş cəmiyyəti institutları ilə FHN və digər aidiyyatı qurumlar arasında olan əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini bildirib.

Görüşdə daşqın bölgəsindəki mövcud vəziyyət müzakirə olunub. O. Gülalıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına edilən çoxsaylı müraciətlər əsnasında təşkilatın bölgələrdə baxış keçirdiyi və hazırda yaşayış üçün müəyyən problemlərin olduğu, 6 rayon üzrə hazırlanmış 45 evin siyahısını nazir müavininə təqdim edərək bu evlərə yenidən baxış keçirilməsinin zəruriliyini bildirib.

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev 2010-cu ilin yazında baş vermiş Kür- Araz daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində dövlət başçısının sərəncam və göstərişlərinə uyğun olaraq görülən işlərdən danışaraq bu istiqamətdə olan bütün problemlərin həll olunmasını, insanların sosial-rifah halının yaxşılaşdırılmasını dövlətin ali məqsədlərindən biri olduğunu bildirib. Nazir müavini qeyd edib ki, Nazirlər Kabinetinin 197 s saylı sərəncamına uyğun olaraq FHN-nin xətti ilə indiyə qədər daşqın bölgəsində 3143 ev tikilib ki, bu evlərin 2673- ü artıq istifadəyə verilib, qalan 470 ev isə tamamlanmaq üzrədir. Təmsil etdiyi nazirliyin cəmiyyət üçün həmişə açıq qurum olduğunu bildirən Orucəli Hacıyev vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa daim önəm verdiklərini söyləyib. Nazirliyin rəsmi internet səhifəsində daşqınlarla bağlı xüsusi bölüm yaradıldığını vurğulayan nazir müavini bütün məlumatların bu bölümə yerləşdirildiyini qeyd edərək saytın vaxtaşırı yeniləndiyini bildirib. Eyni zamanda nazirliyin öz fəaliyyəti və gördüyü çox sahəli işlər barədə ictimaiyyətə daim ətraflı məlumat verildiyini söyləyən O. Hacıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyətini yaxından izlədiklərini qeyd edərək Qərargahın qaldırdığı problemlərə təmsil etdiyi nazirliyin həmişə diqqətlə yanaşdığını bildirib. O, həmçinin “Kür” Qərargahının bir müddət öncə FHN-ə təqdim etdiyi problemli evlərin siyahısının nazirlik tərəfindən diqqətlə araşdırıldığını, həmin evlərə baxış keçirildiyini, siyahıda qeyd olunan bəzi evlərin artıq tikildiyini vurğulayaraq hazırkı siyahıda qeyd olunan evlərə və şikayət məktublarına da nazirliyin müvafiq qurumları tərəfindən ciddi münasibət göstəriləcəyini bildirib.

Görüşdə daşqın bölgəsində bir sıra mövcud problemlərin həlli istiqamətində FHN- lə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub, Qərargah tərəfindən təqdim olunan şikayət məktublarının birgə araşdırılması və yaşayış üçün problemi olan evlərə birgə baxış keçirilməsi barədə razılıq əldə olunub.

Görüşdə Fövqəladə Hallar Nazirliyinin digər məsul şəxsləri iştirak edib.