“Mübariz Əhmədoğlu əldəqayırma politoloqdur” - İttiham

mubariz-ehmedoglu-eldeqayirma-politoloqdur-ittiham
Oxunma sayı: 4581

M.Əhmədoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son proseslərə münasibət bildirib, məsələnin həlli istiqamətində regionda baş verən son proseslərin Azərbaycanın xeyrinə olduğunu vurğulayıb. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünə növbəti dəfə münasibət bildirən politoloq orada məkrli qonşumuz Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutduğunun bir daha sübuta yetirildiyini qeyd edib. Bu mövqeyə görə Rusiyanın Ermənistanı cəzalandıracağını güman etdiyini deyən M.Əhmədoğlu bildirilib ki, Ermənistan danışıqlar prosesini uzatmağa çalışır. Buna görə də Ermənistan beynəlxalq aləmdə də siyasi nüfuzunu itirib.

Maraq doğurduğundan bu məsələni araşdırmaq qərarına gəldik. Həqiqətənmi Rusiya Ermənistanı cəzalandıra bilər? Məsələyə münasibət bildirən Ümid Partiyası sədrinin İctimai məsələlər üzrə sədr müavini Aynur İmranova hesab edir ki, Mübariz Əhmədoğlu məsələlərə əczaçı kimi yanaşır: ”Birinci mən hesab etmirəm ki, Rusiya Ermənistanı cəzalandırsın. Bu cəfəngiyyatdır. Bunun üçün əsas yoxdur. Çünki Ermənistan bütün zamanlarda Rusiyanın dediklərini dəqiqliyi ilə yerinə yetirir. Rusiyanın Cənubi Qafqazda ən uzunmüddətli və etibarlı tərəfdaşı Ermənistandır. Rusiyanın bu ölkədə 2044-cü ilə qədər hərbi bazaları yerləşəcək. Qarabağ Rusiyaya əbədi olaraq Cənubi Qafqaza nəzarət etmək üçün lazımdır. Diqqətlə fikir verin Ermənistana yox, Rusiyaya. Bundan başqa da kim deyir ki, Ermənistan məhz Rusiyanın məsləhəti ilə belə mövqe tutmur? Rusiya onların bütün şərtlərinin Azərbaycan tərəfindən qəbul etdirməyincə Ermənistana güzəştə getməyə imkan verməyəcək. Bu gün Qərb çox təssüf ki, tərəflərə təzyiq etmir. Ona görə də Rusiya aktivliyi ilə göz önündədir. Amma bu o demək deyil ki, Rusiya güzəştlərə hazırdır və Ermənistana güzəştə getməyə imkan verəcək. Mübariz Əhmədoğlu kimi əldəqayırma politoloqların fikri ictimaiyyətdə çaşqınlıq yaratmaqdır. O məsələlərə politoloqdan çox, əsl ixtisası olan əczaçı kimi yanaşır. Bu şəxs neçə illərdir ki, Ermənistan batır, ermənilər Vətənlərini tərk edir kimi boş-boş proqnozlar verir. Məgər biz ermənilərlə insan sayı çox olduğuna görə müharibə eləmirik? Çindir Ermənistan? Burda daha böyük siyasət oynanır. Və bu məsələyə daha fundamental yanaşmaq lazımdır.
Neçə illərdir ki, biz Ermənistanı qeyri konstruktiv mövqedə suçlayırırq. Amma Azərbaycan tərəfi bir dəfə də danşıqların şərtlərini tam olaraq açıqlamayıb. Bundan başqa hər dəfə danışıqlar barədə açıqlamanı ilk olaraq Ermənistan verir və bizi günahkar çıxarır. Sonra Azərbaycan dövləti cavab vermək məcburiyyətində qaldığı üçün münasibət bildirir. Yəni biz heç ölkəmizin Qarabağ münaqişəsinin həllində nə dərəcədə maraqlı olduğunu göstərə bilmirik. Mənə elə gəlir ki, bu sahədə aparılan danışıqlarda artıq taktika dəyişdirilməlidir və problemə yeni baxış ortaya qoyulmalıdır”.

Müstəqil ekspert Elnur Eltürkün fikrincə, Rusiya Ermənistanı o zaman cəzalandıra bilər ki, İrəvan Rusiyanın sözünə baxmasın və ya onun siyasi kursuna zidd separt siyasət yürütsün: “Bu da mümkün deyil. Rusiya Ermənistana öz vilayəti, forpostu və ya koloniyası kimi baxır. Ermənistan tamamilə, rus hərbi sənayesinin nəzarəti altındadır. Bu bir reallıqdır. Üstəlik, Qarabağ məsələsində Rusiyanın Ermənistanı müdafiə etməməsi onun bölgə maraqlarına ziddir. Rusiyanın bölgə strategiyasında bu faktor durur. Rusiya Qarabağ məsələsinə görə, Ermənistana təzyiq etmir. Baxın,danışıqların getdiyi ərəfədə bölgədə atəşkəs pozulur və itkilər baş verir.
Düzdür, Azərbaycan-Rusiya münasibətləri sürətlə inkişaf edir və iki ölkə arasında münasibətlər əvvəllər mövcud olmayan formada davam edir. Rusiyada Azərbaycanı müdafiə edən siyasətçilər, qruplar var. Amm, bu azdır. Ölkənin əsas siyasi fiqurları, xüsusilə, hərbi sənaye kompleks Ermənistanı müdafiə edir. Biz bunu zaman-zaman verilən bəyanatlarda da görürük. Gərək, Rusiyada demokratikləşmə prosesi başlasın və ölkədə elə bir siyasi hakimiyyət yaransın ki, onların xarici siyasətində sülh prinsipləri əsas prioritet xəttinə çevriləndən sonra, hansısa müsbət dəyişiklikdən danışmaq olar. Mən, şəxsən bunun yaxın üfüqlərdə baş verəcəyinə inanmıram. Rusiyanın bölgə ilə bağlı siyasəti dəyişməlidir ki, biz bu məsələdə dəyişikliklərin şahidi olaq. Hansısa məsələyə populist, şüarçılıq açıqlaması ilə baxmaq olmaz”.


Mənbə
24saat.az