Mübariz Qurbanlı prezidentlərin növbəti görüşü haqqında açıqlama verdi

mubariz-qurbanli-prezidentlerin-novbeti-gorusu-haqqinda-aciqlama-verdi
Oxunma sayı: 702





“Kazan görüşü Azərbaycanın mənəvi-psixoloji üstünlüyü ilə başa çatdı. Hesab edirəm ki, bu görüşdə ermənilər məyus şəkildə oranı tərk etdilər”. Bu barədə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Kazan görüşündən sonrakı vəziyyəti şərh edərkən deyib. O bildirib ki, Azərbaycan diplomatik üstünlüyü də burada özünü göstərdi. M.Qurbanlının sözlərinə görə, Kazan görüşündə müəyyən açıqlama verilmədi, lakin bu görüş heç də tam nəticəsiz deyildi.

“Burada aparılan danışıqlar və xüsusilə bu danışıqlarda Rusiya prezidenti Dmitri Medvedevin iştirakı və vasitəçiliyi növbəti mərhələlərdə danışıqlar prosesində müəyyən uğurların əldə edilməsi üçün baza yarada bilər. Lakin görürük ki, ermənilər qeyri-konstruktivlik nümayiş etdirir, eyni zamanda, hərb cəbhəsində atəşkəsi pozmaqla danışıqlara arxadan zərbə vurur, Amma indi proses necədir? Bu prosesdə ABŞ, Rusiya və Fransa kimi 3 böyük dövlət iştirak edir və Kazan görüşü ərəfəsində ABŞ prezidenti Barak Obamanın prezident İlham Əliyevlə telefon danışığı etməsi, Fransa prezidenti Nikola Sarkozinin İlham Əliyevə məktub göndərməsi, Rusiya prezidentinin birbaşa bu görüşdə iştirakı onu göstərirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində böyük dövlətlər hansısa bir variantı həll etmək, hansısa bir variant üzərində dayanmaq üzrədir. Lakin ermənilərin “şıltaqlığı” və tərsliyi bu prosesi daha sürətlə həyata keçirməyə mane olur. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gəlməsi və prezident İlham Əliyevlə görüşü onu göstərir ki, məsələnin həlli ilə əlaqədar intensiv proses ortadadır. Hesab edirəm ki, bundan sonrakı prosesdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfərləri, prezident İlham Əliyevlə Ermənistan rəhbərliyinin apardığı son danışıqlar onu deməyə əsas verir ki, yaxın vaxtlarda prezidentlərin növbəti görüşü keçirilə bilər. Hesab edirəm ki, bu gün prosesin yekunlaşması və sülh müqaviləsinin imzalanması üçün ən çox Ermənistana təzyiq edilməlidir, çünki bu işdə o, qeyri-konstruktivlik nümayiş etdirir”, - deyə o əlavə edib.

M.Qurbanlı vurğulayıb ki, Azərbaycan tərəfi bu məsələdə mövqeyini açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayında, o cümlədən Nazirlər Kabinetinin 6 aylıq hesabatı ilə əlaqədar keçirilən yığıncaqdakı çıxışında Azərbaycan və dünya ictimaiyyətini hadisələrin gedişi ilə geniş və ətraflı şəkildə bir daha tanış edib: “Prezident İlham Əliyevin söylədiyi fikirlər bir daha onu göstərir ki, Azərbaycan tərəfi məsələni Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll etmək istəyindədir. Prezident bir daha bildirdi ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə mövzusu deyil. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Əks təqdirdə aparılan danışıqlar heç bir nəticə verməyəcək. Azərbaycan tərəfi kompromis olaraq Dağlıq Qarabağda yaşayan ermənilərə müasir dünyamızda mövcud olan özünüidarə hüququnun ən yüksək statusunu verməyə hazır olduğunu bəyan edib və bu fakt ortadadır. Ona görə də Kazan görüşündən sonra prosesin irəliyə getməsi üçün ATƏT-in Minsk qrupuna həmsədr ölkələrinin Ermənistana lazımi səviyyədə təsir etməsi vacibdir. Azərbaycan Ermənistana lazımi səviyyədə təsir göstərib və bunun nəticələri də göz önündədir. Biz Ermənistanı regional, iqtisadi layihələrdən kənarda saxlamışıq və buna nail olmuşuq. Bundan əlavə, Ermənistanda iqtisadi inkişafın sürətlənməsinə əngəl olmaq üçün lazımi addımlar atmışıq və bunun nəticəsi ondan ibarətdir ki, Ermənistanda əhalinin xarici ölkələrə köçməsi sürətlə getməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər proses belə gedərsə, bir neçə ildən sonra Ermənistanda 1 milyon erməni qalacaq. Ermənistanı müdafiə edən dairələr də bundan çox böyük narahatlıq keçirirlər. Ümumilikdə, "Kazan görüşündəmn sonra proses necədir" sualına cavab versək, qısa deyərdim ki, proses Azərbaycanın xeyrinədir və gələcəkdə bunun nəticələrini görəcəyik”.