Mübarizədən qaçmayın

mubarizeden-qacmayin
Oxunma sayı: 666

İslamın əmrinə əsasən insan Allahın rəhmətindən ümidini kəsməməli, ən çətin anlarda belə Uca Xaliqinə ümid bağlayıb, Ona təvəkkül etməlidir. Qurani-Kərimdə bu mövzuya dair bir çox ayə vardır.
Ümidsizliyin insan həyatında çox böyük fəsadlara səbəb olduğu, hətta bəzi hallarda ölümlə nəticələndiyi gizli deyil. Elə tibbi nöqteyi-nəzərdən də yanaşsaq görərik ki, sağalmasına ümid edən xəstələrin əksəriyyəti şəfa tapmışlar. Onlardan hətta xərçəngə mübtəla olmuş ağır xəstələrə də təsadüf edilmişdir. Bunun sirrini isə İslam əxlaq alimləri çox gözəl bəyan edirlər. Belə ki, ümid insanın müəyyən hədəf və məqsədlər üçün çalışmasına və ciddi səy göstərməsinə rəvac verir. Hər hansı bir hədəfə çatmaq arzusunda olan insan gecə-gündüz arzusuna qovuşmaq üçün düşünür, bu istiqamətdə səylərini artırır. Bu labüddür. Çünki səy olmasa, arzu da arzu olaraq qalacaq. “İnsana ancaq öz səyi (zəhməti, əməli) qalar!” (Ən-Nəcm surəsi, ayə 39) İnsanın canlı hüceyrələrdən təşkil olunduğunu bilirik. Məhz ümid nəticəsində həmin hüceyrələrin fəaliyyəti və aktivliyi artır, bununla da xəstə üzvün ətrafında aktivlik güclənir. Bu aktivlik sonda xəstə üzvün fəal hüceyrələr tərəfindən məğlub edilməsilə nəticələnir.
Məşhur Akerikalı tibb mütəxəssisi Doktor Marden deyir: “Ümidsizlik və bədbinlik sağlamlığa mənfi təsir göstərir və əxlaqi dəyərlərin zəifləməsinə səbəb olur.”
Əvvəldə qeyd etdiyimiz kimi, ümidsizlik bəzi hallarda ölümə və intiharlara səbəb olur. Qurani-Kərimin “Ən-Nisa” surəsinin 29-cu ayəsində buyurulur: “Bir-birinizin mallarını haram yolla yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” Ayə açıq şəkildə insanın özünü öldürməsini qadağan edir. Belə ki, intihar əsasən ümidsizlik və çarəsizlikdən doğan bir faktdır. Ümidsiz şəxs intiharla dünya həyatının problemlərində yaxa qurtarır, lakin Uca Allahın əmrinə qarşı çıxdığına görə axirət cəzasına daxil olur. Demək intihar heç də problemlərin həlli yox, onlardan qaçmaq və daha böyük problemlə - əbədi axirət əzabı ilə üzləşməkdir.
Qeyd edilən ayədə bizim cəmiyyət üçün də aktual olan bir mövzu var.
“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haram yolla yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” (Ən-Nisa surəsi, ayə 29) ayəsinin təfsirində buyurulur: “İntiharla bir-birinin malını haram yolla yemək arasında hansı əlaqə mövcuddur ki, Allah-Təala bunları ardıcıl olaraq bir ayədə zikr edir? Bu sualın cavabı tamamilə aydındır. Quran bu iki məsələni ardıcıl qeyd etməklə onların cəmiyyətdəki əhəmiyyətinə işarə edir. Əgər cəmiyyətdəki iqtisadi münasibətlər düzgün məcrada cərəyan etməsə, zülm, ədalətsizlik, rüşvətxorluq və qəsbkarlıq çoxalsa, bu zaman fərdlərin intihar cəhdləri artar və xəstə iqtisadiyyat sonda cəmiyyətin süqutu ilə nəticələnər.” (“Əmsəl” təfsiri, c.3, səh. 187)
Həqiqətən də intiharların iqtisadi böhran və ya ədalətsizliklər baş qaldırdığı ölkələrdə daha çox olduğu nəzərə çarpır. Bu yaxınlarda verilən statistik məlumatda da Avropa ölkələri arasında ən çox intihar faktının məhz Yunanıstanda baş verdiyi qeyd olunurdu.
Göründüyü kimi, intihar problemin həlli yox, ondan qaçmaqdır. Bunun əvəzində iqtisadi vəziyyətimizi yaxşılaşdırmaq üçün ciddi səy göstərməli və cəmiyyətdəki ədalətsizlik hallarına göz yummayıb ciddi mübarizə aparmalıyıq.