Müəllimlər üçün vahid geyim hazırlanır

muellimler-ucun-vahid-geyim-hazirlanir
Oxunma sayı: 1232

"Bakı Tikiş Evi"nin Satış şöbəsinin rəisi Etibar Əzimov Trend-ə deyib ki, Bakı məktəblərindən biri artıq müəllimləri üçün vahid geyim formasının istehsalı məqsədilə onlara müraciət edib. Hazırda "Bakı Tikiş Evi"ndə bununla bağlı iş aparılır.

Əzimov bildirib ki, şagirdlə müəllimin geyimi eyni ola bilməz. Buna görə də müəllimlər üçün vahid forma şagirdlərin geyim formasından fərqlənəcək. Müəllimlər üçün bir neçə variantda geyim forması hazırlanacaq.

"Hələlik geyim forması hazırlanır, onun necə olacağı ilə bağlı son qərar verilməyib. Buna müəllimlər də öz fikirlərini deməlidirlər", - şöbə rəisi əlavə edib.
O qeyd edib ki, bu geyim formaları yalnız gələn il hazır ola bilər.
Əzimovun sözlərinə görə, hansısa məktəb sifariş edərsə, onlar üçün geyim istehsal edilə bilər.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bütün orta məktəb müəllimlərinin vahid geyim formasına keçməsini tövsiyə edir. Artıq Bakıda 10-a yaxın məktəbin müəllimləri vahid formaya keçib.