“Mühüm hadisələr baş verəcək”

muhum-hadiseler-bas-verecek
Oxunma sayı: 647

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Millət vəkili Azərbaycanın bu nailiyyətini prezidentin uğurlu xarici siyasəti hesabına əldə etdiyimizi bildirib: “Artıq Azərbaycan Respublikası dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına sədrliyə başlayıb. Hər kəsə bəllidir ki, BMT-nin Təhlükəsizlik Şurası bu mötəbər beynəlxalq təşkilatın üst qurumdur. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi özü çox böyük tarixi nailiyyətidir və mən deyərdim ki, 20 illik zaman kəsiyində o qədər də böyük olmayan tarixi anda Azərbaycanın beynəlxalq səviyyədə bu şəkildə nüfuz qazanması heç şübhəsiz Azərbaycan dövlətinin, prezidentin həyata keçirdiyi uğurlu xarici siyasətlə görədir. Azərbaycanın rəsmi olaraq Təhlükəsizlik Şurasına sədrliyə başlaması da çox tarixi hadisələrdən biridir. Bu münasibətlə prezidentimizi, xalqımızı təbrik edirəm və tamamilə əminəm ki, istər sədrlik zamanında, istərsə də 2 illik qeyri-daimi üzvü olduğu zamanda Azərbaycan beynəlxalq hüquq sisteminə çox əhəmiyyətli töhfələr verəcək, dünyada sülhün, təhlükəsizliyin təmin edilməsində ciddi uğurlara addım atacaq. Mən ümid edirəm ki, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsində bu beynəlxalq təşkilatın imkanlarından istifadə olunacaq. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu 4 qətnamənin icrası üçün yeni imkanlar açılacaq və Ermənistanın işğalçılıq siyasətinə son qoyulacaq. Bütövlükdə regionda, Qafqazda sülhün təmin olunmasında çox mühüm hadisələr baş verəcək. Mən bundan sonra da daha böyük uğurlara imza atacağımıza şübhə etmirəm. Çünki Azərbaycan dövlətinin xarici siyasəti ulu öndərimizin siyasətinə əsaslanır və bu siyasət Azərbaycana hər zaman uğur gətirib”.