Müsabiqədə birinci yer tutan daha bir yazı - Mətn

musabiqede-birinci-yer-tutan-daha-bir-yazi-metn-
Oxunma sayı: 1169


Ekologiyanı necə qorumaq olar?

İnsanlar vəziyyətdən çıxış yolunu alternativ enerji mənbələrinin axtarışında tapmağa çalışırlar

Ötən əsrin əvvəllərindən başlayaraq dünyanın geosiyasi və geoiqtisadi mənzərəsində çox ciddi dəyişikliklər baş verib. Təbii ki, bu dəyişikliklərin baş verməsinin əsas səbəblərindən biri super dövlətlərin xarici maraqlarının toqquşması ilə bağlıdır. Enerji resursları, xüsusilə də neft və qaz, belə demək mümkündürsə, bu maraqların önündə dayanır.

Bu gün dünyada istehsal olunan elektrik enerjisinin 39 faizi neftin payına düşür. Sözügedən amil isə bu yanacaq növünün strateji əhəmiyyətindən xəbər verir. Hazırda dünya dövlətləri elektrik enerjisinə olan tələbatı müxtəlif yollarla, xüsusilə alternativ enerji mənbələri hesabına əldə etməyə, neftə olan asılılığı minimuma endirməyə çalışırlar. Bu mənbələrdən biri də aton enerjisidir. Artıq uzun illərdir ki, bir çox inkişaf etmiş dövlətlər bu mənbədən istifadə edirlər. Ancaq dünyanın ən qabaqcıl ölkələrindən biri olan Yaponiyada baş verən son hadisələr atom enerjisinin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu göstərdi. Buna görə də Almaniya kimi bir dövlət atom elektrik stansiyalarının fəaliyyətinin dayandırılmasının vacibliyini bildirdi. Görünür neft hələ bundan sonra uzun illər ən etibarlı enerji mənbəyi olaraq qalacaq.

Bu gün Yer kürəsi üzrə neft ehtiyatları 140-200 milyard ton arasında qiymətləndirilir. Bunun 5 milyard tonu isə Azərbaycanın payına düşür. Bununla Azərbaycan böyük neft istehsalçıları olan ABŞ, Liviya, Nigeriya, Çin kimi ölkələri qabaqlayır. Təbii ki, bu olduqca böyük göstəricidir. Buradan da bir daha Azərbaycanın strateji əhəmiyyəti özünü qabarıq şəkildə büruzə verir.

Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda elektrik enerjisinin alınması, atom enerjisindən istifadə, həmçinin neft-qaz hasilatı zamanı ekoloji mühitə kifayət qədər təsirlər olur. Götürək atom enerjisini. Qeyd etdiyimiz kimi, dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiyanın Fukusima atom elektrik stansiyalarında baş verən partlayışlar nəinki insanlara, ekologiyaya da çox böyük zərər vurdu. Sözsüz ki, hadisə nəticəsində ətraf mühitə dəyən zərər hələ uzun illər özünü göstərəcək. Eləcə də neft-qaz amili. Bu qiymətli yanacaq növünün hasilatı, emalı, nəqli və s. zamanı ətraf mühitə təsirlər müşahidə olunur.

Artıq uzun illərdir ki, insanlar vəziyyətdən çıxış yolunu alternativ enerji mənbələrinin axtarışında tapmağa çalışırlar. Təbii ki, dünyanın enerji daşıyıcılarına və elektrik enerjisinə tələbatı da daim artır. Bu tələbatı qarşılamaq üçün alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi zəruridir.

BMT-nin hesabatına əsasən, 2008-ci ildə dünyada alternativ enerji mənbələrinə 140 mlrd. USD, neft və kömürün istehsalına isə 110 mlrd. USD vəsait xərclənib. Dünya üzrə ümumilikdə külək enerjisindən istifadəyə 51.8 mlrd., günəş enerjisindən istifadəyə 33.5 mlrd., bioyanacaqdan istifadəyə isə 16.9 mlrd. USD vəsait xərclənib. Avropa ölkələri 2008-ci ildə alternativ enerjiyə 50 mlrd., Amerika 30 mlrd., Çin 15.6 mlrd., Hindistan isə 4.1 mlrd. USD vəsait sərf edib.

Almaniyanın alternativ enerji imkanları nəinki öz sərhədləri daxilində, həmçinin digər qitələrdə də yüksək qiymətləndirilir. Belə ki, Almaniyanın 20 nəhəng konserni Afrikada iri Günəş elektrostansiyası layihəsi üzrə bir araya gəliblər. Ümumi dəyəri 400 mlrd. avro olan layihəyə əsasən, Avropaya ilk enerji nəqli 10 ildən sonra reallaşacaq. Ortamüddətli perspektivdə İtaliya və İspaniyadan da bu layihəyə qatılanların olacağı gözlənilir. Reallaşdıqdan sonra layihə Avropanın enerji tələbatının 15 %-ni ödəyəcək.

Çin bərpa olunan mənbələrin istifadəsinə qoyulan investisiyaların həcminə görə dünya lideridir. Hazırda bu ölkədə gücü 10-20 QiqaVatt, ümumi dəyəri 15 mlrd. dollar olan dünyanın ən nəhəng altı külək elektrik stansiyası tikilməkdədir. Ölkə külək enerjisi ehtiyatlarına görə dünyada birinci, onlardan istifadənin həcminə görə dördüncü yeri tutur. Bu ölkənin iqtisadi inkişafının əsas məqsədlərinə külək enerjisindən istifadəni daha da genişləndirmək də daxildir. Belə ki, 2020-ci ildə Çin öz külək stansiyalarının ümumi gücünü 100 QVt-a çatdırmaq niyyətindədir.

Günəş enerjisindən istifadə üçün zəruri olan panellərin istehsalı üzrə ən böyük zavodlar da məhz Çində yerləşir. Onlar öz məhsullarının 95%-ni ABŞ və Avropaya ixrac edir. Çin hidroenerji resurslarından istifadəyə görə də dünya liderlərindəndir. Ölkə 2030-cu ilə qədər tamamilə külək enerjisindən istifadəyə keçmək imkanına malikdir. Amerika alimləri bu qənaətə öz hesablamaları ilə gəliblər.

Yapon şirkətləri isə Günəş elektrostansiyalarını kosmosda quraşdırmaq niyyətindədirlər. Layihədə Yaponiyanın 16 iri şirkəti, o cümlədən Mitsubishi Heavy Industries birgə iştirak edir. Kosmosda Günəş Enerjisi Sistemi (Space Solar Power System) adlandırılan layihəyə əsasən, Günəş elektrostansiyası orbitdə yerləşdiriləcək.

Mütəxəssislərin hesablamalarına görə, ciddi dəyişikliklər baş verməsə, dünyanın enerji daşıyıcılarına olan tələbatı növbəti 20 ildə 45% artacaq. Bu artımın yarıdan çoxu Çin və Hindistanın payına düşəcək. Beləliklə də, artımın 87%-i inkişaf etməkdə olan ölkələrə təsadüf edəcək və onların dünya enerji daşıyıcıları istehlakında payı 62%-ə çatacaq. Nəticədə CO2 (karbon qazı) emissiyası 2030-cu ilədək 45% artacaq və bu, Yer kürəsinin ümumi temperaturunun 6oC-yədək artmasına səbəb olacaq. CO2 artımının dörddə üçü Çin, Hindistan və Yaxın Şərqin, 97%-i inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Dünya tendensiyasından fərqli olaraq, yalnız Yaponiya və Avropa Birliyində tullantıların həcminin azalması müşahidə olunacaq.

Artıq dünyanın inkişaf etmiş ölkələri ekoloji təmiz enerji mənbələrindən istifadə üzrə ciddi addımlar atmağa başlayıblar. Lakin iqlim dəyişiklikləri qlobal prosesdir və burada dünyanın bütün ölkələrinin koordinasiya olunmuş fəaliyyəti zəruridir.

Qlobal iqlim dəyişiklikləri alternativ, yaxud bərpa edilən enerji mənbələrindən istifadəni stimullaşdıran yeganə amil deyil. Digər mühüm amil enerji təhlükəsizliyi problemidir. Dünyanın enerji daşıyıcılarına olan tələbatının artması fonunda onların hasilatının yalnız bir neçə regionda artacağı proqnozlaşdırılır. Belə ki, neft hasilatı artımı yalnız Yaxın Şərqdə, Kanadada, Xəzər regionunda və Braziliyada baş verəcək. Təbii qazın hasilatı Yaxın Şərqdə 3 dəfə, Afrikada 2 dəfə artacaq. Alimlər hesab edir ki, enerji istehlakçılarının bir neçə istehsalçı ölkədən asılılığının artması tendensiyası gələcəkdə enerji təhlükəsizliyinə maneə yarada bilər.

Dünyada artıq enerji istehlakını və CO2 tullantılarının miqdarını azaltmağa imkan verən texnologiyalar və strategiyalar mövcuddur. Lakin onları indidən reallaşdırmaq lazımdır. 2009-2030-cu illərdə dünyada bərpa olunan enerji mənbələrinə əsaslanan elektrik istehsalı azı iki dəfə artacaq. AB-də külək enerjisindən istifadə indiki 2%-dən 14%-ə yüksələcək və enerji istehsalı artımının yarıdan çoxunu təşkil edəcək. 2030-cu ildə Avropada enerji istehsalının 30%-i bərpa olunan mənbələrə əsaslanacaq.

Hazırda Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün bütün imkanlara malikdir. Bunu ölkə rəsmiləri də bildirirlər. Qeyd olunur ki, Azərbaycanda, əsasən, kənd yerlərində külək enerjisindən istifadə üçün imkanlar var. İl ərzində ölkədə küləyin orta sürəti saniyədə 3 metrdən 7 metrədək dəyişir. Respublikada günəş enerjisindən istifadə üçün də hər bir şərait var. Azərbaycan ərazisində günəşli günlərin sayı ildə 260-280 təşkil edir. Həmçinin ölkədə termal suların enerjisindən istifadə imkanları mövcuddur. Belə ki, əsasən Quba rayonunda termal su ehtiyatları böyükdür.

Artıq bütün dünyada iqtisadi inkişaf müxtəlif növ enerjiyə tələbatın artması ilə müşayiət olunur. Bunun nəticəsində bir sıra ekoloji problemlər meydana çıxır. Qlobal istiləşmə, səhralaşma və quraqlıq, biomüxtəliflik, ozon qatının dağılması kimi problemlər son vaxtlar insan həyatı, ümumiyyətlə, bütün canlı aləm üçün real təhlükəyə çevrilib. Dünyada, o cümlədən Azərbaycanda belə mühüm problemlərin həlli “Ozon qatının qorunması haqqında Vyana Konvensiyası” (1985), “Ozon qatını dağıdan maddələr haqqında Monreal Protokolu” (1987) və Protokola düzəlişlər (London-1990, Kopenhagen-1992, Monreal-1997), “Dayanıqlı inkişaf haqqında” BMT-nin XXI əsrin gündəliyi konfransı (Rio-de Janeyro-1992), Avropa ölkələrinin ətraf mühit nazirlərinin konfransı (Lyusem-1993), “Dayanıqlı energetika və parnik effekti yaradan qaz tullantılarının azaldılması haqqında Kioto Protokolu”nun (1997) prinsiplərinə əsaslanıb. Bu prinsiplər əsasında yaradılmış konsepsiya artıq bəyənilib və “Ətraf mühitin mühafizəsi üzrə Milli İcra Planı”na daxil edilib.

İcra mexanizmləri nəzərə alınmaqla bərpa olunan enerji mənbələrindən istifadəni inkişaf etdirmək üçün Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü il oktyabrın 21-də “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq olunub. Sözsüz ki, vaxtında qəbul olunmuş bu dövlət proqramı milli energetikanın tərəqqisi naminə yeridilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Bu gün bərpa olunan enerji mənbələri ilə məşğul olan mütəxəssislər bu sahənin inkişaf perspektivlərinə şübhə etmirlər. Ən başlıca məsələ ölkədə bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə kapital qoyuluşu üçün hüquqi bazanın yaradılmasıdır. Bununla bərabər, sahənin inkişafına mane olan bir sıra amillər də var. Bunlardan alternativ enerji mənbələrinin perspektivləri barədə əhalinin lazımi dərəcədə məlumatlandırılmamasını, bərpa olunan enerji mənbələrindən istifadənin özünəməxsus xüsusiyyətlərindən irəli gələn digər səbəbləri - ənənəvi təcrübənin yoxluğunu, peşəkarların azlığını, müasir texnologiya və reklamların çatışmamasını, xaricdə istifadə olunan avadanlıqlar haqqında informasiyanın qıtlığını, cəlbedici layihələrin olmamasını və s. göstərmək olar.

Təbii ki, yaxın gələcəkdə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə göstərilən problemlər öz həllini tapacaq. Bu işdə isə nəinki ayrı-ayrı dövlətlər və şirkətlər, hər bir insan əlindən gələni etməlidir.

Nail Rəhimzadə, “İki sahil”


Ötən gün KİVDF-nin direktoru Vüqar Səfərlinin oğlu Seymur Səfərlinin I yer tutan yazısını təqdim etmişdik. Həmin yazını bu linkdən oxuya bilərsiniz: http://qafqazinfo.az/M%C3%9CSABIQ%C6%8FD%C6%8F__BIRINCI_YER_TUTAN_YAZI_%E2%80%93_M%C6%8FTN-441-xeber.html