Müsavat başqanlığına daha bir namizəd

musavat-basqanligina-daha-bir-namized
Oxunma sayı: 638

Müsavat Partiyasının martın 3-4-də keçiriləcək qurultayında İsa Qəmbər namizədliyini irəli sürməyəcəyindən başqanlığa iddialılar bir-bir məlum olur. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının namizəd olacağı artıq bəllidir. Amma onun vahid namizəd olmayacağı da gözlənilir. Digər iddialılar kimlər ola bilər?

Müsavat Partiyası Divanının üzvü, professor Nüşabə Sadıxlı Moden.az saytına bildirib ki, İsa Qəmbər yenidən öz namizədliyini verməyəcəyindən başqanlığa müxtəlif namizədlər olacaq: “Mən əvvəlki açıqlamalarımda da demişəm, yenə təkrar edirəm ki, əgər başqanlıq postuna ürəyim istəmədiyi namizədlər olacaqsa, təbii ki, öz namizədliyimi irəli sürəcəyəm”.

N.Sadıxlı onu qane edəcək namizədlərin hansı kriteriyalara cavab verməli olduğunu isə açıqlamayaıb: “Çünki hələ ki, Arif Hacılıdan başqa daha kimlərin namizədliyini irəli sürəcəyi məlum deyil. Ona görə qəti fikir söyləmirəm. Namizədlər tam bəlli olanda mən də son sözümü deyəcəyəm”.

İsa Qəmbərin başqanlıqdan getməsi nəticəsində Müsavatın dağılacağı ilə bağlı iddialara gəldikdə, N.Sadıxlı bununla razılaşmır:
“Müsavat elə təməllər üzərində qurulub ki, bu partiyanın dağılmaq ehtimalı yoxdu. Amma mənim fikrimə gəlincə, çox istəyirəm ki, İsa bəy başqan olaraq qalsın. Çünki bildiyiniz kimi xarizmatik liderin tamamilə bambaşqa bir üstünlüyü var. Etiraf etmək lazımdır ki, Müsavata insanların böyük bir qismi ideologiyaya görə gəlib. Bu ideologiyanı qəbul edən insanların həm də bir başqan kimi İsa bəyin əxlaqına, mədəniyyətinə, siyasi baxışlarına, uzaqgörənliyinə böyük etimadı var. Bu amillər uzun illərdir İsa bəyin başqan seçilməsində mühüm rol oynayıb. Onun gedişindən sonrakı dövrlə bağlı isə hələlik heç bir proqnoz vermək istəmirəm. Amma bilirəm ki, Müsavatda dağılma prosesi yüz faiz olmayacaq. Ola bilsin ki, hansısa xoşagəlməz hadisələr baş versin. Bu hadisələrin də nədən ibarət olacağını qabaqcadan demək mümkün deyil. Lakin hər halda, növbəti qurultaydan sonra Müsavat yəqin ki, İsa bəyin dövründəki kimi olmayacaq”.