Müsavat, Erməni Ümummilli Hərəkatı və digərləri...

musavat-ermeni-umummilli-herekati-ve-digerleri
Oxunma sayı: 647

Konfransı Fridrix Naumann Fondu təşkil edib. “Turan”ın məlumatına görə, Avropa Liberal Partiyası, Müsavat Partiyası (Azərbaycan), Erməni Ümummilli Hərəkatı (Ermənistan) və Respublika Partiyası (Gürcüstan) nümayəndələrinin qatıldığı konfransda Cənubi Qafqazda siyasi vəziyyət müzakirə edilib. Regionun üç ölkəsində siyasi sistemlərin avtoritarizmdən demokratiyaya keçidində əsas mərhələ kimi seçkilərə xüsusi diqqət ayrılıb. Potsdam prosesinin bundan sonrakı inkişafına - çiçəklənən, sabit və demokratik Qafqaz yaradılması barədə üç partiyanın sazişinə xüsusi diqqət yetirilib.

2010-cu ilin oktyabrında Müsavat Partiyasının başqanı İsa Qəmbər, Respublika Partiyasının sədri David Usupaşvili və Erməni Ümummilli Hərəkatı İdarə Heyətinin sədri Aram Manukyan Almaniyanın Potsdam şəhərində bəyannamə imzalayıblar. Bəyannamədə bu ifadələr yer alıb: “Biz hüquqi, demokratik dövlət ideyalarına sadiq olaraq qanunun aliliyinə, plüralizmə və dövlətin demokratik idarə olunmasına əsaslanan açıq cəmiyyətlərin yaradılmasını, milliyyətindən və dini etiqadından asılı olmayaraq vətəndaşların hüquqlarına əməl olunmasını öz fəaliyyətimizdə prioritet hesab edirik. Siyasi məhbusların dərhal azadlığa buraxılmasını, siyasi motivlərlə təqiblərlə son qoyulmasını, söz və toplaşma azadlığına məhdudiyyətlərin aradan qaldırılmasını tam dəstəkləyirik.

Cənubi Qafqazın gələcəyi - münaqişələrin dinc yolla nizamlanması, hərtərəfli və geniş miqyaslı əməkdaşlıq, onun sabit və inkişaf edən regiona çevrilməsi - Avropa məkanına inteqrasiya ilə birbaşa bağlıdır və biz bu yöndə səyimizi əsirgəməyəcəyik.

Biz bu bəyannaməni imzalamaqla bizim mövqeyimizi bölüşən bütün demokratik qüvvələrlə əməkdaşlığa hazır olduğumuzu ifadə edirik”.