Müsavat Sərdar Cəlaloğluna cavab verdi

musavat-serdar-celalogluna-cavab-verdi
Oxunma sayı: 646

O, “Yeni Müsavat”ın dünənki sayına müsahibəsində deyib ki, gərək Müsavat hakimiyyətə müraciətində qurultay üçün gərək bir yox, bir neçə yer qeyd edəydi, hakimiyyət yer ayırmırsa, zal uğrunda mübarizəni bütün vəzifələrdən önə çıxarmaq düzgün deyil. S.Cəlaloğlu çoxuna qeyri-adi görünə bilən təkliflər də verib. Deyib ki, qurultay İsa Qəmbərin kabinetində və ya internetdə də keçirilə bilər.

ADP sədrinin təkliflərinə Müsavatın münasibətinə gəlincə isə partiya başqanının müavini Gülağa Aslanlı dedi ki, qurultayı S.Cəlaloğlunun təklif etdiyi müxtəlif formalarda keçirmək olar. Lakin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi 2011-ci ildə qurultay nümayəndələri üçün kvota müəyyənləşdirib. Kvotaya uyğun olaraq da qurultay nümayəndələri seçilib: “O nümayəndələri necə, hansı şərtlərlə çıxdaş edək kimi məsələlər partiyanın nizamnaməsində əksini tapmır. Sərdar bəy hesab edir ki, internet vasitəsilə də qurultay keçirmək olar. Bəli, bu, demokratik ölkələrdə, hər kəsin evində internet olan ölkələrdə mümkündür. Amma Azərbaycanda bölgələrdə internet imkanı yox səviyyəsindədir. Sərdar bəy təklif verir, sağ olsun. Amma narahat olmasın, Müsavat qurultayını keçirməkdə israrlıdır. Bütün variantlar Təşkilat Komitəsində əvvəlcədən müzakirə olunub və olunur. Biz qurultayı keçirəcəyik”.
ADP-nin qərargahındakı 300 nəfərlik zalı Müsavata təklif etdiyi üçün S.Cəlaloğluna təşəkkür edən G.Aslanlı dedi ki, qurultay nümayəndələrinin sayı 700-ə çatır. Qonaqların sayı da 100-200 nəfər ola bilər. Ona görə də Müsavata azı 800, çoxu 1000 nəfərin yerləşə biləcəyi zal gərəkdir: “Sərdar bəyin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığımız məktubdan yəqin xəbəri yoxdur. O məktubda göstərmişik ki, Müsavatın VIII qurultayının keçirilməsi üçün Bakının uyğun iclas zallarından birinin ayrılmasın yardımçı olmağı xahiş edirik. Sonra yazmışıq ki, bu məqsədlə BŞİH-in tabeliyindəki Əl Oyunları Sarayının ayrılmasını məqsədəuyğun hesab edirik. Yəni biz Sərdar bəyin düşündüyü kimi, bir yer yazmamışıq. BŞİH qanuna əməl etmir. Bəziləri isə bundan bizi məktubu tam yazmamaqda ittiham etməyə çalışır. Bu, o qədər də yerində deyil”.
G.Aslanlı onu da söylədi ki, BŞİH-in göndərdiyi cavab məktubu ilə bağlı hüquqşünaslarla məsləhətləşmə aparılır, BŞİH-in məhkəməyə verilməsi perspektivi araşdırılır.
Müsavat başqanı İsa Qəmbər də “Bizim yol”a müsahibəsində deyib ki, yolunu tapıb qurultayı keçirəcəklər: “Müxtəlif variantlar nəzərdən keçirilir. Partiya rəhbərliyində, Divanda, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində məsələni müzakirə edib sonrakı addımlarımızı müəyyənləşdirəcəyik. Yəqin ki, gələn həftənin birinci günü rəsmi iclas səviyyəsində qərarımız olacaq”.
İ.Qəmbər iki dəfədən artıq partiya başqanı olmağa qadağanın nizamnamədən çıxarılması təklifləri ilə bağlı suala cavabında deyib ki, nizamnamədə bu müddəa çox demokratik dəyişiklikdir. O, “başqanlıqda yenidən qalmağınızla bağlı təklifləri dəyərləndirirsinizmi” sualına isə belə cavab verib: “Bu barədə düşünmürəm. Çünki mən hər şeyin nizamnaməyə uyğun şəkildə davam etməsinin tərəfdarıyam və inanıram ki, belə də olacaq”.
İ.Qəmbər başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan edib: “Başqanlıqdan gedəcək” termini bir az düzgün çıxmır, yəni mən istefa vermirəm, siyasətdən getmirəm, sadəcə olaraq nizamnamənin müddəasına uyğun şəkildə qurultayda namizədliyimi irəli sürməyəcəm. Bu, birmənalı şəkildə belədir. İnanıram ki, qurultay da nizamnaməyə uyğun şəkildə yeni seçkilər keçirəcək və yeni başqan seçiləcək. Biz martın 3-4-də qurultayımızı keçirməyə çalışırıq. Əgər o zamana qədər uyğun bir yer tapa bilsək, həmin tarixdə qurultay keçiriləcək. Bu da mümkün olmasa, qısa zaman kəsiyində axtarışlarımız davam edəcək, normal bir yer tapandan sonra qurultayı keçirəcəyik. Ola bilər ki, həmin ərəfədə fikirlərimi daha çox izah edəcək və bütün təkliflərə də münasibət bildirəcəyəm. Hazırda heç kimin düşüncələrinə senzura qoymaq niyyətində deyiləm. Nə bu müddəanın tərəfdarlarının, nə də əleyhdarlarının fikirlərinə münasibət bildirməyə indiki mərhələdə ehtiyac görmürəm".

musavat.com