Müsavatın qurultayı təxirə düşə bilər

musavatin-qurultayi-texire-duse-biler
Oxunma sayı: 674

İclasda partiya başqanlığına namizədlərin irəli sürülməsi üçün prosesə rəsmi start veriləcəyi gözlənilir. Komitənin üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlının verdiyi məlumata görə, ənənəyə əsasən, seçkili orqanlara namizədlər qurultaydan öncə namizədliklərini irəli sürürlər. Lakin qurultayın gedişində də namizədliyi irəli sürməyə qadağa yoxdur: “Sadəcə olaraq, məqsədəuyğundur ki, namizədlik öncə irəli sürülsün”.

Qurultayın harada keçirilməsi ilə bağlı bugünkü toplantıda bir neçə variant üzərində dayanılması gözlənilir. Hələlik qurultayın yeri ilə bağlı heç bir instansiyaya müraciət edilməyib: “Biz artıq müraciət etmək haqqında düşünürük. Bu həftə məsələ həllini tapa bilər. Yaxın günlərdə konkret qərar veriləcək. Dəqiqləşdirilmə aparılır ki, zalında qurultay keçirə biləcəyimiz binalar hansı qurum, kimin tabeliyindədir”.
Onun sözlərinə görə, Müsavatın qurultayında təxminən 1000 nəfər iştirak edəcək. Ona görə də məkan seçimində bu nəzərə alınmalıdır: “Qurultay nümayəndələrindən başqa həm ölkə daxilindən, həm də xaricdən xeyli sayda dəvətlimiz olacaq. O səbəbdən yerlə bağlı ciddi fikir mübadiləsi aparılır. Müsavat 100 illik tarixi olan partiyadır. Deməli, elə yerdə qurultay keçirməliyik ki, adımıza və tariximizə layiq olsun”.
“Hakimiyyətin qurultaya yer ayıracağına Müsavat ümid edirmi” sualına G.Aslanlı belə cavab verdi: “Bu hakimiyyət qanunlarla işləmədiyi üçün müxalifət partiyaları ilə bağlı qərarlar yuxarıdan birinci şəxslə məsləhətləşdikdən sonra verilir. Birinci şəxsin qurultaya yer ayrılması ilə bağlı hansı mövqe ortaya qoyacağını indi söyləmək xeyli çətindir. Yer verə də bilərlər, verməyə də. Hər bir halın özünün izahı olacaq”.
“Yeni Müsavat”a daxil olan məlumata görə isə Müsavat funksionerləri tərəfindən tədbirin keçiriləcəyi yerlə bağlı müəyyən təkliflər irəli sürülüb. Qurultayın keçirilməsi üçün “Sevinc” kinoteatrı məqbul hesab olunsa da, rəhbərlikdə təmsil olunan şəxslər tədbirin daha prestijli məkanda baş tutmasına israrlıdır. Şəhriyar adına klubun istənilməsini təklif edənlərin sayı isə çoxluq təşkil edir. Odur ki, Müsavatın qurultay üçün hakimiyyətdən həmin məkanı istəyəcəyi ehtimalı böyükdür.
Bu arada Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli İsa Qəmbərin 2013-cü il prezident seçkilərinədək başqanlıqda qalmasını təmin edəcək təkliflərlə çıxış edib. “Reytinq” qəzetinə müsahibəsində İ.İbrahimli deyib ki, prezident seçkilərinə bir il qalmış partiyada qurultay keçirilməsi və başqan dəyişikliyi həm cəmiyyət, həm də Müsavatın özü üçün uğurlu deyil. Ona görə də MNTK-nın bir sıra üzvlərinin birinci təklifi nizamnamə pozuntusu etmədən qurultayın ertələnməsidir: “Ən azından 2013-cü il prezident seçkilərinədək qurultay ertələnsə, yaxşı olar. Yəni bu, həm Müsavatın bütövlüyü baxımından partiyaya, həm də cəmiyyətə lazımdır. Çünki seçki ilə bağlı prosesə başlayan bir partiyada bu qədər ciddi dəyişiklik müəyyən problem yarada bilər. Biz başqa bir variant da təklif edirik. Təklif edirik ki, qurultay elan olunmuş vaxtda keçirilsin. İki seçkini - Məclis üzvlərinin və MNTK üzvlərinin seçkisini keçirib başqan seçkisini keçirmirik. Başqanın səlahiyyət müddətini qurultay artırır. İsa Qəmbər 2013-cü il prezident seçkilərinə qədər başqan qalır. Bu, nizamnamə pozuntusu deyil. Burada irad da bildirmək olmaz ki, nizamnamənin hansısa bəndi pozulub. Sadəcə olaraq, qurultayın qərarı ilə başqanın səlahiyyət müddətini uzatmaq mümkündür”.
MNTK sədrinin sözlərinə görə, prosesi başa vurandan sonra Müsavat başqanlığına seçkini prezident seçkilərindən sonra da keçirmək mümkündür.

musavat.com