“Müsavatın qurultayında böyük qalmaqal olacaq” - Müsahibə

musavatin-qurultayinda-boyuk-qalmaqal-olacaq-musahibe-
Oxunma sayı: 682





Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “Qafqazinfo”ya müsahibəsi


- Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi birmənalı qarşılanmadı. Hətta bəzi partiyalar bu qanunun hakimiyyətin YAP-ı maliyyələşdirməsi üçün vasitə kimi dəyərləndirdilər. Bu fikirlər haqda nə düşünürsünüz?
- Bu günə qədər Yeni Azərbaycan Partiyası tədbirlərini təşkil etmək, partiya Aparatının saxlanılması, beynəlxalq tədbirlərin keçirilməsi və digar bu kimi texniki təchizat məsələlərini öz vəsaiti hesabına həll edir. YAP-ın 560 min üzvü var və qeyd edim ki, partiyamız üzvlük haqqının hesabına maliyyələşir. Bu proses şəffaf şəkildə aparılır. Hər bir işləyən partiya üvzü bir manatdan az olmamaq şərti ilə ayda üzvlük haqqı ödəyir. Təqaüdçülərdən, tələbələrdən və işsızlərdən partiyamız üzvlük haqqı almır. Bəzi təşkilatlarımızda bu əmək haqqının bir faizidi, bəzi təşkilatlarda isə bir manatdan az olmayaraq üzvlük haqqı ödənilir. Yəni bir manat ödəyən var, iki, üç manat ödəyən var və bu şəkildə üvzlük haqqı toplanılır. Bu da kifayət edir ki, Yeni Azərbaycan Partiyasının həm rayon-şəhər təşkilatlarında, həm də Mərkəzi Aparatında ştatda işçilər fəaliyyət göstərə bilsin. O cümlədən müəyyən layihələr reallaşsın, tədbirlər keçirilsin, xaricdən gələn qonaqlar qarşılansın və buradan xaricə ezam edilənlər maliyyələşdirilə bilsin. YAP bir çox beynəlxalq qurumların üzvüdür, Avropanın bir çox partiyaları ilə yaxından əməkdaşlıq edir, onların nüməyəndələri gəlir, bizim nümayəndələr oraya gedir. Məsələn bu ilin sonunda Asiya Ölkələrinin Siyasi Partiyalarının Baş Assambleyasının burada toplantısı keçiriləcək və bu tədbirdə 60-a yaxın dövlətin iqtidarda olan siyasi partiyalarının 600-dən çox nümayəndəsi iştirak edəcək. Bu cür tədbirlər çox olur, bu tədbirlərin təminatını YAP toplanılan üzvlük haqqı ilə təmin edir. Yarandığı gündən bu günə kimi Yeni Azərbaycan Partiyası öz maliyyə dövriyəsi barədə ildə bir dəfədən az olmayaraq mətbuata, ayrı-ayrı strukturlara hesabat verir. Lakin bu günə kimi YAP-ın dövlət tərəfindən maliyyə alması ilə bağlı fikirlər səsləndirən partiyalar neçə illərdir fəaliyyət göstərməsinə baxmayaraq, nə seçkilərdə, nə seçkilərdən sonra, nə də bütün dövr ərzində öz maliyyə mənbələri haqqında məlumat verməyiblər. Baxmayaraq ki, ştatlı aparatları var, o aparatda çalışanlar başqa heç bir yerdə işləmirlər. Orada işlədikləri üçün əmək haqqı alırlar, amma bu əmək haqqının mənbəyi haradır, o məlum deyil. Bildiyiniz kimi İsa Qəmbər prezident seçkilərində prezidentliyə namizəd kimi maliyyə hesabatı verməli idi, öz gəlirləri haqqında deklarasiya təqdim etməli idi. 20 ildir onun gəlirlərinin qarşısında sıfır rəqəmi yazılır, yəni onun heç bir gəliri yoxdur. Sual olunur ki, bəs onda İsa Qəmbər hava ilə dolanır?! O, digər tərəfdən ailə başçısıdır, ailəsini saxlamalıdır. Onun gəlir mənbələri barədə mənin informasiyam var. Çünki mən prezidentin səlahiyyətli nümayəndəsiyəm, mən istənilən prezidentliyə namizəd olan şəxsin sənədlərini qaldırıb baxmaq hüququna malikəm və mən sənədlərə baxmışam. Sənədlərdə il ərzində onların heç bir gəliri olmadığı göstərilir. Bu 20 ildə göydən dollar, avro yağmayıb ki, bunlar haradan maliyyələşir? Əslində onlar siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinin üzdə deməsələr də, gizlində əleyhinədirlər.

- Əleyhinə olmalarının səbəbi nədir?
- Əlehinə olmalarının səbəbi ondan ibarətdi ki, dövlət büdcəsindən maliyyə aldıqları tərzdə, dövlətin təqdim etdiyi ayrı-ayrı struktur əsasında onlar hesabat verməli olacaq. Bu hesabat nəticəsində onların hansı qaranlıq mənbələrdən maliyyələşməsi bəlli olacaq. Dünya praktikasında siyasi partiyalar bir şərtlə dövlət tərəfindən maliyyələşir ki, o da seçkilərdə göstərilən nəticəyə əsasalanır. İstər Avropa Birliyinə, istərsə, Avropa Şurasına daxil olan ölkələrdə, istərsə də dünyada bütün demokratik ölkələrin təcrübəsində bu prinsip, bu qaydada qoyulub və bu sistem əsasında gedir. Ölkələr var, siyasi partiyalara seçkidə iştirak edən seçicilərin 1% səsini topladığı təqdirdə maliyyə ayırır, elə ölkələr də var ki, 14 %-lik bariyer müəyyənləşdirib. Bu bariyer Kanadada 14%-di, Tükiyədə 7%-di, Yunanıstanda 6%-di. Azərbaycanda isə reallıqları nəzərə alaraq, bu bariyer 3%-dir. Yəni Azərbaycanda beş milyon seçici var, bu beş milyonun hamısı seçkidə iştirak etsə onun 3%-i 150 min seçici edir. Bir partiya orta hesabla hər dairədən 1200 səs ala bilmirəsə deməli o, siyasi partiya mövcud deyil. Azərbaycan bu məsələni də güzəştə gedərək maliyyələşməni üç mərhələdə edib ki, digər siyasi partiyalar da Azərbaycanın siyasi sistemində formalaşsın, fəaliyyəti üçün imkan yaransın. İkinci mərhələdə olan 40% parlamentdə təmsil olunan partiyalar arasında bərabər bölünür. Baxmayaraq ki, YAP-ın son mərhələdən başqa, iki mərhələdə hüquqları pozulub. Birinci mərhələdə qoyulan 3%-lik bariyeri yanlız YAP keçib. Lakin bariyeri keçməyimizə baxmayaraq, biz oradan vəsait ala bilməyəcəyik. Çünki orada göstərilib ki, parlamentə düşməyən siyasi partiyalara bu mərhələdən maliyyə ala bilər. Hesab edirəm ki, bu düzgün deyil. Məncə bariyeri aşan hər bir siyasi partiya bərabər şəkildə vəsait almalıdır. İkinci mərhəldəki 40% nəzərdə tutulan vəsaitlər isə partiyalar arasında bərabər bölünür. Elə partiya var ki, parlamentdə bir namizdədi var, YAP-ın isə 71 nəfər namizədi var, 1-lə 71 arasında bu vəsait bərabər bölünür. Bu ədalətsizlikdir. Amma YAP burada da güzəştə getdi ki, digər partiyalar da Azərbaycanın siyasi sistemində fəaliyyət göstərə bilsin. Qəbul onunmuş bu qanun YAP-ın deyil, parlamentdə təmsil olunan digər partiyaların maliyyə təminatının yaxşılaşmasına, layihələrini öz hesablarına reallaşdırmasına böyük təkan verəcək. Qeyd etmək istəyirəm ki, YAP buna qədər də bu işləri görüb və öz üzvlərinin hesabına maliyyələşir.

- Bildiyiniz kimi, müxalifətin növbəti mitinqi mayın 6-na təyin olunub. Amma bu mitinqin təxirə salınma ehtimalı var. Səbəb olaraq hakimiyyətin razılaşdırılmış mitinqin keçirilməsində yaratdığı əngəllər göstərilir, məsələn nəqliyyatla bağlı yaradılan problemlər və s.
- Qətiyyən bu fikirlərlə razı deyiləm. Biz hətta istərdik ki, onlar hər həftə mitinq keçirsinlər. Sadəcə olaraq, hakimiyyət mitinq üçün hər bir rayonda qanunun tələbinə uyğun olaraq müəyyən yerlər ayırıb. Səbaildə də, Xətaidə də, Sabunçuda da və digər rayonlarda da mitinq keçirmək üçün yerlər ayrılıb. Onlar Səbaildə olan müvafiq yeri seçiblər və o yer tam abadlaşdırılıb, yolları isə qaydasındadır. Orada mitinq keçirmək üçün heç bir əngəl törədilməyib. Ümumiyyətlə, müxalifət əgər öz fikirini, ideyasını əhaliyə çatdırmaq istəyirsə, deməli mitinq yaşayış massivilərinə yaxın yerlərdə keçirilməlidir. Orada yetərincə sakin yaşayır, kifayət qədər marşurut işləyir. Sadəcə mitinqə adam yığılmır və onlar deyə bilməzlər axı heç kim gəlmir, onları dəstəkləmir. Arada bir elan edirlər ki, filan yerdə avtobus saxlanılıb. Bu tamamilə yalan informasiyadır. Mitinq müddətində biz dəfələrlə o yoldan keçmişik və heç bir əngəllə qarşılaşmamışıq, əhalidə marşurutlarla istənilən yerə gedib-gəlirdi. Sadəcə olaraq, onların mitinqinə insanlar gəlmir. Digər biri tərəfdən Əl Oyunları Sarayından mitinq keçirilən yerə olan məsafə maksimum bir kilometr yarım məsafədir. Əgər sizin tərəfdarlarınız mitinqdə iştirak etmək istəsə 15 dəqiqəyə oraya ayaqla gedib çata bilərlər. Sadəcə müxalifət gördü ki, sosial bazaları müvcud deyil, Azərbaycan ictimayyəti tərəfindən dəstəklənmirlər. Mən hər zaman deyirəm onların keçirdiyi mitinq deyil, piketdi və onların piketi iflasa uğradı. Onlar həmişə Fəvvarələr meydanında mitinq keçirmək istədiklərini bildirirlər. O ərazidə də əhali hər zaman çox olur, orada istirahət edən insanları mitinq iştirakçisi kimi göstərmək istəyirlər. Mitinqə yığışan jurnalistlər, mühavizəçilər mitinq iştirakçilarından qat-qat çox olur. 40-a yaxın təşkilatın mitinqdə iştirak etdiyini deyirlər. Elə həmin təşkilatlardan olan insanların qohumları, tanışları mitində iştirak edirlər. Mən qeyd etmişdim ki, bir hörmətli adamın cümə axşamına müxalifətin mitinqindən daha çox adam gedir. Bu gün elmi-texnalogiyanın ən yüksək nəticələri var. Elə çəkiliş kameraları var ki, onların vasitəsi ilə mitinqədəki insanların sayını müəyyənləşdirmək mümkündür. Mən dəfələrlə görmüşəm ki, xarici təşkilatların nümyəndələri o aparatlar vasitəsi ilə elə avtomabillərindən mitinqdə iştirak edən əhalinin sayını müəyyənləşdirirlər. Necə ki, vaxtı ilə Müsavat başqanı deyəndə mitində minlərlə adam çıxarmışıq, Amerikanın keçmiş səfiri dedi ki, axı orada 800 insan vardı, biz hər şeyi müşahidə etmişik, niyə bizə yalan deyirsiniz. Yenə deyirəm biz onların hər həftə, hər gün mitinq keçirməsinin tərfdarıyıq. Onların təhlükəsizliyinə Azərbaycan dövləti tam qarantiya verir. Sadəcə olaraq onlar mitinq keçirmək iqtidarında deyillər.

Mitinq keçirməyin əsas səbəbkarı və bu məsələsi ortaya atan Müsavat Partiyasıdır. Bildiyiniz kimi Müsavatda qurultay olmalıdır, yeni başqan seçilməlidir. Bu fikirdən insanları yayındırmaq üçün mitinqlər ortaya atılıb. Çünki seçkilərlə bağlı çox böyük problemlər var. Müsavatçıların böyük əksəriyyəti İsa Qəmbərin partiya sədri olmağını istəmirlər. İllərdi o, təşkilatı geriyə aparıb, parçalanıb, partiyanın yaradıcıları, ilkin üvzləri istefa verib oradan gediblər. Orada qalan bir neçə nəfər var ki, onların da Müsavata aidiyyatı yoxdur, başqa təşkilatlardan gələn şəxslərdir. Bütün seçkilərdə partiyanın məğlubiyyəti, elə bu yaxınlarda Hikmət Hacızadə mətbuatda çıxış edib dedi ki, artıq bu adamlar nüfuzdan düşüblər, bu səbəbdən onlar getməlidirlər, daha rəhbərlik edə bilməzlər. Yerli təşkilatlardan da bu mesajların gəlməsi, partiyada başqa namizədlərin də seçimlə şansı, bildiyiniz kimi Qubad İbadoğlu və digərlərinin başqanlığa namizədliyini verməsi bu situasiyaları yaradıb. Onlar isə seçkiləri cəmiyyətin yaddaşından çıxarmaq üçün əsas foksu mitinqlərə yönəldiblər. Bu yolla vaxtı uzatmaq və İsa Qəmbəri 2013-cü ildəki prezident seçkilərinə çıxartmaq istəyirlər. Buna heç bir lüzum yozdur, o, Azərbaycanda 0,1 % səs ala bilməyəcək, heç lazım olan imzaları toplaya bilməyəcək. Bu mitinqlər nəticəsində aydın oldu ki, onların heç bir sosial bazası yoxdur. Onları iki əsas məqsədi var, qarşıdurma yaratmaq məqsədi ilə mayın 6-da keçiriləcək mitinq üçün müxtəlif yerlər təklif edəcəklər. Çünki tapşırıq bundan ibarətdir. Və digər məqsəd Müsavatda keçiriləcək qurultaydan diqqətləri yayındırmaqdır.

- Müsavat Partiyası qurultayın təxirə salınmasının səbəbi olaraq hakimiyyətin onlara uyğun yer verməməsini göstərir. Bildirirlər ki, qurultayda minə yaxın insan iştirak edəcəyi halda hakimiyyət iki yüz nəfərlik yer verir, o da şəhərdən kənardadı və bu Müsavat kimi tarixi olan bir partiyaya qarşı hörmətsizlikdir.
- Birincisi, o Müsavatın bu Müsavata heç bir aidiyyatı yoxdur. Əsrin əvvəlindəki Müsavatla bu Müsavat arasında yerlə göy qədər fərq var. Onlar Azərbaycanın mütəfəkkirləri tərəfindən yaradılmış partiyanın adını mənimsəyiblər. Bu gün onlar deyə bilməzlər nəyə görə, Müsavat Partiyasındadırlar. Çünki onlar ideologiyaya deyil, ada xidmət edirlər və adın altında maskalanırlar. Tükiyədə vaxtı ilə Atatürkün yaratdığı Cümhuriyyət Xalq Partiyası bu gün az bir şəkildə parlamentdə təmsil olunur. Bu o demək deyil ki, xalq Atatürkü sevmir. Əksinə xalq onu daha çox sevir. Lakin bugünkü Cümhuriyət Xalq Partiyası ilə Atatürkün yaratdığı partiya ayrı-ayrı partiyalardır. Azərbaycanda da bu belədir. Onlar Müsavatın tarixini öz adlarına çıxmasınlar. Yer məsələsinə gəlincə, müvafiq yerlər verilir. Onlar Əl Oyunları Sarayında qurultay keçirmək istəyirlər. Əl Oyunları Sarayı özəl mülkdü və qurultay üçün nəzərdə tutulmayıb. Qurultayda min nəfər iştirak edəcək deyirlər. Heç Müsavatın min nəfər üzvü yoxdur. Sadəcə olaraq onlar qurultay keçirmək istəmirlər və bəhanələr axtarırlar. Hansı yeri təklif edilsə bəhanə tapacaqlar ki, orada işığın rəngi düz deyil, külək əsəcək, yağış yağacaq, yolu bir az aralıdı avtobus işləmir və s. Müsavat öz qurultayını keçirmək istəmir. Qurultay keçirilsə orada böyük qalmaqal olacaq. Müsavatçıların əksəriyyəti İsa Qəmbərin başqan olmasının əlehinədir. Bu qurultay 2013-cü ilin prezident seçkilərinə qədər keçirilməyəcək.

- Dediyiniz kimi qərb mətbuatı Azərbaycandakı bütün prosesləri izləyir. Eurovision öncəsi hər kəsin diqqəti Azərbaycanın üzərindədir. Müəyyən xarici mətbatlarda, xüsusilə də alman mətbuatında Azərbaycan haqqında xoşa gəlməz məqalələr dərc olunur. Bu tip məqalələrin dərc olunmasında səbəb nədir?
- Cənab prezident də hökümətin hesabatında qeyd etdi ki, müəyyən qüvvlərin bu məsələdə maraqları var. Burada erməni lobbisinin və bizi sevməyən ölkələrin rolu var. Azərbaycan beynəlxalq tədbirləri yüksək səviyyədə keçirir, həm siyasi tədbirləri, mədəniyyət tədbirlərini, həm də idman yarışlarını ən yaxşı şəkildə reallaşdırır. Bundan öncə Qəbələdə neçə dəfə musiqi festivalı keçirilib və dünyanın ən aparıcı, ən məşhur bəstəkarları, musiqiçiləri orada iştirak ediblər. Azərbaycan Eurovisionu da ən yüksək səviyyədə keçirəcək. Həm təhlükəsizlik baxımından, həm təminat, texnika baxımından bütün təşkilati baxımdan hər şey təkrar olunmaz olacaq. Bundan sonra Eurovision hansı ölkədə keçiriləcəksə, o ölkə çox çətinlik çəkəcək. Müəyyən dövlətlərin Azərbaycanda maraqları var. Azərbaycana təziq göstərməklə hansısa güzəştli şərtlərlə sərvətlərimizdən istifadə etmək, Azərbaycandakı müəyyən layihələrdə iştirak etmək istəyirlər. Bu qüvvələr da öz mətbuat orqanlarında böhtanla, şantajla məşğul olurlar. Dünənə kimi Azərbaycanla Almaniya arasında çox yaxşı münasibətlər vardı. Artıq Almaniyanın maraqları ortaya çıxdığı tərzdə burada onlara işləyən müəyyən qüvvələrdən istifadə edirlər. Almaniya qəzetlərində Əli Kərimlinin mütamədi müsahibələrini dərc edirlər. Beş il bundan öncə niyə dərc olunmurdu?! O, müsahibələr də Azərbaycanın heç bir problemi ilə bağlı, Qarabağla, qaçqınlarla, Ermənistanın işğal etdikləri Azərbaycan torpaqlarında narkotik dövriyəsi, qanunsuz silahların toplanması ilə bağlı bir kəlimədə yazılmır. Ancaq Azərbaycanın daxili məsələləri ilə bağlı materiallar dərc olunur. Burada artıq xoruzun quyruğu görünür. Artıq bilinir bunlar nə istəyir, məqsədləri nədir. Azərbaycan müxalifətinin maliyyələşməsində onlar öz fondları vasitəsiylə qismən rol oynayırlar. Biz gələcəkdə kimlər bunla məşğul olduğunu, hər şeyi açıqlayacayıq. Bu haqda bizim dəqiq məlumatlarımız var və bununla bağlı lazımı ölçülər götürüləcək. Bu sırf qərəz məqsədilə edilir. Lakin onların qərəzindən asılı olmayaraq bu gün Azərbaycan öz yolu ilə inkişaf edir. Azərbaycan demokratik ölkədi, burada qanunların aliliyi qorunur və Azərbaycan müsdəqil siyasət yürüdür. Özünə nə böyük qardaş, nə ortancıl qardaş və başqa qardaşlar axtaran ölkə deyil. Bu günə kimi öz müsdəqil siyasətini regionda, dünyada yeridib və bundan sonra nda buna davam etdirəcək.

- Aprelin 24-də qərb ölkələrinin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri İctimai Palatanın rəhbərləri ilə görüşdü. Bu o demək deyilmi artıq qərb dövlətləri Azərbaycan hakimiyyəti ilə deyil, məhs müxalifəti ilə dialoqlar aparmaqda maraqlıdırlar?
- Səfirlər bütün siyasi partiyalarla, ictimai təşkilatlarla, QHT-lərlə Xarici İşlər Nazirliyinə xəbər vermək şərti ilə görüşə bilərlər. Onlar YAP-la da mütəmadi görüşürlər və bu haqda mətbuata da məlumat verilir. Bu onların gündəlik iş rejimidir. Sadəcə olaraq, müxalifət tərəfdaş toplamaq üçün bunu şişirdilmiş şəkildə cəmiyyətə təqdim edir. Əlbəttə, müəyyən ölkələr müxalifətin şişməsində maraqlıdırlar. Lakin nə qədər şişirtmək istəsələrdə bu müxalifət şişən deyil. Xalqımızın gözü tərəzidi, oraya gedən ölkələrin əksəriyyəti azərbaycanın ərazi bütövlüyü müzakirəyə çıxarılanda səs vermirlər, qaçqınlarımızla bir dəfə olsun görüşmürlər. XX əsrin ən böyük faciəsi olan Xocalı Soyqırımının şahidləri ilə görüş tədbirlərinə onları dəvət etsək də gəlməyiblər. Türkiyə, Pakistan və İran səfirləri istisnadır. Xalq görür ki, müxalifət şəxsi maraqlarına görə Azərbaycanın maraqlarını kimə desən satarlar. Onlar maddi vəziyyətlərini düzəltməkdən ötrü istənilən qapıya xidmətə gedirlər. Bu səbəbdən narahat olmağa heç bir əsas yoxdur. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Bu gün Azərbaycan xalqı prezident İlham Əliyevə etimad göstərir və bu etimad günü-gündən daha da möhkəmlənir. Xalqın çox kiçik bir hissəsi narazılığını bildirir.

- Əhalinin əsas narazı olan hissəsi evləri sökülən insanlardır.
- Bilirsiniz məsələn, Sulutəpədə tikilən evlərin heç birinin sənəti yoxdur. Azərbaycan hansısa xarici şirkətlə müqavilə imzalayıb və bu şirkət keçmiş neft quyularının yenidən istismarını aparmalıdır. Orada tikilmiş hec bir ev sökülmür, bələdiyyə ilə qeyri-qanuni iş birliyinə girərək yeni tikilməyə başlayan evlər sökülür. Vətəndaşda başa düşməlidir ki, bu qeyri-qanunidir. Digər tərəfdən müəyyən sökülülər var ki, dövlət proqramına daxildi və bu sökülülərə də kifayyət qədər vəsait sərf olunur. Yəni hər kvadrat metrinə 1500 AZN təklif olunur və ya ayrı-ayrı yerlərdə mənzillər təqdim edirlər. Təklif olunan mənzillər onların öz mənzillərindən 20-25 kvadrat artıq olur. Sadəcə olaraq maksimum nə qopardım prinsipi ilə hay-qişqırıq salıb əlavə nələrsə almaq istəyirlər. Yəqin o sökülən yerlərdən siz də kecmisiniz. O şəraitdə insanın yaşaması mümkün deyil. Balaca, tökülmüş, təmirsiz, çox pis vəziyyətdə 20 qonşunun bir yerdə yaşadığı antisanitar yerlərdir. Qeyd edim ki, oradakı tikililərin əksəriyyətinin qeydiyyatından başqa heç bir mülkiyyət hüququ olan sənəti yoxdur. Lakin buna baxmayaraq dövlət onların yerləşdirilməsi üçün bütün addımları atır. Yeri gəlmişkən hər şey Azərbaycan vətəndaşı üçün yaradılır. Qış Bulvarında Azərbaycan vətəndaşı istirahət edəcək. Bayıl yolunda infrastruktur yaradılır, bulvarın ərazisi genişləndirilir. Hər tərəfə səkkiz yol gedir. Elə müxalifət də bundan sonra daha rahat və yaxşı yolla gedib piketlərini keçirdə bilər, istəsələr dənizdə də çimə bilərlər.

- Sizin mətbuata verdiyiniz bəzi açıqlamalarda zarafatla işlətdiyiniz ifadələr, qeyri-ciddi qarşılanır.
- Mən tam ciddi şəkildə öz fikirlərimi bildirirəm. Sadəcə olaraq, mənim fikirlərimin əksinə arqumentləri olmadığı üçün mənim qeyri-ciddi olduğumu deyib, bu şəkildə qələmə verməyə çalışırlar. Amma kiminsə buna tutarlı faktı varsa, buyura bilər, bu mətbuat, bu da onlar. İstər parlamentdə, istər televiziyada, mətbuatda bu günə qədər müxalifətdən bir nəfər ortaya çıxıb mənim verdiyim suallara özünün tutarlı arqumentini qoya bilməyib. Çünki, gərək onlar gəlib bu səviyyəyə çatsınlar. Onlar yalnız köşə yazarları vasitəsilə, atmacalarla söz deməyə çalışırlar. Mən onlara fikir vermirəm. Əgər onların potensialı varsa, gəlsinlər müzakirə aparaq.


Sədan Bünyadova