“Müsəlman ölkələri Azərbaycanı dəstəkləyir”

muselman-olkeleri-azerbaycani-destekleyir
Oxunma sayı: 632

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olması barədə danışarkən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, Şərqi Avropadan olan Azərbaycanın seçilmək şansı daha çoxdur: “Müsəlman dünyasının yarısı və MDB ölkələri Azərbaycana dəstək verir. Lakin Azərbaycan qeyri-demokratik ölkə olduğundan Qərbi Avropa bizə səs vermir. Bu səbəb də Azərbaycanın seçilməyinə çətinlik yaradır”.

Partiya sədri onu da vurğulayıb ki, seçiləcəyi təqdirdə bu mövqedən düzgün istifadə edərsə, bu, Azərbaycanın milli maraqlarına uyğun ola bilər: “Əgər qeyri-daimi üzvlükdən düzgün istifadə edə bilsək bu, istər Qarabağ məsələsində, istərsə də digər məsələlərdə bizim milli maraqlarımıza uyğun ola bilər. Ümumiyyətlə, biz orada özümüzü həm pozitiv, həm də neqativ ölkə kimi göstərə bilərik”.

Əli Kərimli bildirib ki, qeyri-daimi üzvlük həddindən artıq güclü mövqe deyil: “Qeyri-daimi üzvlərin daimi üzvlərdən fərqli olaraq veto hüququ yoxdur. Onlar ancaq səsvermə zamanı səs verə bilərlər. Lakin Azərbaycan səsvermələr zamanı Suriya kimi avtoritar rejimləri dəstəkləyərsə, mənfi tərəfdən çıxış edərsə, bu zaman hədəfə çevrilə bilər”.

Fatimə Kərimli