Müsəlmandan qorxmaq

muselmandan-qorxmaq
Oxunma sayı: 650

Təzə çap olunan maraqlı nəşrlərin də daxil olduğu sərgiyə baxdıq. Arasında 100 il məsafə olan “Hophopnamə”ləri yanaşı görmək qismət oldu bizə. Ölümündə 1 il sonra – 2012-də çıxan kitab. Tərtibçisi həyat yoldaşı B. xanım (elə belə də yazılıb), müqəddimənin müəllifi yaxın dostu Abbas Səhhət! Və ölümündən yüz olsa sonra “Təhsil” nəşriyyatında buraxılan nəfis “Hophopnamə”!
Sabir barədə neyləsək də yenə ona borclu qalırıq!

Çünki Sabir namus məsələsidir! Onun yaradıcılığı təkcə ədəbi yox, həm də ictimai-sosial hadisədir.

Azərbaycan cəmiyyətinə ciddi şəkildə bağlı olan, onun mahiyyətini dərindən ifadə edən istənilən hadisənin yanında Sabir var! Sabir orda gülür, ağlayır, sızıldayır, nələrsə anlatmağa çalışır.

Sonuncu Rafiq Tağının faciəli ölümünü xatırlayıram. Usta yazar qətlindən bir az öncə Sabirə sataşmışdı. Qəribədir, tənqidinin qayəsi bundan ibarət idi ki, Sabir xalqı çox aşağılayır, əcnəbilərin ayağına verir, əslində biz o qədər də pis deyilik!
Sabir isə deyirdi: “Harda müsəlman görürəm, qorxuram!”

Rafiq Tağı qəbul edə bilmirdi... Fikrində səmimi və israrlı idi: “Elə deyil!”
Sabir isə heç nəyi vecinə almadan qafiyəsini tamamlayırdı: “Fikrini qan-qan görürəm, qorxuram!”

...Qan-qan görürəm!

Bu nə möcüzə idi, İlahi?! Sabir burda da haqlı çıxdı!
Nə qədər ki, Sabir haqlı çıxır, biz ona həmişə borclu qalacağıq.
Və nə qədər ki, Sabirə borclu qalırıq Rafiq Tağı kimi qətlə yetirilib tabuta qoyulan haqqımızın arxasınca sıqqıldayaraq ağlayacağıq. Arvad kimi!