Müsəlmanın tərsinə dövran edən dövrü

muselmanin-tersine-dovran-eden-dovru
Oxunma sayı: 818

Bir vaxtlar yeddi iqlimə hökm edən, donanması qütb dənizlərində müzəffər şəkildə yelkən açan, elm, ədalət, ədəb və ərkanı ilə dünyaya öndər və nümunə olan müsəlmanlar indi müxtəlif çeşidli böhran içində qovurulub durur. Kənardan gələn kommunist, farmazon, sionist və imperialist şər qüvvələrinin hücumlarına sinə gələrkən, daxildən də irtidad (dindən dönmə), bidət, nifaq, fitnə-fəsad, riya, cəhalət və istismar ərbabının təxribatı ilə sarsılırlar. Həqiqətən, müsəlmanlar bir ölüm-dirim mübarizəsi içindədirlər. Düşmən qalanın içinə sızmışdır. Təxribat və təhlükə təsəvvür ediləndən daha böyükdür. Bu yerdə haqlı bir sual meydana çıxır. Nə etməliyik ki, dünya əhalisinin böyük əksəriyyətinin düşündüyü terrorist, bəzən isə məzlum müsəlman obrazını dağıdaq.

Heç şübhəsiz, biz müsəlmanlar bu ölüm-dirim mübarizəsindən ancaq elmə sarılmaqla xilas ola bilərik. İman ilə küfr, haqq ilə batil, hidayət ilə dəlalət, nur ilə zillət arasında gedən bu amansız mübarizənin cərəyan etdiyi bir dövrdə, hər bir müsəlman elm öyrənməklə İslamiyyətə böyük bir xidmət göstərmiş olar.

Marks "tarix zehin və düşüncə ilə irəliləməz" fikrini iddia etmişdir. Karlye isə Marksın bu iddialarının tam əksini irəli sürərək "tarixi dahilər yazar" söyləyir. İslam mədəniyyətinin, yaxud digər mədəniyyətlərin tarixinə nəzər saldıqda, tarixin Marksın iddia etdiyi kimi münaqişə yolu ilə deyil, məhz zehin və düşüncə ilə irəlilədiyini görürük.

Bir insanın insanlığı, öyrənib öyrətmək, həmçinin başqalarını da öyrənməyə sövq etmək və onları tərbiyə etməklə bəlli olur və üzə çıxar. Bilmədiyi halda öyrənməyi düşünməyən, öyrəndikləri ilə özünü yeniləyib başqalarına nümunə olmayan insana, insan surətində görünsə belə, düşündürücüdür! İnsan oğlu üçün əsl həyat, elm və tərbiyə ilə əldə ediləcəyi üçün, öyrənib-öyrətməyi arxa plana salanlar, həyatda belə olsalar ölü sayılırlar.

Bir şəxsin hər hansı bir məsələ ilə bağlı tədbir görməsi və ya ağıllı qərar verməsi, onun ağıl və məntiqi ilə münasibəti nisbətindədir. Ağıl və məntiq isə elm və mərifətlə aydınlığa qovuşar və kamala yetişər. Bu səbəbdən elm və mərifət olmadığı yerdə, ağıl tapmaca, məntiq aldadıcı, qərarlar isə boş məna kəsb edər. Elmin faydası ümumidir. Yəni, elmli insanın həm özünə, həm də cəmiyyətə faydası vardır. Biz müsəlmanların uduzduğu nöqtə də bu nöqtədir - elmsiz müsəlman olmaq. Bu baxımdan da terrorist və yaxud məzlum obrazında təqdim edilirik.

İslam düşmənlərinin iddia etdiyi kimi, müqəddəs dinimiz elmin əleyhinə deyil, əksinə hər zaman müsəlmanları elm öyrənməyə təşviq edir. Qurani –Kərimdə vəhy olunan ilk ayənin ilk sözü, "Oxu!" (Ələq surəsi, 1-ci ayə) əmri ən gözəl nümunədir. Aləmlərə rəhmət olaraq göndərilən Hz. Muhamməd (s.a.s.) bir hədisi-şərifdə buyurur: "Allahu-Təala elm qapılarında dolaşan hər tələbəyə hər hərf üçün bir savab yazar. Atdığı bir addım üçün Cənnətdə ona bir şəhər tikər.." Başqa bir hədisdə yenə Hz.Muhamməd (s.a.s) belə söyləyir: "Elm Çində belə olsa, onu öyrənin. Çünki elm öyrənmək hər bir müsəlmana fərzdir (əmrdir. müəl.)". Yaxud digər bir hədisdə isə İslam peyğəmbəri Hz.Muhamməd (s.a.s) buyurur: "Rütbələrin ən yüksəyi elm rütbəsidir".

Biz müsəlmanlar İslamda buyrulanlara əməl etmədiyimiz üçün həyatın bütün sahələrində geri qalırıq. Son 100 ildə Qərbin elmi nailiyyətlərinə qarşı Əl-Cəbr, İbni Sina, İbni Xalidun və başqa bir neçə müsəlman alimi nümunə göstərməkdən savayı heç nə söyləyə bilmirik.

Eyni zamanda, demokratiyanın son 20-30 ildə insanların nəzərində və ictimai həyatda kapitalizm maraqlarından dolayı bünövrədən sarsıldığını gördüyümüz halda, biz müsəlmanlar elmsizliyimizdən dolayı heç bir şey edə bilmirik. Bu yerdə o da mütləq qeyd olunmalıdır ki, sarsıntılar içində boğulan demokratiya, nə zaman kapitalizm marağı ilə qarşılaşmışdırsa, istisnasız məğlub olmuşdur.

Bu məqalədə çox kiçik bir təhlil edib biz müsəlmanların Qurani –Kərimin"Oxu!" (Ələq surəsi, 1-ci ayə) əmrinə əməl etməsək hansı vəziyyətə düşəcəyimizi göstərməyə çalışacağam.

Hernando de Sotonun Londonda 2000-ci ildə çap olunan "Kapitalın Möcüzəsi-Niyə Kapitalizm Qərbdə zəfər çalır, başqa yerlərdə isə işləmir" (The Mystery of Capital Why Capitalism Triumph in the West and Fails Everywhere else) kitabında (səh.7) əsərində yazır: "Yoxsul millətlərin hər şeyi var. İnsan beyninin ən böyük qələbəsi onun mövcud olan, lakin görülməyən şeyləri görməsidir. Kapitalizmlə yoxsul millətlərin fərqi bundadır: kapitalizm yoxsul millətlərin sahib olduqları şeyləri gördüyü halda, yoxsul millətlər əllərində olanı görə bilmirlər".

Uliam Keegan (Willam Keegan) isə, 1992-ci ildə Londonda çap etdirdiyi "Kapitalizmin mahiyyəti -Kommunizm süqut etdikdən sonra dünya iqtisadiyyatının gələcəyi" (Spectre of Capitalizm-The Future of the World Economy after the Fall of Communizm) kitabında (səh.165) kapitalist iştahı haqqında qeyd edir: "Həyat kimi kapitalizm də hədsiz dərəcədə mürəkkəbdir. Rəqabət və gəlir əldə etmək hissi sadəcə kapitalizm və bazar iqtisadiyyatı ilə ölçülmür. Ölçülən, onlar arasında olan münasibətlərdir. Rəqabətdə olan kapitalizmdə təlabatçı millətlə, tələbatı ödəyən millətin maraqları arasında xroniki bir gərginlik var".

Əgər 20-30 il əvvələ qədər neft 1.000-1.500 m. dərinlikdən çıxarılırdısa, indi bu məsafə 6.000-9.000 m. dərinliyə qədər artıb. Şevron şirkətinin sədri David J.OReilly 2008, 7 noyabr “Sayens” (Science) jurnalında (səh.1) yazır: "Enerji bu əsrin aparıcı mövzularından biri olacaqdır. Bir şey aydındır: asan neft erası bitmişdir".

Neftin 1 barelinin dünya bazarında 13 dollar olduğu zamanlar başqa bir müəllif David Upton 1996-ci ildə Cicester şəhərində çap etdirdiyi "Böyük Britaniya Birləşmiş Krallığın dəniz neft və qaz sənayesinin keçmişi, bu günü və gələcəyi" (The Past, Present and Future of the United Kingdom Offshore Oil and Gas Industries) kitabında yazır: "Hara gedir bu 13 dollar? 1 dollar neft şirkətinin inzibati işlədilməsinə sərf olunur. Qalır 12 dollar. 1.5 dollardan 2.5 dollara qədər təhqiqat işlərinə gedir, qalır 9.5 dollardan 10.5 dollara qədər. Lakin hər hansı neft istehsal olunmadan təhqiqat xərcləri adətən 5 illə 10 il arasındadır. Hətta bu günkü ucuz sərmayə xərcləri də belə, əlavə olaraq 40%-dən 50% qədər xərc aparır. Bundan sonra yerdə 8.5 dollardan 9.5 dollara qədər pul qalır ki, biz hələ neft istehsal etməyə başlamamışıq. Və əgər bəxtin gətirərsə, 7 dollardan 8 dollara qədər xərclədikdən sonra neft istehsalına başlayırsan. Oh, heç kim gəlir əldə etməyib hələ ki".

Əgər David J.OReıllının və David Uptonun da vurğuladığı kimi neft istehsal etmək asan deyil və gəlir əldə etmək mümkün olmursa, bəs niyə Qərb dünyasından olan neft şirkətləri dünyanın hər tərəfində hətta bir quyu uğrunda belə, siyasi, iqtisadi və hərbi gücdən istifadə edərək mübarizə aparırlar?...

Sonda, ey müsəlman, hər zaman olduğu kimi sözüm yenə sənədir. Bütün bu iztirabların kökündə də sən durursan, səbəbkarı da sənsən. Dünya əhalisi ildırım sürəti ilə artır. Varlılar ilə kasıblar arasında olan uçurum da artır. Bir çox hallarda bir varlı, bütün bir dövləti almaq gücündədir. Mədəniyyəti, mənəviyyatı və sərvəti talan edilən isə sadəcə sənsən…

Biz müsəlmanlar, tariximizin irəliləməsini istəyiriksə, qəlbimizi, həmçinin zehin və düşüncəmizi Qurani –Kərimdə vəhy olunan ilk söz, "Oxu!" (Ələq surəsi, 1-ci ayə) əmri ilə qidalandırmalıyıq. Biz müsəlmanlar, Hotonun vurğuladığı kimi, sahib olduğumuz təbii sərvətləri “görmək” istəyiriksə, "Oxu!" əmrinə əməl etməliyik. Biz müsəlmanlar, Keeganın da dediyi kimi, kapitalizmdə təlabatçı millətlə, tələbatı ödəyən millətin maraqları arasında olan xroniki gərginliyi bir dəfəlik aradan qaldırmaq istəyiriksə, "Oxu!" əmrinə əməl etməliyik. Biz müsəlmanlar, ali rütbəyə nail olmaq istəyiriksə, Hz.Muhamməd (s.a.s) hədisi-şərifdə: "Rütbələrin ən yüksəyi elm rütbəsidir" deyə bizə səsləndiyi elmi öyrənməliyik.
Oxuyaq, Hz.Muhamməd (s.a.s)-in “Beşikdən qəbrə qədər oxuyun” buyurduğu kimi, oxuyaq!