Müxalifət 9 tələb irəli sürdü

muxalifet-9-teleb-ireli-surdu-
Oxunma sayı: 683

“Qafqazinfo” xəbər verir ki, artıq Güney Azərbaycan növbəti dinc aksiyaya (yürüşə) hazırlaşır. Bu zəmində Azərbaycan Milli Hərəkət Fəalları bəyanat vasitəsi Urmu Gölü məsələsi və Azərbaycan Türkcəsinin rəsmiləşməsi ilə Bağlı Doqquz Maddəlik tələblər Siyahısı irəli sürüblər.

9 maddəlik tələblər bunlardan ibarətdir:
1) Urmu Gölünü qurutmaq, ətraf-mühiti məhv etmək və Azərbaycanın milli sərvətlərinin talan edilmə siyasəti dayandırılsın.
2) Urmu Gölününü qurumaqdan qurtarmaq üçün səddlər dərhal açılsın və təcili tədbirlər alınsın
3) Qanunverici və icra qüvvələrinin məsulları və Azərbaycan türk millətini təhqir edən millət vəkilləri üzr istəsinlər.
4) Əyalətləri (ostanları) təmin şurasının birinci məsulu kimi azərbaycan xalqına qarşı zorakılıq əmri verən Azərbaycan valiləri (ostandarları) istefa versinlər.
5) Azərbaycan şəhərlərində qeyri-rəsmi komendant saatı (hökumət-i nizami) ləğv edilsin və əhaliyə qarşı zorakılıq tətbiq edən yabancı (qeyri-bumi) qüvvələr çıxarılsın.
6) Azərbaycan türk millətinə qarşı zorakılıq tətbiq edən məsul şəxslər və amillər əhaliyə təqdim olunsun və mühakimə edilsin.
7) Azərbaycan Milli Hərəkat fəallarına qarşı siyasi və təhlükəsizlik təzyiqlərə son qoyulsun, ixtiyari və məsuliyyətsiz tutuqlamalar dayandırılsın. Həmçinin Azərbaycan Milli Hərəkatının siyasi məhbusları qeyd-şərtsiz azad edilsin.
8) Azərbaycan türk millətinin mədəni yığıncaqları azad edilsin və Azərbaycan şəhərlərinin əhalisinə təhlükəsizlik qüvvələri tərəfindən vurulan xəsarət cübran edilsin.
9) Azərbaycan türkcəsi bütün təhsil ocaqlarında təhsil dili kimi rəsmiyyətə tanınsın və rəsmi idarə işlərində, məhkəmə sistemində və kütləvi informasiya vasitələrində bu dildən istifadə edilsin.

Bəyanatda İran rejiminin Urmu Gölünə qarşı apardığı qərəzli siyasət və ana dilimizin yasaqlanması şiddətlə məhkum edilib və yeni etirazın keçirilməsindən xəbər verilib.

Yeni Kütləvi Yığıncaq Güney Azərbaycanın müxtəlif universitetləri və şəhərlərində oktyabrın 1-də (mehrin 9-da) baş tutacaq.

Artıq Azərbaycanın müxtəlif şəhərlərindən qeyd etdiyimiz bəyanata ayrıca dəstək gəlməkdədir. Urmu Universitetlərinin öyrənciləri və Urmu şəhərinin Milli Hərəkat fəalları bəyanat yayaraq, sözü gedən bəyanata öz dəstəklərini bildirib və müəyyən edilmiş vaxtda Kütləvi Etiraza hazırlaşdıqlarını bildiriblər.

Görüşün yeri və zamanı:
Oktyabrın 1-ı (mehrin 9-u), Təbriz vaxtı ilə saat 17:00
Urmu, İmam və Ətayi xiyabanlarının kəsişməsi (təqato)

Tehran universitetlərinin bir qrup türk öyrəncisidə gözlənilən aksiyaya öz dəstəklərini veriblər. Məlumata görə, onlar Tehranda dinc yığıncaq düzənləyəcəklər.

Həmçinin Urmu və Təbriz şəhərlərində Oktyabrın 1-də (mehrin 9-da) keçiriləcək Kütləvi Etiraz Yürüşü ilə bağlı ÇAĞIRIŞ vərəqələri yayılıb. Bildirilərdə Azərbaycan əhalisindən Kütləvi Etirazlara qatılmaq istənilir.

Daha bir məlumata görə, Azərbaycanın müxtəlif şəhərində, xalq SMS vasitələri ilə bir-birlərini keçiriləcək Kütləvi Etiraza dəvət edirlər.

Azərbaycan Milli Hərəkat fəalları Təbriz şəhərində də keçiriləcək növbəti Etiraz Yürüşünə hazır olduqlarını bildiriblər. Milli Hərəkat fəalları xalqı 1 oktyabr (9 mehr) yürüşündə aktiv olmağa çağırmaqla yanaşı, İran və Dünya ictimaiyyətinin oyanıq vicdanlarınıda Azərbaycan türk millətinin yanında olmağa çağırıblar.

Görüşün yeri və zamanı:
Oktyabrın 1-ı (mehrin 9-u), Təbriz vaxtı ilə saat 17:00
Təbriz, Rasta küçədən Ostandariyə (valiliyə) qədər