Müxalifət bloku prezidentə müraciət etdi

muxalifet-bloku-prezidente-muraciet-etdi
Oxunma sayı: 660

Bu gün Ümid Partiyasının mərkəzi qərargahında “Qarabağ” Siyasi Blokunun 2012-ci ildə ilk toplantısı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, iclasda ölkədəki içtimai-siyasi vəziyyət, 2012-ci ilin ilk altı ayı ücün Blok qarşısında duran vəzifələr, müxalifətin vahid birliyinin yaradılması, Fransa senatında müzakirəyə çıxarılan "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun və bu qanunun Avropa Birliyi çərçivəsində tətbiqi ilə bağlı Fransa prezidentinin müraciəti, və son vaxtlar böyük maliyyə vəsaitləri hesabına tikilən yolların dağılması müzakirə olunub.

Blokun 2012-ci il fəaliyyət proqramı ilə bağlı səslənən təkliflər nəzərə alınmaqla, fəaliyyət proqramının müzakirəsinin növbəti iclaslarda davam etdirilməsi qərara alınıb. Fəaliyyət proqramında ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması və inkişafı üçün müxalifətin vahid birliyinin yaradılması əsas məsələlərdən biri kimi göstərilir.

İştirakçılar "Erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanunun Avropa Birliyi çərçivəsində tətbiqi ilə bağlı Fransa prezidentinin müraciətinin qəbuledilməz olduğunu bildirərək, bunu dünyada xristian müsəlman qarşıdurması yaratmaq cəhdi kimi qiymətləndirib. Qərara alınıb ki, Fransa prezidentinin bu təşəbbüsünün rədd edilməsilə bağlı Avropa Birliyi ölkələrinə müraciət edilsin. Eyni zamanda Türkiyə və Azərbaycan parlamentlərinə müraciət edilib. Müraciətdə qeyd olunur kı, Fransa senatının qəbul etdiyi qanuna alternativ olaraq “erməni soyqrımını” etiraf edənlərin cəzalandırılması haqda qanun qəbul etsinlər.

İclasda Avropa İnsan Hüquqları Məhkəməsinin 2005-ci ildə deputatlığa namizəd olmuş şəxslər haqqında qəbul etdiyi qərarı da müzakirə edib. Təklif olunub ki, Avropa İnsan Hüquqları Məhkəməsinin dövlətə kəsdiyi cərimələri dövlət deyil, bu qərarın qəbul edilməsində, dövlətin beynəlxalq imicinə və vurulan maddi ziyana görə günahkar olanlar ödəsinlər. Bu təkliflə bağlı hökumət qarşısında məsələ qaldırmaq haqda qərar qəbul edilib.

Blok son vaxtlar ağlasığmaz maliyyə vəsaitləri hesabına tikilən və istismar müddətləri bir neçə on illərə hesablanan yolların qısa zaman ərzində yararsız hala düşməsindən və küllü miqdarda əlavə vəsaitlərlə bu yolların yenidən təmir edilməsindən narahat olduğunu bildirib və Respublika Prokurorluğunu nəqliyyat nazirliyinin böyük dağıntılarla müşahidə olunan, korrupsiya faktlarını araşdırmağa və günahkar şəxslərin qanunla cəzalandırılmasına uyğun addımlar atmağa çağırıb.

Qarabağ Bloku korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, ölkənin ictimai-siyasi həyatında fundamental dəyişikliklərin edilməsi, müxalifət və iqtidar arasında yeni münasibətlər sisteminin qurulması təklifi ilə prezidentə müraciət edib. Müraciətdə həmcinin Əfv məsələləri üzrə komissiyada, Korrupsiya və Rüşvətxorluqla Mübarizə üzrə Dövlət Komissiyasında, Milli Məclis yanında Hesablama Palatasında müxalifət nümayəndələrinin təmsilçiliyinin təmin olunması təklif olunur.