Müxalifət funksioneri mənimlə şəkil çəkdirmədi...

muxalifet-funksioneri-menimle-sekil-cekdirmedi
Oxunma sayı: 685

Demokratiyanı bayraq edib, reallıqda bəlkə də Pinoçet təfəkkürü ilə yaşayanların mahiyyətindən doğan bu münasibəti gözləməyə dəyərdi. Gözləmədiyim nəsnə o idi ki, insanların axı nə vaxtsa sözləri ilə əməllərinın üst-üstə düşdüyü bir məqam, gün də olmalıdır. Təəssüf!

“Qafqazinfo.az” portalında dərc olunan “İlham Əliyev və komandası cavab verir” yazısı mənim də, çoxlarının da bildiyi bir mənzərəni üzə çıxardı. Müxalifəti təmsil eənlər aşkarda, gizlində həqiqətləri demək istəyən və bütün deyənlərə olduğu kimi mənə də “satqın” dedilər. Amma həmişəki kimi bu dəfə də fərqində olmadılar ki, mən kimə satılmalıydım? Yaxud mən kimə satıldım? Məsələlərə bazar təfəkkürü ilə yanaşmaq nədən? Ölkədə anarxiya olmaması, dövlərtin idarəolunması, siyasi səhnədə parodoksal situasiyanın yaranması, yəni iqtidardansa müxalifətin nüfuzunun günü-gündən aşağı düşməsini, müxalifətin çox zəif durumda olmasını yazmaq satqınlıqdırmı? Yalandan kiməsə yarınmaq, kimisə tərifləmək, filan liderdən yoxdurmu deməliydim? İllərlə bunu demişdik, hələ də deyənlər var, nə qazanılıb ki? Sosial bazanı “xərcləmək” və bu “xərclənənlərin” çiyinlərindən boylanmaqdan başqa. Halbuki, illərlə yalançı demokratiya şüarlarına özümüzü inandıraraq, iqtidarı haqsız tənqid edəndə heç onlardan qərəzlidir belə deyən olmadı. Bəs bu adamlar necə dözür? Ramiz Mehdiyev, bu akademik necə səbrlə yanaşır, bəs? Əli Həsənov haqqında nahaq tənqidlər yazanda onun səbri necə tab gətitir? Onların yaxınları, dostları, tərəfdrları nahaq yazılara görə heç təhqir etmirlər!
Məni bir yazıma görə, demokratiyaya sadiq olduqlarını iddia edənlər, tənqidə dözümlü olduqlarını söyləyənlərin tərəfdarları, elə onların göstərişi ilə nə qədər təhqir etdilər? Portal rəhbərliyinə minətdaram ki, peşəkarlıq sərgiləyərək, peşə etikasını əsas götürərək, bu təhqirləri ictimaiyyətin oxumasına imkan vermədi.

Mən gerçəkliyi yazmışam. Həqiiqət isə deyildiyi kimi acı olur. Yazıda nə deyilirdi ki? Yazıda deyilir ki, Prezident Adminsitrasiyasının rəhbəri Ramiz Mehdiyev hakimiyyətin siyasi kursunu həyata keçirmək üçün peşəkar “beyin mərkəzləri” formalaşdıra bilib. Bunu inkar etmək olarmı? Yalançı inkarla nə qazanacaq müxalifət? Kimin başının altına yastıq qoymaq, kimi aldatmağa cəhddir bu? Özünüzü və hələ də inanmaq istəyənləri. Niyə avantürist “yaz”, “payız hücumları” ilə insanların şüurları “işğal” olunmalıdır? Daha neçə il müxalifətin FƏSİL HÜCUMLARIna şahidlik, tərəfdarlıq etmək lazımdır? Əlbəttə, müxalifətçilik imitasiyası daha maraqlıdır və bu gün müxalifət liderlərinin mübarizəsinin sonunun nəyə hesablandığını bu prosesi dərindən izləyənlər aydın bilməlidir. Təəssüf ki, hələ də onların çaba verdiyi müxalifətçiliyin son nöqtəsinin haraya qədər olduğunu müxalifətin sıra nəfərləri ya bilmir, ya da bilərəkdən aldanmalarında özləri də iştirakçı olur. Şəxsən mən bilirəm ki, ölkə müxalifətinin başbilənləri nə istəyir. Hələ demirəm.

Müxalifətin belə bir funksioneri varmı, xalq onun açıqlamalrına inanmaq istəsin? Mən yazmışam ki, Əli Həsənov iqtidarın mövqeyini xalqa, ictimaiyyətə elə aydın və anlaşıqlı formada bəyan edir ki, xalq bu mesajları qəbul edir. Mənim dediklərim kəşf deyi, reallıqdır. Halbuki, bu müqayisəyə daxil, kimin güclü olmasını daha ciddi faktlarla ictimaiyyətə çatdırmaq üçün digər məqamlar da var.

Bu günlərdə “Facebook” sosial şəbəkəsində bir radikal müxalifətçi gəncin fikirləri diqqətimi cəlb etdi. Həmin gəncin paylaşdığı status beləydi ki, bir zamanlar müxalifət milli düşərgə idi və xalq müxalifəti sevir, hakimiyyətə isə bunun əksi kimi baxırdı. 2000-ci ildən sonra milliyətçilik unudulmağa, milliyətçilər ələ salınmağa, tamamilə müxalif düşərgədən sıxışdırılmağa başlandı. Müxalifət insan haqqı deyilən fikirlərin “alverinə” sığındı. İndi artıq hakimiyyət bir zaman ona qarşı istifadə edilən milli ideologiyanı, Güney məsələsini öz əlinə alıb. Bu gün iqtidar müxalifətdən daha milliyyətçidir. Bir neçə ildən sonra bu gün müxalifətin “sığındığı” insan haqları və demokratiya dəyərlərini də hakimiyyət tam gerçəkləşdirəcək...Belecə mən inanıram ki, çox yaxın zamanlarda müxalifət anatxist qruplara bölünərək, hər şeydən məhrum olacaq. Bir zamanlar aldıqları xalq dəstəyindən necə tamamilə məhrum olublarsa, indiki cüzi də olsa qərb mətbuatının dəstəyindən necə məhrum olmaqdadırlarsa, dediyim də eləcə baş verəcək.
Bu fikirlərin müəllifi, o statusu paylaşan şəxs son bir ildə müxalifətin nağıl siyasəti hesabina olmazın zülmünü yaşayıb. Nələrini itirib şəxsən mən bilirəm. Nə oldu? Hamı satqındır?
Həqiqəti dilə gətirənləri satqın obrazında görməklə bolşevik təfəkkürünü bolşevizmdən güclə qurtaran Azərbaycanda niyə cücərtmək istəyirlər? Elə yanaşma tərzləri olur ki, bir daha bolşevizmin yaşamasına təəssüflənməkdən savayı yol qalmır. Bu günlərdə rastlaşdığım bir hadisə kimi. Köhnə tanışlarımdan olan müxalifət funksionerlərindən biri ilə məclisdə rastlaşdıq. Çox gözəl məclis idi. Əksəriyyətimiz bir-birimizi illər öncədən tanıyırdıq.

Maraqlı söhbətlərimiz oldu. Adi yaşayış tərzindən siyasətin pikinə qədər, seçkilərə qədər bütün mövzularda danışdıq. Hər kəs öz fikrində qaldı. Əlbəttə ki, mənim son yazım da müzakirə olunan mövzulardandı. Yazı ətrafında da xeyli mübahisə etdik. Bu mübahisənin qızğın məqamında şəklimizi çəkmək istəyən başqa birisinə “bizim şəklimizi bir yerdə görsələr nə baş verdiyini bilirsinizmi? Məni də “satqın”lar siyahısına salacaqlar”-, dedi. Düz deyirdi. Onun da bu siyahıya düşməsi üçün bir neçə saat bəs edərdi. Tutaq ki, mən və ya elə şəklimizi çəkmək istəyən həmin şəxs o şəkli “Facebook” şəbəkəsində yerləşdirsəydi, bolşevizmin əsl mərəkəsi başlayacaqdı. Çətini həmin şəkli kimlərinsə görməsinə qədər idi. Bəlkə də yeni “satqın” tapıldığı üçün sevinənlər də olacaqdı...

Elə buradan da maraqlı suallar ortaya çıxır. İnsanları, özünü, sözünü dərk edən şəxsləri belə bolşevik düşüncəsi ilə təhdid altında saxlayanlar demokrat ola bilərmi görəsən? İllərlə davası döyülən demokratiya budurmu? Tənqid edənləri təhqir etdirməkdirmi demokratiya? Belə demokratiyadan Allah saxlasın. Bu demokartiya ilə millətin min bir əzabla qurduğu cəmiyyət qan davası kimi köhnə adətlərə belə qaytarılar ki!!
Demokratiyadan danışanda demokrat olmağı bacarmaq gərəkdir. Təəssüf ki, müxalifətin qaragüruhçu kəsimi hələ də əməllə şüarın vəhdətinə nail ola bilməyib. Bolşevizm daha şirin gəlir onlara...